Azərbaycan alimləri Özbəkistanda beynəlxalq konfransda iştirak ediblər

post-img

Daşkənddəki Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin Tarix fakültəsinin təşəbbüsü ilə “Tolerantlıq sülhün zəmanəti, vətəndaşlar arasında həmrəylik, millətlərarası və dinlərarası sabitlikdir” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.  

Böyük özbək tarixçisi Raxbarxon Murtazayevanın anadan olmasının 75 illiyinə həsr edilən konfransda Özbəkistandan başqa Fransa, İran, İsrail və qonşu ölkələrin alimləri iştirak edib. 

Konfransda Türk dövlətlərinin tarixinin öyrənilməsi sahəsində görülən işlər, ölkələr arasında tarix üzrə informasiya mübadiləsinin aparılması, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə olunub. 

Tədbirdə Azərbaycan Texniki Universitetinin Humanitar Fənlər kafedrasının professoru, fəlsəfə elmləri doktoru Əyyub Kərimov “Multikulturalizm və tolerantlıq: Beynəlxalq münasibətlərin ikili standartları konteksində problemlər və perspektivlər”, Sumqayıt Dövlət Universitetinin Mühasibat və iqtisadiyyat kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Dilarə Əmiraslanova “XXI əsrdə tolerantlığın iqtisadi əhəmiyyəti və tolerantlığın Azərbaycan iqtisadi modeli”, Gəncə Dövlət Universitetinin ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Səidə İsmayılzadə “Türk xalqlarının birliyi:tolerantlıq və həmrəyliyin mədəni tərəfləri” və müstəqil tədqiqatçı İsmayıl İsmayılzadə “İslam tolerantlığı dinlərarası və millətlərarası sabitliyin əsasıdır” mövzularında  məruzələr ediblər. 

Azərbaycan alimlərinin məruzələri maraqla qarşılanıb. 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

 

 

 

 

 

 

 







Mədəniyyət