3 əsr əvvəl (1736–1747-ci illərdə) hakimiyyətdə olan, “Şərqin Napoleonu” və ya “İkinci Makedoniyalı İskəndər” kimi rəğbətləndirilən türksoylu Əfşarlar sülaləsinin banisi Nadir şah haqqında yazılmış “Tarixi-Nadir” kitabının orijinal nüsxəsi Masallı rayonunun Ərkivan qəsəbə sakini, din xadimi Hacı Həmid Məmmədovun evində qorunub saxlanır.
Zamanında Azərbaycan, İran, Türküstan və Hindistanda hökmranlıq etmiş Nadir şahdan fars dilində bəhs edən bu nadir kitabın əsl adı “Kitabi tarixi cahənkəşan məşhur və Tarixi Nadir”dir. Hicri-qəməri tarixi ilə 1272-ci ildə (1851) çap edilib. Müəllifi Mirzə Mehdi xandır, Molla Saleh adlı şəxsin emalatxanasında yığılıb və Əmir Yusif Milani tərəfindən qələmə alınıb. Kitabda 3 möhür var, bunlar Şahın, kitabı çap edən emalatxananın və müəllifin möhürləridir.
Böyük bəstəkar Üzeyir Hacıbəylinin məşhur ”O olmasın, bu olsun” operettasında Məşədi İbadın dediyi “Mən özüm
“Tarixi-Nadir” kitabını yarıya qədər oxumuşam, amma sənin dediyini anlamıram. Bu bisavadlar neyləsin?” ifadəsi də məhz sözügedən kitabdan qaynaqlanır. Məsələ burasındadır ki, Məşədi İbadın bu sözləri sonradan məşhur zərb-məsələ çevrilib. Adətən, adamlar nəyisə anlamayanda bu cümləni işlədirlər. Əksəriyyət də “Tarixi-Nadir”in 3 səhifədən ibarət olduğunu zənn edir. Amma elmi mənbələrdən bilindiyi və Hacı Həmidgildə olan nüsxədən göründüyü kimi, bu kitab nə az–nə çox, düz 147 səhifədən ibarətdir.
Bu da var ki, dahi Üzeyir bəy operettada tamam ayrı məsələlərə toxunub. Belə ki, o “Tarixi-Nadir”i yarıyacan oxumağı deyəndə heç də əsərin həcmini nəzərdə tutmur, sadəcə, bununla Məşədi İbadın köhnəlik qalığı olduğunu göstərirdi. Çünki “Tarixi-Nadir”i oxumaq bir zamanlar yalnız köhnəliyin əlaməti sayılırdı.
...Telefon söhbətimizdən sonra bizi Ərkivana dəvət edən Hacı Həmid kitabı göstərərək dedi ki, bunu onlara 47 il əvvəl qonşu Bədəlan kəndindən olan yaşlı bir kitab təmirçisi satıb və atasından qalan miraslardandır.
– 2009-cu ildə məlum olub ki, “Tarixi-Nadir” orijinal nüsxədir, – deyə o bildirdi. – Həmin il Həcc ziyarətindən yenicə qayıtmışdım. Radio kanallarından birində “Din və cəmiyyət” mövzusunda müzakirə gedirdi və mən də müsahibə verirdim. Söhbət vaxtı bir söz işlətdim. Xanım aparıcı da qeyri-ixtiyari olaraq “Mən “Tarixi-Nadir” kitabını yarıya qədər oxumuşam, dediyinizdən heç nə anlamadım” cümləsini işlətdi. Məndə o kitab olduğuna və axıra qədər oxuduğuma görə soruşdum ki, “Tarixi-Nadir” kitabı neçə səhifədir?” Aparıcı 3 səhifə olduğunu bildirdi. Bu dəfə ona başqa sualla müraciət etdim: “Xanım, siz şah olsaydınız, bir çox ölkəni fəth etsəydiniz, haqqınızda cəmi 3 səhifəlik kitab yazılmasına razı olardınızmı?”. Xanım “Əlbəttə, yox” – dedi”. Ona bildirdim ki, həmin kitabın nüsxəsi məndə var və 147 səhifədir...
Bir müddət sonra isə AMEA-dan Ərkivana – Hacı Həmidgilə bir komissiya gəlib. Kitabın əsl nüsxə, yəni orijinal olması təsdiq edilib və ondan sonra da “3 səhifəlik “Tarixi – Nadir” kəlməsinin yanlışlığı təsdiqlənib.
Farsca bilməsək də, kitaba maraqla baxdıq və xatırladıq ki, alimlər rəylərində “Tarixi-Nadir”in qəliz ibarələrlə dolu çətin yazı üslubu olduğunu bildirirlər. Mirzə Mehdi xan Nadir şahın bütün döyüşlərini, islahatlarını, məktublarını və digər bu kimi nəsnələri tam dəqiqliyi ilə salnaməyə köçürüb. Lakin nə səbəbdənsə, bəzi tarixlərdə təhriflərə yol verib. O da vurğulanır ki, bəzi nüsxələrdə miniatürlərdən də istifadə edilib. Onu dilimizə çevirmək elə də asan deyil. Bu fikir AMEA-nın Əlyazmalar İnstitutunun direktor müavini işləmiş mərhum Paşa Kərimovun (şair Əli Kərimin oğlu) 2014-cü ildə verdiyi müsahibədə də təsdiqlənir: “İnstitutumuzda o kitabın nüsxələri çoxdur. Nəstəliq, nəfisi xətləri ilə yazılanları da var. Bu əsəri dilimizə çevirmək o qədər də asan deyil. Çünki “münşaat dili” deyilən bir anlayış var. Bu, həm də orta əsrlər Şərq nəsrinin dili kimi qəbul olunub. Əsər o üslubda yazılıb”.
Bəli, bir vaxtlar çoxumuz arzu edirdik ki, çətin də olsa, “Tarixi-Nadir” əsəri Azərbaycan dilinə tərcümə olunsun. Bu, nəhayət, ötən ildə baş tutdu və kitabın 1-ci hissəsi İbrahim Quliyevin tərcüməsində və Rəna Məmmədovanın elmi redaktorluğu ilə “Elm və təhsil” nəşriyyatında çapdan çıxdı. Hazırda 2-ci hissə nəşrə hazırlanır. Ölkəmizin tarixi ilə bağlı maraqlı məlumatların da yer aldığı (o cümlədən İrəvan xanlığının Azərbaycanın tərkibində olması və s.) kitab tarixçilər və geniş oxucu kütləsi üçün misilsiz mənbədir. Orijinal nüsxələri isə yenə də eyni qayğı ilə qorunur.
Əli NƏCƏFXANLI
XQ