Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy-Roq şəhərində Novruz bayramı münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radası Krivoy-Roq şəhər təşkilatının keçirdiyi tədbirdə şəhər meriyasının rəhbərliyi, şəhər Şurasının deputatları, diaspor fəalları, ictimaiyyət nümayəndələri, media təmsilçiləri iştirak ediblər.
Tədbirdən öncə iştirakçılar Azərbaycan-Ukrayna dostluğunu tərənnüm edən rəsm sərgisi ilə tanış olublar. Sərgidə uşaqların 40-dək rəsm əsəri nümayiş edilib. Sərginin qalibləri mükafatlandırılıb.
Sonra Krivoy-Roq şəhərində Azərbaycan diasporunun rəhbəri Kəmaləddin Ağayev çıxış edərək bildirib ki, ən çox hava hücumlarına məruz qalan şəhərlərdən biri olan Krivoy-Roqda Novruz bayramının qeyd edilməsi Ukraynada yaşayan soydaşlarımızın birliyinin, adət-ənənələrimizin xarici ölkələrdə təbliğinin göstəricisidir.
“Bu gün milli kimliyimiz, tariximiz, mədəniyyətimiz Ukraynada layiqincə təbliğ edilir. Diaspor fəallarımızın Ukraynanın çətin günündə bu tədbiri keçirməsi xalqımızın birliyinin rəmzidir. Novruz bayramı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun şücaəti nəticəsində işğaldan azad olunmuş Azərbaycanın bütün suveren torpaqlarında, o cümlədən Xankəndidə, Xocalıda, Şuşada, Ağdərədə qeyd edilir. Bu, xaricdə yaşayan soydaşlarımıza daha çox güc verir”, - deyə diaspor rəhbəri əlavə edib.
Tədbirdə şəhər merinin vəzifəsini icra edən Yuri Vilkul bildirib ki, Azərbaycan diasporu Krivoy-Roq şəhərinin ictimai həyatında fəal rol oynayır. Müharibə şəraitinə baxmayaraq, bu gün də Azərbaycanın diaspor fəalları ukraynalılarla çiyin-çiyinə dayanaraq, öz humanitar missiyalarını uğurla davam etdirirlər. Novruz bayramının bu şəhərdə keçirilməsi artıq ənənə çevrilib və bu da Azərbaycan diasporunun fəallığının göstəricisidir.