Hər dəfə Üzeyir Hacıbəylinin ev-muzeyinə gələndə, sanki dahi bəstəkarın yaradıcılıq dünyasına səyahət edirik. Buraya üz tutan hər bir ziyarətçini, sözün əsl mənasında, qürur hissi bürüyür. Dahi bəstəkarın yaradıcılıq otağından başlanan ilk tanışlıq anındaca adamı sehirləyir.
Otağın divarından asılmış və əqrəbləri 14.00-ı göstərən saat sanki Üzeyir bəyin həsrətini çəkir. Bəstəkarın bu dünya ilə vidalaşdığı vaxtdan bu saat da onun kimi “dünyadan küsüb”. Üzeyir bəyin əli və nəfəsi dəyən hər bir eksponat musiqisevərlər üçün əzizdir. Onun istifadə etdiyi bütün dəyərli əşyaları burada etibarlı şəkildə qorunub saxlanır.
Dahi bəstəkarın yarımçıq qalmış “Azərbaycan” simfonik poemasının yerləşdiyi yaradıcılıq masasının səliqəsi olduğu kimi qalır. Öyrənirik ki, bu, bəstəkarın sonuncu işidir, cəmi 1 səhifəsini nota alıb. Diqqəti cəlb edən sənətkarın frakının – dirijor libasına baxanda Üzeyir bəyin möhtəşəmliyini bir daha hiss edirsən.
Muzeyin ekspozisiya şöbəsinin müdiri Vəfa Bağırzadə bizə digər otaqdakı masaüstü güzgünü göstərərək bildirdi ki, bu güzgü Xurşidbanu Natəvana məxsus olub. Onun nəticəsi Leyla Usmiyeva Üzeyir bəyin vəfatından sonra nənəsinə məxsus güzgünü və çinidən olan aş sinisini muzeyə hədiyyə edib.
Muzeydə qapalı şüşə vitrində saxlanılan sənəd – ovaxtkı SSRİ rəhbəri İosif Stalinin İkinci Dünya müharibəsindən sonra dahi bəstəkara ünvanlandığı minnətdarlıq teleqramı Üzeyir Hacıbəyli şəxsiyyətinə ali hörmətin nişanəsidir. Vəfa xanım dedi: “1944-cü ildə Üzeyir bəy cəbhəyə kömək məqsədilə öz şəxsi vəsaitindən 100 min rubl ayırıbmış ki, o pula bir tank alınsın. Ona görə də Stalin bəstəkarın bu addımını yüksək qiymətləndirib, ona şəxsən təşəkkür teleqramı göndərib”.
Bu muzey vaxtilə qonaq-qaralı bir ev olub. Hər gün burada ən müxtəlif adamlar çörək kəsiblər. Hətta evdə qonaq olmayanda, Üzeyir bəy çox narahat olur, evdəkilərə deyirmiş ki, gedin, məhəllədən keçən nimdaş geyimli kimi görürsəniz, gətirin, qonağımız olsun. O, evinə təşrif buyuran yetimlərin, kasıb insanların qarnını doyurur, imkan dairəsində ciblərinə pul da qoyurmuş. O, tələbələrinə də ata qayğısı göstərirdi.
Belə bir deyim var: “Müxtəlif janrlarda şah əsərlər yaratmaq hünərdirsə, janrın özünü yaratmaq yüz qat hünərdir”. Üzeyir Hacıbəyli nəinki müxtəlif janrlarda ən möhtəşəm əsərlər yaradıb, o, həm də milli musiqimizə tamamilə yeni nəfəs gətirib. Onun elmi-nəzəri məqalələri, “Azərbaycan xalq musiqisinin əsasları” monoqrafiyası milli musiqi elmimizin inkişafına qiymətli töhfədir.
Muzeyin divarlarından asılmış orijinal afişalar da ziyarətçilərə Üzeyir bəyin yaradıcılıq dünyasından xəbər verir. Onun “Ər və arvad”, “O olmasın, bu olsun” və dünyanın 70 dilinə tərcümə edilən, 4 dəfə Azərbaycanda və 1 dəfə Amerikada ekranlaşdırılan “Arşın mal alan” operettasının orijinal tablosunun rəngi heç solmayıb. Muzeydə onu da öyrəndik ki, Üzeyir bəy 10 iri həcmli əsərindən cəmi birinin librettosunu özü yazmayıb. Bu “Koroğlu” operasıdır ki, sözləri dramaturq Heydər İsmayılova məxsusdur. Operadakı şeirlərin müəllifi isə Məmməd Səid Ordibadidir.
Bəstəkarın həyat yoldaşı Məleykə xanım Telequlova tatar qızı olub. İxtisasca rus dili müəllimi olan Məleykə xanım bir neçə il məktəb direktoru vəzifəsində çalışıb. Üzeyir bəyin vəfatından sonra 18 il yaşayan Məleykə xanım ona məxsus bütün əşyaları toplayaraq bir yerə yığıb. Bu gün onun sayəsində bəstəkarın adını daşıyan ev-muzeyində həmin əşyalar ən dəyərli nümunələr kimi ziyarətçilərə təqdim olunur. Muzeydə dahi bəstəkarın vəfatı zamanı çəkilmiş fotolar da ekspozisiyanın bir hissəsini təşkil edir. 1948-ci ildə vəfat edən Üzeyir Hacıbəylinin dəfnində görünməmiş izdiham yaşanıb. Şəkillərdən görünür ki, Mircəfər Bağırov bəstəkarın dəfnində şəxsən iştirak edib...
İnsanı duyğulandıran bu müqəddəs ocağı dolaşdıqca mənən saflaşırsan. Sanki saf əməlləri ilə xalqına başucalığı gətirən bir kişini, sənət fədaisini ziyarət emiş olursan. Anadan olmasının 139-cu ildönümünü qeyd etdiyimiz unudulmaz sənətkar mənsub olduğu millətin qəlbində ən uca zirvəni fəth edib. Yaradıcılığı ilə şəxsiyyəti bir-birini tamamlayan ölməz sənətkara olan sevgi tükənməzdir.
Ceyhun ALIŞLI
XQ