Xatirələrdən boy göstərən korifey

post-img

Ruhunun işığı daima dünyamızı nurlandıran dahi şəxsiyyətin – Üzeyir Hacıbəylini yaxından tanıyan, onunla yaradıcılıq ünsiyyə­tində olan görkəmli adamların–elm və mədəniyyət xadimlərinin, eləcə də bəstəkarın tələbələrinin xatirələrindən onun əzəmətli obra­zı boy göstərir. Üzeyir Musiqi Günü ilə əlaqədar həmin xatirələrin bir qismini təqdim edirik.

Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbül: “Məni bu böyük bəstəkarla Əbdürrəhim bəy Haqverdiyev tanış etmiş­dir. “Əsli və Kərəm” operasında Kərəm rolunda çıxışımın 2-ci günü öz iş otağında məni Üzeyir bəylə tanış etdi. Günlər keçdi, Üzeyir bəyin əsərlərinin qəhrəmanı oldum. Üzeyir bəylə mənim dostluğumun səbəbi onun əsərlərini oxumağım və operalarında baş qəhrəman rolunu oynamağım deyildir. Bizim dostluğumuzun əsası ideya birliyi­dir, Vətənimizə, xalqımıza olan məhəbbə­timizin əks-sədasıdır”. 

Yazıçı M.S.Ordubadi: “Üzeyir ilə tanışlığımız ilk dəfə “Molla Nəsrəddin” məcmuəsi ilə başladı. Günlərin birində müştərək yazılmış bir məktub aldım. Mək­tub Əzimzadə, Üzeyir bəy, bir də o zama­nın satiraçılarından birisi tərəfindən imza­lanmışdı. O məktubda yazılmışdı: “Səid! Təəccüb edirik ki, nə üçün Ordubadda qa­panıb qalmısan. Sən yığışıb Bakıya gəlsən, öz yazılarına çox geniş səhifələr tapa bilər­sən, səninlə yaxından tanış olarıq...” Mən 20-ci ildə Bakıya gəldim. O zaman Bakı ziyalıları və yazıçıları ilə hələ tanış olma­mışdım. Bir az sonra mərhum C.Cabbarlı ilə “Əxbar” qəzeti idarəsində tanış oldum. Üzeyiri görə bilməmişdim. Bir neçə gün­dən sonra məni “Əxbar” qəzetində müdir müavini təyin etdilər. Bu radələrdə Üzeyir­lə 1-ci dəfə üz-üzə gəldim və tanış oldum. Bu görüş də yadımdadır, Üzeyir əlimi sıx­dı və gülümsəyərək dedi: “Daha qorxma, ürəkli ol!...” Üzeyir bəyin əsas xüsusiyyət­lərindən biri də sadə yaşayışı sevməkdən ibarət idi. Mən əvvəlcə, bir çox opera və operettalar müəllifi olan bu mahir bəstə­karın çox dəbdəbəli və təntənəli həyat ke­çirdiyini zənn edirdim. Amma “Koroğlu” operasını yazdığımız bir neçə ilin ərzində fikrimin yanlış olduğunu anladım”. 

Bəstəkar Fikrət Əmirov öz xatirələ­rində qeyd edir: “Dahi bəstəkar mənim fikrimdə elə ilk görüşümüzdən mehriban, qayğıkeş, təvazökar bir insan kimi qalmış­dır. Bu unudulmaz görüşün səbəbkarı bö­yük müğənnimiz Bübül oldu. 1938-ci ildə Bülbül məni konservatoriyaya, bəstəkarın iş otağına aparıb təqdim etdi: “Üzeyir bəy Məşədi Cəmilin yadigarıdır, kompozitor olmaq istəyir”. Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı. O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarət­li münasibətini duydum. Yeri gəlmişkən deyim ki, məni Üzeyir musiqisinin yetir­məsi adlandıranlar var. Bu adla yalnız fəxr edirəm. Mən Üzeyir müəllimdən xalq mu­siqisinin paklığını mənimsəmişəm. Üzeyir musiqisini nə qədər dinləsəm, mənə elə gə­lir ki, ilk dəfədir eşidirəm. Hər dəfə o mənə təzə görünür. Yaşa dolduqca dərk etmişəm ki, nə yaxşı, böyük sənətkarla durub-otur­maq səadəti mənə də nəsib olub, onun unu­dulmaz məsləhətlərini eşitmişəm...” 

Azərbaycanın ilk peşəkar qadın mü­ğənnisi (lirik koloratur soprano) Şövkət Məmmədova: “Onunla ilk görüşümü xa­tırlayarkən, Üzeyirin – öz xalqını sonsuz məhəbbətlə sevən və bütün həyatını ona həsr edən vətənpərvər insanın unudulmaz obrazı qarşısında bir daha baş əyirəm. Mənim Üzeyirlə qəlbimdə dərin iz salmış ilk görüşüm 1912-ci ildə olmuşdur. Bakı­da olduğumdan xəbər tutub, o, məni aradı və taleyimdə yaxından iştirak etdi. Vəsait olmadığı üçün musiqi təhsilimi yarımçıq qoyduğumu eşidən kimi o, dərhal təklif etdi ki, tamaşa təşkil edib, toplanan pulla məni yenidən oxumağa göndərsinlər. Bu səmimi dəqiqələr uzun illər qəlbimdə kök saldı. Tale bizi bir daha görüşdürdü. Bakı­dakı Qadınlar klubunda “Arşın mal alan”­dakı Gülçöhrə rolunda ilk dəfə çıxış edən zaman yenidən Üzeyirlə görüşdüm. Bura­da mən ondan oyunum haqqında ilk xoş rəylər eşitdim. Onun səmimi tərifləri məni həvəsə gətirdi və gələcək fəaliyyətim üçün mənə böyük ruh verdi. Müəllimim, həssas və xeyirxah Üzeyirlə dostluğum bu andan başladı..."

Azərbaycanın ilk qadın bəstəkarı, Üzeyir bəyin tələbəsi Ağabacı Rzayeva: “Mənə müharibə illərində Üzeyir Hacıbəy­linin sinfində oxumaq nəsib olmuşdur. Onun öz təhsil üsulu vardı: bizə, musiqi məktəbi və konservatoriyanın tələbələrinə həyatı dinləməyi, duymağı öyrədirdi. Üze­yir bəyin çox qiymətli bir xüsusiyyətini də qeyd etmək istərdim. O, bizim nəinki yara­dıcılıq inkişafımıza nəzər yetirir, həmçinin həyatımızla, səhhətimizlə də maraqlanırdı. Sinfə girəndə hamını nəzərdən keçirir, bir narahatlıq hiss edən kimi, hökmən səbə­bini soruşurdu. Müəllimimiz, dostumuz, gözəl insan çoxdandır ki, yoxdur. Ancaq onun xatirəsi qəlbimizdə daim yaşayır...”

“Üzeyir müəllim olmasa idi, mən də olmazdım” – bunu xatirələrində xüsusi qeyd edən bəstəkar Şəfiqə Axundova yazıb: “Bugünkü varlığımla, bugünkü müvəffəqiyyətlərimlə mən müəllimimə borcluyam. 1939-cu ildə Üzeyir müəllimin yanına gələrkən məktəbli qız idim, hec bir musiqi təhsilim yox idi. Onun konservato­riyada açdığı hazırlıq kursunda oxumağa başladım. Üzeyir müəllim çox mehriban, səmimi, qayğıkeş, böyük ürəkli bir insan idi... 

Maddi vəziyyətimiz ağırlaşdığından ailəyə kömək etmək üçün 1943-cü ildə mən işə girməli idim. Bu barədə Üzeyir müəl­limə müraciət etdim və o, məni M.F.Axun­dov adına Opera və Balet Teatrına suf-lyorluğa işə düzəltdi. 1944-cü ildə Üzeyir müəllimin himnini müəllifin göstərişi və təklifi ilə filarmoniyada hökumət baxışın­da ilk dəfə mən oxumuşam. Azərbaycan Himninin ilk ifaçısı olduğum üçün özümü xoşbəxt hesab edirəm. Müharibə illərində Üzeyir müəllim öz qonorarından mənimlə Ağabacı Rzayevaya maddi yardım kəsdi­rirdi. 

Milli Ensiklopediyanın texniki re­daktoru Səlim Əhmədov Üzeyir bəy haqqında öz xatirələrində deyib: “Üze­yir müəllim haqqında çox danışmaq olar. Olduqca mərd adam idi. Onun xatirəsi qəlbimizdə silinməzdir. Babamgilin mülk­lərində yaşayan Üzeyir bəyin böyük bacı­sının nəvəsi Kamal Paşayevlə yaxın dost idik. Üzeyir bəylə tanışlığım da bu dostluq nəticəsində yaranmışdı. Kamalla tez-tez onların evinə gedər, Üzeyir bəyin maraqlı söhbətlərinə qulaq asar, hətta onunla “ Ley­li və Məcnun”un, “Koroğlu”nun məşqlə­rinə də gedərdik. Üzeyir bəy bizə dəyərli məsləhətlər verirdi. Məni hər görəndə təhsilimi davam etdirməyi söyləyirdi. Heç yadımdan çıxmaz, Üzeyir bəyin dəfn günü Elmlər Akademiyasının əsas binası qarşısındakı insan selinin qarşısını almaq mümkün deyildi. Bütün Üzeyirsevərlər bu ölməz sənətkarı son mənzilə yola salırdı. Bülbülün yanıqlı səslə oxuduğu “Sənsiz” romansı isə o gündən Üzeyiri zəngin irsi, əvəzsiz sənət abidələri ilə birgə ölməzliyə qovuşdurdu...” 

Unudulmaz Xalq şairimiz Səməd Vurğunun qızı Aybəniz Vəkilova isə uşaq ikən Üzeyir bəylə görüşü barədə bunları deyib: “Yusif, mən və Vaqif hələ kiçik idik. Bir gün Yessentukidə atam bizi Üzeyir bəy Hacıbəylinin görüşünə apardı. Bizə də bərk-bərk tapşırdı ki, yaxınlaşıb Üzeyir bəyin əlini öpərsiniz. Bəy kresloda əyləşmişdi. Biz atamın dediyi kimi, bir-bir dahi bəstəkarın əlini öpdük. Vaqif lap balaca olduğu üçün o, Üzeyir bəyin əlini öpəndə ölməz ustadımız onun başına sığal çəkdi. İndi, söz düşəndə Vaqifə deyirəm ki, Üzeyir bəy başına sığal çəkməklə sənə mu­siqi istedadı bəxş etdi. Görüş zamanı bizi heyrətləndirən bir məqam hələ də yadımız­dadır. Atam o vaxtlar artıq tanınmış bir şair idi. Amma bütün söhbət boyu Üzeyir bəyin hüzurunda ayaq üstə dayandı, oturmadı. Bu, dahi sənətkara olan misilsiz hörmət və ehtiram əlaməti idi”.

Bəli, 76 il əvvəl əbədiyyətə qovuşmuş dahi Üzeyir bəyin haqqında çoxlu belə gözəl xatirələr var. Bu gün təqdim etdiyi­miz xatirələrin müəllifləri də artıq həyatda yoxdurlar. Doğru sözdür ki, dünyada tək­cə xatirələr qalır. Üzeyir Musiqi Günündə onların yada salınması isə böyük mütəfək­kirin və onu sağlığında tanıyıb sevənlərin ruhunun şadlığı üçündür.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət