Bu gün Bolnisidə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Zamanın hüdudlarını aşan şəxsiyyət” adlı anım tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə mərkəzin direktoru Rezo Həsənov açıb. Sonra Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Bolnisi rayonunun ziyalıları, müəllimləri və ictimai fəalları çıxış edərək Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsindəki xidmətlərindən, siyasi fəaliyyətindən və dünya azərbaycanlılarının birliyi istiqamətində gördüyü mühüm işlərdən bəhs ediblər. Eyni zamanda, onun Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı söylədiyi dəyərli fikirlər və göstərdiyi diqqət xüsusi vurğulanıb.
Çıxış edənlər arasında Faxralı ictimai məktəbinin müəllimi və Bolnisi rayonunun fəxri vətəndaşı Bayram Abbasov, Kəpənəkçi və Darvaz ictimai məktəblərinin müəllimi Zakir Məmmədov, İncəoğlu məktəbinin keçmiş müəllimi Akif Məmmədov, Darvaz məktəbinin müəllimi Tahirə Əliyeva, Dəllər ictimai məktəbinin müəllimi Natavan Mehdiyeva və həvəskar şair Xasməmməd Cəfərli yer alıblar. Natiqlər Ümummilli Liderin zəngin siyasi irsi və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri barədə öz fikirlərini bölüşüblər.
Tədbirin sonunda mərkəzin könüllüsü Lara İsmayılova xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirib.
Sonda tədbir iştirakçıları və rayon ziyalıları ilə birgə xatirə fotosu çəkdirilib.
P.ƏMİRCANOV
XQ
Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti




