Göy üzünün şeiriyyəti

post-img

Bu görüşdə Vaqif Bayatlı Odəri onun ruhsal poeziyası təmsil edirdi

Dənizin ortasında bir xəyal -
ya o bizim gözümüzə görünür,
ya biz onun.

Azərbaycan poeziyasının yetişdirdiyi bənzərsiz şairlərdən olan Əməkdar incəsənət xadimi Vaqif Bayatlı Odər bizi beləcə, tilsimə, ovsuna salır. Bu şeir xəyal quran insanların şeiridir. 3 misralıq şeirin dalğası insanı silkələyir, içində ruhi təlatümlər baş qaldırır. 

Dünya gözümdə söndükcə 
Sən görünürsən, İlahi...

Bir də uzun illərdən bəri dilimin altında həb kimi gəzdirdiyim bu misralar... Onun poeziyasının ruhunu təyin etməyə çalışsaq, burada ilk söz tarixilik olmalıdır. O, türkün tarixin başlanğıcındakı ruhunu ifadə etməyə çalışan bir ozandır. Onun qələmindən çıxmış bütün şeirlər göy üzünə yazılanlardır. Onun şeirləri nəsillər arasında bir sevgi bağıdır. Bircə şeirini oxuyan kəs o sevgiyə “yoluxur”, şeirin enerjisi, dalğası oxucunu yerlə göyün arasındakı sevgi qatında saxlayır. Bu sirri onu seçilmişlərdən edən Tanrıdan savayı bir kimsə aça bilməz. 

Vaqif Bayatlı sözün hardan gəlib-hara getdiyini, dolanbaclarını, kökünü, şaxələrini görür. Sözün sevincini də, kədərini də, hətta yuxusunu da görməyi bacarır. Sözün yuxusunda Göy üzü ağappaq vərəqdi, şair o “vərəqlərə” xətt salır... 

Bu günlərdə göy üzünə yazılan şeirlərin müəllifi söz xiridarlarını bir yerə toplamışdı. Beynəlxalq Muğam Mərkəzində, sözün əsl mənasında, poeziya bayramı yaşandı. Şairin “Türkün şərəfli oğlu”, “­Göy üzünə yazılanlar”, “Göy üzüylə ­söhbətlər” və “Biblioqrafiya” kitablarının təqdimatı, eləcə də “Ölənədək sevmək azdır” adlı konsert proqramına görkəmli ədəbiyyat adamları, ictimai xadimlər və şairin pərəstişkarları toplaşmışdı. Hər kəsin gözü şairi axtarırdı. Mərasimin aparıcısı – şair Fərid Hüseyn Vaqif Bayatlı Odərin yaradıcılıq yoluna geniş nəzər saldı. 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar şair haqqında fikirlərini belə ifadə etdi:

– Vaqif Bayatlı Odər mənim ən sevdiyim şairlərdəndir. Vaqif müxtəlif təxəllüslərlə yazsa da, mənim yaddaşımda Vaqif Cəbrayılzadə kimi qalıb. Onun yaradıcılığının ən gözəl tərəfi odur ki, o, oxucuyla təkcə özünün deyil, həm də başqasının sevincini bölüşür.

Anar müəllim çıxışında “Vaqif özü burada olmasa da...” ifadəsini işlədəndə zalda bir təəssüf dalğası dolaşdı. Şair səhhətinə görə öz yaradıcılıq gecəsinə gələ bilməmişdi. Amma poeziyası zala hakim kəsilmişdi. Dillər əzbəri olan şeirləri səslənəndə zalı alqış sədaları bürüyürdü. Bakı Bələdiyyə Teatrının aktyorları Tural Əhməd və Sabirə Rüstəmlinin ifasında səslənən şeirlər hər kəsi bu bənzərsiz poeziyanın havasına kökləyirdi. Şair oxucularını öz şeirləri ilə salamlayırdı. 

Xalq yazıçısı, akademik Kamal ­Abdulla:

– Vaqiflə mənim 45 illik tanışlığım var. Onu ilk dəfə tanıyanda diqqətimi çəkən ilk şey səsi oldu. Öz şeirini avazla səsləndirə bilən çox az şair var, onlardan biri də Vaqifdir. Mənim üçün o, ən metafizik şairdir – onun şeirlərində 2 üstəgəl 2 heç vaxt 4 eləmir, hər dəfə fərqli nəticə doğur.

Millət vəkili, yazıçı Aqil Abbas:

– Vaqif Bayatlı Odər qeybdən gələn istedaddır, səsi də elə qeybdən gəlir. O, mənim gənclik və ədəbiyyatda inqilab dostumdur.

Xalq şairi Sabir Rüstəmxanlı:

– Vaqif Bayatlının dili türkcəmizin Dədə Qorqud və Füzuli işığına bürünmüş bir səviyyəsindədir. 

Mətbuat Şurasının sədri Rəşad ­Məcid:

– Vaqif Bayatlı Odərin şeirləri hər zaman mənim yol yoldaşım olub. Onun ilk şeirləri çap olunanda bizə həm qəribə, həm də maraqlı gəlirdi. Bu gün də həmin şeirlər oxuculara ilk gündəki kimi təsir edir, – dedi və şairin bir neçə sevilən şeirini söylədi. 

Şair Şəhriyar del Gerani çıxışında Vaqif Bayatlı Odərin Azərbaycan ədəbiyyatında məktəb yaratdığını, özündən sonra gələn ədəbi nəsillərə örnək olduğunu söylədi və şairin “Qardaşımın üzü köməyim olsun” şeirini söylədi. 

Müğənnilərdən Zabitə Əliyevanın, Bəyimxanım Vəliyevanın, Ayşən Mehdiyevanın ifalarında Xanım İsmayılqızının şairin sözlərinə yazdığı mahnılar səsləndi. 

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov Vaqif Bayatlı Odərin ədəbiyyatımız qarşısındakı xidmətlərindən danışdı və nazirlik adından Vaqif Bayatlı Odər üçün yazılan diplomu şairin həyat yoldaşı ­Tamam Bayatlıya təqdim etdi.

Sonda Tamam xanım qonaqlara və tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi. Vaqif Bayatlının özü və sözü kimi qeyri-adi keçən bu görüş beləcə yaddaşlara yazıldı. 

Kənan HACI, 
yazıçı-publisist 

 



Mədəniyyət