Təbiətin şeiriyyəti və qüdrəti

post-img

Maraqlı ekspozisiyaları ilə tanınan “Qazelli Art House” rəsm qalereyası “Paralel dünyalar” adlı qrup təqdimatına evsahibliyi edir. Sərgi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri Konfransı (COP29) çərçivəsində təşkil olunub.

Sərginin kuratoru Nərminə Ramazanova yerli və əcnəbi rəssamların əl işləri barədə maraqlı və dolğun məlumatlar verərək burada nümayiş olunan əsərlərlə bizi yaxından tanış etdi. Bildirdi ki, sərginin məqsədi işıq və səs instalyasiyaları natural və süni yaradıcılıq anlayışlarını bir-birindən fərqləndirmək, mövzuya dair fikir mübadiləsi aparmaqdır.

Qalereyanın 3 mərtəbəsində Azərbaycan və Latviya rəssamlarının orijinal təbiət kompozisiyaları təqdim olunur. Rəssam Elnarə Nəsirlinin ağac gövdəsindən düzəldilmiş “Mənim kimi nəfəs al” adlı heykəltəraşlıq əsəri elektron bitki siqnalları ilə proqramlaşdırılıb. Bu ağacdan eşidilən musiqi səsi sanki insan nəfəsini xatırladır. COP29 ilə əlaqədar olaraq Latviyanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq nəticəsində yaranan “Pıçıldayan meşə” adlı tablo da maraq doğurur. Hər iki ölkədən toplanmış quru ağacları bir araya gətirən bu əsərə yaxınlaşdıqca yumşaq pıçıltıya bənzər səslər eşidilir. Bu mənzərə vasitəsilə insanlar bitkilərin gözəlliyini dərindən duyurlar. Xüsusi qulaqcıqlar tablolardan bizə ötürülən musiqi siqnallarını və səsləri dinləməyə imkan verir.

Sərgidə nümayiş olunan digər əsərlərə də baxdıq. Latviyalı Nay Tompsonun “Rəsm səyahətdir”, “Ada haqqında”, Kris Levinin “Narıncı” və “Çəhrayı”, “Həqiqət həndəsəsi” rəsm əsərləri silsiləsindən hazırlanmış, led işıqlar və svarovski qaşlarla bəzədilmiş müxtəlif həndəsi fiqurlar insanların Yer kürəsi ilə vəhdət təşkil etdiyini – qarşılıqlı əlaqədə olduğunu göstərir. Bu rəssamlar əsərlərində insanın təbiətlə təmasını incə şəkildə əks etdirmək üçün müxtəlif texnologiya üsullarından faydalanıblar. Yaradıcı kollektiv, həm də belə layihələrlə ekoloji böhranla aparılan mübarizəyə öz töhfəsini verib. Kollektivin birgə yaratdığı “Torpağın poetikası” adlanan silsilə əsərlər vizual və səs texnikaları vasitəsilə insanların düşüncə hüdudlarını genişləndirir, hissi qavrayışlar yaşadır.

Nay Tompsonun “Ada haqqında” instalyasiyası tamamilə “Google Earth” proqramı vasitəsilə yaradılmış təsvirlərdən ibarətdir. Vizual tabloda Britaniya dəniz sərhədləri canlandırılıb.

Rəssam Kris Levinin əsərlərində isə işığın xassələrini və mexanikasını forma, müstəvi və rəng vasitəsilə görmək mümkündür. Bu üslub tezlik və titrəyiş üzərində qurulub. Çəhrayı və narıncı ultrabənövşəyi rənglərlə boyanmış iri dairələr akustik linzanı xatırladır, yerləşdikləri məkanı fərqli göstərir, kosmosla insan arasında əlaqə yaradır. “Həqiqət həndəsəsi” rəsm əsərləri silsiləsindən ibarət müxtəlif ölçülü fiqurlar isə işıq tezlikli lazerlə kağız üzərinə həkk olunub.

Ekspozisiyada nümayiş olunan əsərlər sırasında “Portal” adlı plastik tordan hazırlanmış fiqurlu heykəllər də yer alır. Ziyarətçilər heykəl ətrafında qoyulmuş kiçik dairəvi stullarda əyləşərək gələcəyə virtual səyahətə çıxa, təxəyyül gücünü inkişaf etdirə bilərlər.

Sərgi gələn il yanvarın 31-dək davam edəcək. Giriş sərbəstdir.

Xatırladaq ki, 2010-cu ildə Mila Əsgərovanın təsis etdiyi “Qazelli Art House” müxtəlif sərgilər, tədbirlər və incəsənət yarmarkaları vasitəsilə öz yaradıcılığının zirvəsində olan yerli və əcnəbi rəssamları dəstəkləyir. Qalereya nümayiş olunan əsərlərlə Azərbaycan və qonşu ölkələri bir-birinə bağlayan zəngin dil, din və tarixi əlaqələri beynəlxalq auditoriyaya daha əhatəli təqdim etməyə çalışır. Qalereyanın piar meneceri və kuratoru isə Vəfa Qədirovadır.

F.HÜQUQQIZI,
Elşən AĞALAROV (foto)
XQ













Mədəniyyət