Dahi Üzeyir bəyin musiqisi sərhəd tanımır. 18 sen-tyabr Üzeyir Musiqisi Günü münasibətilə xaricdə də bir sıra tədbirlər keçirilib.
Tbilisi Dövlət Konservatoriyasında da Azərbaycan Milli Musiqi Günü qeyd olunub.
“Alyans Gənclər Mərkəzi”nin təşkil etdiyi gecədə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, konservatoriyanın müəllim və tələbə heyəti, eləcə də alyansın üzvləri iştirak ediblər. Rektor Qeorqi Vaçinkadze Azərbaycan ilə Gürcüstan arasındakı mədəni əlaqələrdən danışıb, bu cür tədbirlərin təşkilini yüksək qiymətləndirib. Rektor Heydər Əliyev Fondu tərəfindən 6 görkəmli Azərbaycan bəstəkarının milli musiqi notlarından ibarət kitabların “Alyans Gənclər Mərkəzi”nin təşəbbüsü ilə Konservatoriyaya təqdim olunmasına görə təşəkkür edib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramiz Hacızadə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə məlumat verib. Bildirib ki, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada dünyaya göz açan Üzeyir Hacıbəylinin doğum gününün və onun xatirəsini yaşadan Musiqi Gününün Tbilisidə qeyd olunması olduqca təqdirəlayiqdir. Bu, eyni zamanda, ölkələrimiz arasındakı münasibətlərin, xüsusən də mədəni əlaqələrin yüksək səviyyədə olduğunu bir daha sübut edir.
Ardınca azərbaycanlı tələbə Mahirə Durmuşova “Çırpınırdı Qara dəniz” və “Ay Laçın”, Ramin Pirməmmədov isə tarda “Ayrılıq” və “Bakı gecələri” mahnılarını ifa ediblər.
Daha sonra “Alyans Gənclər Mərkəzi”nin sədri Leyla Əmrahova və başqaları ürək sözlərini söyləyiblər. Natiqlər Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı, Gürcüstanın mədəniyyət və incəsənət xadimlərinin onun haqqında dedikləri fikirlər, eləcə də Tbilisidə doğulmuş azərbaycanlı musiqiçilər barədə ətraflı məlumat veriblər.
Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən göndərilmiş kitablar konservatoriyanın kitabxanasına təqdim edilib.
XQ