Azərbaycanın zəngin tarixi və mədəni irsini dünyaya tanıdan “İRS-Heritage” jurnalının yeni nömrəsi nəşr olunub.
Jurnalın baş redaktoru Musa Mərcanlının giriş məqaləsində Azərbaycanın mədəni irsinin qorunması və beynəlxalq ictimaiyyətə təqdim olunmasının əhəmiyyəti vurğulanır. Bu nömrədə yer alan yazılar Azərbaycanın tarixən formalaşmış mədəni irsinin qorunması və dünyaya tanıdılması istiqamətində görülən işlərə xüsusi diqqət ayırır.
Jurnalın yeni nömrəsində gedən məqalələr arasında ikisi diqqəti cəlb edir. Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun “Azərbaycanın birgəyaşayış ənənələri” sərlövhəli məqaləsində ölkəmizdə müxtəlif etnik və dini qrupların sülh içində birgə yaşama təcrübəsi və multikulturalizm ənənələri təhlil olunur.
“Xudavəng monastırı: tarixi faktlar və saxtakarlıqlar” – Azərbaycanın qədim alban irsinin qorunması və bəzi dairələrin bu tarixi saxtalaşdırmaq cəhdlərinə qarşı aparılan tədqiqatlar işıqlandırılır. Müəllif tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovdur.
“İRS” jurnalının ingilis dilində dərc olunan bu nömrəsində oxucular Azərbaycan tarixi, etnoqrafiyası, rəngkarlığı, turizm potensialı haqqında bir-birindən maraqlı yazılarla da tanış ola biləcəklər.
Həmişəki kimi, jurnalın bu nömrəsi də Azərbaycanın zəngin tarixini, incəsənətini və elmi nailiyyətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır.
XQ