Çırpınırdı Qara dəniz...

post-img

Yaşılla mavinin qovuşduğu bir məkan

Burada Günəş dənizdən yuyunub çıxır. Bəlkə buna görə daha parlaq və təmiz görü­nür. Qara dənizlə Giresun şəhəri qucaqlaşan sevgililər kimidir. Zəngin tarixi olan Giresun qədim İpək yolunun üstündə qərar tutub. Günəş batanda şəhər mahir rəssamın fırçası ilə çəkilmiş tabloya bənzəyir. Qədim qaladan qızılı şəfəqlərin aydınlatdığı Giresuna bax­dıqca doymaq olmur.

Dənizlə yamyaşıl dağları kəmər kimi bir-birinə bağlayan və sahil boyu yüz kilometrlərlə uzanan rahat avtomobil yolu şəhərin ətəyindən keçib Or­duya, Samsuna, paytaxt Ankaraya, şəhərlər sulta­nı, sultanlar şəhəri İstanbula doğru gedir. Şəhərin arxitekturası müxtəlif əsrlərin yaddaşı kimidir. Lakin gözəlliyi ilə seçilən camelər türk memar­lığının incəliklərini özündə yaşadır və baxanları heyran edir. Havası ürək rahatlayan, gözəlliyi göz qamaşdıran şəhərin ən uca zirvəsi Giresun qala­sıdır. Əlavə edək ki, neçə-neçə döyüşlərlə bağlı türklərin qəhrəmanlığını yaddaşında yaşadan belə qalalar Qara dəniz sahillərində çoxdur. Giresun qalasından baxanda sahilləri üfüqdə qara xətt kimi birləşən Qara dənizin böyüklüyü adamı heyrətə gətirir. Şəhər dağlara doğru qalxdıqca sanki yaşıl­lıqlar qoynunda əriyir. Təkəmseyrək müasir uca binalar elə bil meşənin qoynundan üzü aşağı boy­lanır. Bir-biri ilə ətək tutan dağların arası ilə arabir duman sürünüb gedir.

Burada çox şey dünəni xatırladır

Giresunun emblemində altı element var: dağ, dəniz, qala, gilas, fındıq və balıq. Dünyanın dörd bir yanına fındıq yüklü gəmilər buradan yola çıxır. Çünki dünyada fındıq istehsalının 73 faizini verən Türkiyənin əsas fındıqçılıq mərkəzi Giresundur. Bu torpaqda gilas da çox yetişdiyindən Giresun öz adını yabanı gilas sortu olan “kiraz” sözündən alıb. Türklər deyirlər ki, gilas bütün dünyaya buradan yayılıb. 

Giresun torpağında çoxsaylı bulaqlar həyat nəğməsi oxuyur, sular şəlalələr kimi axıb dənizə qovuşur. Dərələr boyunca millənən buz kimi dum­duru çayların üstündəki qədim körpülər sanki bu yurdun dünənini sabaha bağlamaq üçün möhkəm dayanıblar. Sərin yaylaqlar isə insana dərdini unut­duracaq qədər gözəl, gəzməli, görməlidir. Giresun dağlarının ən uca nöqtəsi Abdal Musa zirvəsi olub, 3 min 331 metr təşkil edir. Özəlliyi və gözəlliyi ilə dünyada məşhur olan Quşköy də Giresun tor­pağında yerləşir. Bu kəndin insanları, belə demək olarsa, quşlar kimi azad yaşayır, quş dilində danı­şırlar. Maraqlıdır ki, insanlar burada evləri uzaq olduğundan arzu və istəklərini, qəttəzə xəbərləri bir-birlərinə telefonla deyil, fit çalmaqla çatdırır­lar... Təbii gözəlliklərinə və müasir nümunəvi is­tirahət məkanlarına görə Giresun hazırda Türkiyə­nin əsas turizm məkanları sırasındadır. 

Məlumat üçün deyək ki, Giresunu şərqdə Trabzon və Gümüsxanə, cənubi-şərqdə Ərzincan, şimal və şimali-qərbdə Sivas, qərbdə Ordu elləri, şimalda isə Qaradəniz əhatə edir. Ərazisi 6 min 934 kvadratmetrdir və Türkiyə torpağının 0,89 fa­izini təşkil edir. Giresun çox uzaq məmləkət deyil. Qara dəniz sahillərinin ölçüyəgəlməz gözəllikləri­ni görmək, qumlu sahillərdə və sərin meşəliklərdə “oxay” deyib bu dünyanın ağrı-acılarını unutmaq istəyirsinizsə, imkan olan kimi, avtobusla səyahətə və dincəlməyə Giresuna yollanın (Bu, deyəsən, lap reklam oldu).

O səhər hər kvadratmetrə 80 litr yağış düşmüşdü

Şəhər alatoranda güclü yaz yağışı ilə yuyun­muş, dağların sinəsindən axıb gələn sel suları Gire­sunun küçələrində gölməçələr yaratmış, binaların birinci mərtəbələrinə dolmuş, nəqliyyatın hərəkəti­ni, demək olar ki, iflic etmişdi. Sübh tezdən mərkə­zi meydana yığılan taksilər su üzərində sanki qayıq kimi görünürdülər. Dükan və kafe sahibləri qəfil düşən leysanın doğurduğu fəsadlarla mübarizə aparırdılar. Amma küçələrin çoxu üzü yoxuşa ol­duğundan o yerlər elə bil əllə yuyulmuşdu. Səhəri gün “Giresun elləri” qəzetinin yazdığına görə, bir neçə saat ərzində bu bölgənin hər kvadratmetrinə 80 litr yağış düşmüşdü. 

Günəş doğan kimi hər yan par-par parıldayır­dı. Otelin pəncərəsindən ilk dəfə gördüyüm yaşılla mavinin qovuşduğu Giresun şəhərini maraqla seyr edirdim. Yaxınlıqdakı meydanda böyük Atatürk yenə bir əlini uzaqlara uzadaraq sanki xalqı düş­mənə qarşı mübarizəyə səsləyirdi. Ondan bir qədər aralı Türkiyəni qələbələrdən qələbələrə aparan, şəhidlərin qanı ilə yuyulan uca Türk bayrağı dal­ğalanırdı. Yadıma Türkiyəni öz vətəni bilib, onun azadlığı uğrunda mübarizə aparan, türk əsgərinin şücaətinə şərqilər yazan Əhməd Cavadın 1914-cü ilin dekabrında qələmə aldığı məşhur “Çırpınırdı Qara dəniz” şeiri düşdü:

Çırpınırdı Qara dəniz

Baxıb Türkün bayrağına!

“Ah!” deyərdim, heç ölməzdim

Düşə bilsəm ayağına...

Dost elindən əsən yellər,

Mənə şeir, salam söylər.

Olsun Turan bütün ellər!

Qurban Türkün bayrağına!

Yol ver Türkün bayrağına!

 

(ardı var)

Səməd MƏLİKZADƏ

Bakı–Giresun–Bakı



Sosial həyat