“Dünya əlifbası”nın üstünlükləri
Ulu öndər Heydər Əliyev ana dilimizin tətbiqi imkanlarının genişlənməsinə hər zaman diqqətlə yanaşıb. Hələ sovet dönəmində bütün maneələrə baxmayaraq, Azərbaycan dilinin respublikamızda rəsmi dövlət dilinə çevrilməsinə və bunun Konstutusiyada təsbit edilməsinə nail olub.
Azərbaycan dili əsrlər boyu mürəkkəb tale yolu keçib, zaman-zaman ərəb, fars, rus dillərinin təsirinə məruz qalıb. Amma ötən əsrin sonlarında ictimai-siyasi formasiyanın dəyişməsi, dövlət müstəqilliyinin əldə edilməsi ilə həmin buxovlardan xilas imkanı yaransa da, ilk vaxtlarda məhdud rus kiril əlifbasından dünyaya böyük pəncərə olan beynəlxalq latın qrafikasına keçidin mütəşəkkil aparılmaması da bir fakt idi. Odur ki, Ümummilli lider dil siyasətinin konkret şəkildə müəyyənləşdirilməsi məramı ilə 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” önəmli fərman imzaladı. Bu, həm də prinsipial ideologiya məsələsi idi. Dünya yazı arenasına rahat çıxış, dilimizin daha geniş tətbiqi, xaricdə yaşayan soydaşlarımızla milli-mənəvi körpünün möhkəm dayaqlar üzərində qurulması demək idi. Həmin sənəddən irəli gələn vəzifələrin kompleks səviyyədə yerinə yetirilməsi amalı ilə bütün bilik və bacarıqlar səfərbər edildi. Sözügedən fərmanla dil haqqında Qanunun hazırlanması, latın qrafikasının tətbiqi, Azərbaycan dilinin tədrisini daha da yaxşılaşdırmaq üçün təhsilin keyfiyyətinin artırılması kimi tələblər irəli sürüldü və icrası nəzarətə götürüldü.
Mütərəqqiliyi şübhə doğurmayan latın qrafikasına keçidi müqəddəs vətəndaşlıq borcu sayan Ulu öndər bunu dilimizin sərbəst inkişafı üçün münbit zəmin kimi dəyərləndirirdi. Əlaqədar qurumlar dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin nəticələrinin aradan qaldırılmasına mobil tərzdə cəlb olundu. Xatırlayırıq ki, tanınmış dilşünas alim Nizami Cəfərov o zaman həmin fərmanın məziyyətini belə dəyərləndirdi: “Azərbaycan dilinin tarixində hələ ona (Azərbaycan dilinə) bu səviyyədə qiymət verən ikinci bir rəsmi sənəd olmamış, Azərbaycan dilinin tarixi əsasları heç bir elmi mənbədə bu qədər aydın şəkildə verilməmiş, onun müasir vəziyyəti barədə bu qədər mükəmməl təsəvvür yaradılmamış, inkişaf problemləri haqqında bu qədər sistemli şəkildə bəhs edilməmişdir”.
Məhz bu fərmandan bir qədər sonra – 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alındı və əməli olaraq reallaşdı. Çox keçmədən, 2001-ci il avqustun 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında” fərman da imzalandı.
Heydər Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında dil, ədəbiyyat məsələlərinə daim xüsusi diqqət göstərilir. Müasir beynəlxalq münasibətlər şəraitində ana dilini həm inkişaf etdirmək, həm də qorumaq, həqiqətən, çox əhəmiyyətli məsələ kimi daim qabardılır. 12 yanvar 2004-cü ildə dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamla bir vaxtlar kiril əlifbası ilə çap olunmuş qiymətli ədəbiyyat nümunələrinin latın qrafikasında yenidən kütləvi şəkildə nəşr edilməsi qərara alındı və gerçəkləşdi. Bütün kütləvi kitabxanalara və elm-təhsil müəssisələrindəki kitabxanalara latın qrafikası ilə çıxan poliqrafik nəşrlərin alınması üçün zəruri vəsait də ayrıldı. Beləliklə, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir dövrdə təbliğ etmək və gələcək nəsillərə çatdırmaq imkanı genişləndi.
Bu gün artıq 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” kimi nəşr seriyaları, klassiklərin külliyyatları milli kitabxana fondunu xeyli zənginləşdirib. Əlifba islahatları sayəsində ana dilimiz milli-mədəni tamlığın simvoluna çevrilib.
Sonrakı mərhələdə – 2013-cü ildə Prezident “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiq etdi. Burada hansı işlərin görülməli olduğu proseslər dəqiq müəyyənləşdirildi. Müvafiq nazirliklərə, komitələrə, elmi idarələrə illər və tarixlər göstərilməklə konkret tapşırıqlar verildi. Əlbəttə, ən mühüm cəhət dövlət səviyyəsində ana dilinə, dövlət dilinin tətbiqinə təəıssübkeş münasibət məsələsidir. Bu nümunə göstərir ki, dövlətimiz həqiqətən xalqın arzuları, idealları ilə yaşayan bir dövlətdir.
Latın qrafikasına keçidin bir mühüm üstünlüyü də budur ki, əvvəllər ərəb, sonra kiril əlifbasından istifadə üzündən dilimizin qrammatik xüsusiyyətləri, hətta tələffüz özəllikləri də müəyyən təhriflərə məruz qalırdı. Buna qarşı mübarizə baxımından yabançı dil intonasiyaları da aradan qaldırılır.
Ə.ƏLİYEV
XQ