UNESCO-nun beynəlxalq jurnalında Bakının memarlıq irsi ilə bağlı məqalə dərc olunub

post-img

UNESCO-nun "Memarlıq, Abidələr və Şəhərsalma" beynəlxalq elmi jurnalında Astanadakı Türk Akademiyasının (TA) prezidenti, akademik Şahin Mustafayevin tanınmış Azərbaycan tədqiqatçısı, professor Cəfər Qiyasi ilə birgə "Bakı Divarlı Şəhər, Azərbaycan" adlı məqaləsi dərc olunub. 

TA mətbuat xidmətinin verdiyi məlumata görə məqalə şəhər mühitinin və regionun memarlıq ənənələrinin minilliklər boyu davam edən təkamülünü əks etdirən nadir mədəni fenomen olan qədim və orta əsrlər Bakısının tarixinə və memarlıq irsinə həsr olunub. Müəlliflər Bakı qalasının əsrlər boyu davam edən təkamülünü izləyir. 

Məqalədə qeyd olunur ki, Azərbaycanın paytaxtı, Xəzər dənizindəki ən böyük liman olan Bakının taleyi Xəzər dənizi ilə ayrılmaz şəkildə bağlı olub, indi də elədir. Yazılı tarixi mənbələrdə əsrlər boyu təbii qazların yerdən çıxması və yanması Bakının fərqli bir xüsusiyyəti kimi göstərilib,  oda sitayiş edən qədim xalqların nəzərində xüsusi bir müqəddəslik daşıdığı qeyd edilib.

Bakı qədim İpək Yolu üzərində yerləşən bir şəhərdir və  şəhərsalmanın təkamülü və şəhərin memarlıq görünüşü Bakının əsrlər boyu keçdiyi inkişaf mərhələlərini əks etdirir.

Məqalədə şəhərin tarixi mərkəzi, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş İçərişəhərin əsasını təşkil edən şəhər quruluşu, hörgü texnikaları, planlaşdırma yolları və dekorativ elementlərin ətraflı təhlili verilir. Tədqiqatda, həmçinin, Bakı memarlığı Xəzər sahili mühitinin xüsusiyyətləri və əsrlər boyu şəhər quruluşunu formalaşdıran iqtisadi proseslər-ticarət, sənətkarlıq və neft hasilatı ilə müqayisə edilir. Materialda əsas diqqət Qafqaz və Türk dünyası mədəniyyətlərinin qarşılıqlı təsirinə yönəldilib. 

Müəlliflər yerli Azərbaycan ənənələrinin, İslam ornamental naxışlarının, kompozisiya texnikalarının, Osmanlı istehkam elementlərinin və  Avropa memarlığının şəhərin görünüşündə bir-biri ilə məharətlə uzlaşdığını nümayiş etdiriblər. 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Astana 

 

 

 

 

 

 

Mədəniyyət