Tacikistanda “Nizami və dünya ədəbiyyatı” mövzusunda tədbir keçirilib

post-img

Tacikistan Aqrar Universitetinin (TAU) təşəbbüsü ilə “Nizami və dünya ədəbiyyatı” mövzusunda tədbir keçirilib.

Universitetin rektoru tədbiri giriş sözü ilə açaraq böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məlumat verib, onun Şərqin ən böyük şairləri ilə bir sırada durduğunu vurğulayıb.

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov tədbir iştirakçılarını salamlayıb, dünya ədəbiyyatında görkəmli yer tutan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi ilə bağlı tədbirin təşkilinə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib.

Səfir çıxışında Nizami Gəncəvinin “Xəmsə”sinin dünya ədəbiyyatının inciləri sırasına düşdüyünü bildirib. Nizaminin əsərlərinin Azərbaycan ədəbiyyatının zəngin xəzinəsində özünəməxsus yer tutduğunu qeyd edən səfir dahi yazıçı və şairlərin Nizami Gəncəvi haqqında söylədikləri fikirlərdən nümunələr gətirib.

Səfir Nizami Gəncəvi dühasının hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olduğunu, ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görüldüyünü, kitablarının nəfis tərtibatda və kütləvi tirajla nəşr edildiyini bildirib. Diplomat deyib ki, mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsinin, Bakıda, Sankt-Peterburqda, Minskdə, Romada və başqa şəhərlərdə abidələrinin ucaldıldığını, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun və Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Nizami Gəncəvinin adını daşıdığını, Böyük Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi Mərkəzinin uğurla fəaliyyət göstərdiyini vurğulayıb. Səfir Nizami Gəncəvinin yubileylərinin ölkəmizdə təntənə ilə keçirildiyini, Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyevin Nizami irsinə  xüsusi diqqət yetirdiyini, onun təşəbbüsü ilə 1979-cu ildə qəbul olunan “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərarın Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açdığını bildirib.

Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar Azərbaycan Prezidentinin Sərəncamına əsasən 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsini qeyd edən səfir dahi Azərbaycan şairinin Tacikistanda da sevildiyini və onun yaradıcılığına böyük ehtiram bəsləndiyini söyləyib.

Səfir Nizami Gəncəvinin səfirlik tərəfindən tacik dilinə tərcümə edilən “Xəmsə”sini, həmçinin Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyev və Şuşaya həsr olunmuş kitabları universitetin kitabxanasına hədiyyə edib. 

Sonra çıxış edənlər Nizami Gəncəvinin dühası haqqında söhbət açıblar. 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Düşənbə

 







Mədəniyyət