Dünən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ali məktəbin və ölkənin media qurumlarının rəhbərlərinin iştirakı ilə “Xalq qəzeti”nin debat otağının açılışı oldu.
Qonaqları salamlayan BDU-nun rektoru Elçin Babayev rəhbərlik etdiyi ali məktəbdə kadr hazırlığının günün tələblərini cavablandırılması üçün gerçəkləşdirilən yeniliklər barədə məlumat verdi. O bildirdi ki, çağdaş dünyada informasiya müharibəsi aparıcı trendlərdən birinə çevrildiyindən ölkənin jurnalist kadrları hazırlayan əsas mərkəzi olan BDU-da bu təhsilin forma və məzmunca yeniləşdirilməsi peşəkar media qurumları ilə birgə fəaliyyətdən keçir və bu istiqamətdə növbəti uğurlu addımlar atılıb.
Rektor qeyd etdi ki, bu vaxtadək jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının yaratdığı debat otağı mediada özünüidarəetmə mexanizmi ilə bağlı hüquqi bazanı və mövcud təcrübəni tələbələrə daha dərindən mənimsətmək baxımından üstün imkan yaradır. Azərbaycan Respublikası Media Agentliyinin fakültədəki xüsusi auditoriyası isə dövlətin informaisya siyasətinin məram və məqsədinin, bu mövzunun incəliklərinin yeni nəsil jurnalistlərə çatdırılmasına xidmət edir. Ölkənin canlı çap mediası məktəbi sayılan, 105 yaşlı gündəlik anadilli nəşr olan “Xalq qəzeti”nin debat otağının hədəfi isə sabahın jurnalistlərində yüksək peşəkarlıq vərdişlərinin formalaşdırılmasıdır.
Yaradıcılıq laboratoriyası kimi nəzərdə tutulan debat otağı barədə məlumat verən “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov bildirdi ki, redaksiya ilə fakültə arasında çoxillik sıx əlaqəni məsafəcə qısaldan və keyfiyyətcə yüksəldən bu məxsusi auditoriyada qəzetin təcrübəli əməkdaşları milli mətbuatımızın tarixi təcrübəsi, redaksiya işinin təşkili, jurnalist məharəti, ədəbi redaktə kimi mövzularda praktik məşğələlər keçirəcək. Bundan əlavə, çağdaş mediada gündəm təşkil edən məsələlər ətrafında tanınmış jurnalistlərin tələbələrlə debatları da təşkil ediləcək. İstedadlı tələbələrin qəzetin fəliyyətinə cəld edilməsi ilə onların yaradıcılıq qabiliyyəti inkişaf etdiriləcək. Bilik və bacarığı ilə fərqlənən, ümidverən məzunlar redaksiyada işə qəbul ediləcək.
Mərasimdə “Xalq qəzeti”nin jurnalistika fakültəsi ilə çoxillik fəaliyyət ortaqlığından da söhbət açıldı. Qeyd edildi ki, Azərbaycanda ali jurnalist təhsilinin formalaşdırılmasında qəzetin tanınmış əməkdaşları da fəal iştirak ediblər. Uzun illərdən bəridir ki, redaksiyanın yaradıcı heyətinin əksəriyyətini fakültənin məzunları təşkil edir. Tələbələr davamlı olaraq redaksiyada müxtəlif məzmunlu yaradıcılıq təcrübəsi keçirlər. Jurnalist təhsilinin səviyyəsinin yüksəldilməsi qəzetin də fəaliyyətinə keyfiyyət yenilikləri gətirir. Debat otağı burada keçiriləcək praktik məşğələ, təlim və müzakirələrlə bu əməkdaşlığı daha da zənginləşdirəcək.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, “İki sahil” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevlə BDU-nun mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva çağdaş jurnalist hazırlığında ali təhsillə peşəkar təcrübənin vəhdətinin önəmini vurğuladılar, “Xalq qəzeti”nə və fakültəyə birgə fəaliyyətdə uğurlar arzuladılar.
Debat otağında yaradılmış xüsusi tərtibatla tanış olan iştirakçılar onun işini səmərəli qurmaq üçün rəy və təkliflərini bildirdilər.
Tahir AYDINOĞLU
XQ