1993-cü ildə Azərbaycan Respublikası dərin siyasi, hərbi və sosial böhran şəraitində idi. Torpaqların bir hissəsinin işğalı, daxili sabitliyin pozulması, separatizm meyillərinin güclənməsi və idarəetmədə ciddi boşluqlar ölkəni faktiki olaraq parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Dövlətin mövcudluğu belə ciddi sual altında idi.
Belə mürəkkəb və taleyüklü bir mərhələdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev, görünməsi belə çətin olan çoxşaxəli problemlərin həllini öz üzərinə götürdü. Onun əsas məqsədi müharibəni dayandırmaq, ölkədə sabitliyi bərpa etmək, nizami ordu formalaşdırmaq və dövlət institutlarını yenidən qurmaq idi. Eyni zamanda, parçalanma təhlükəsi ilə üz-üzə qalan cəmiyyətdə vahid siyasi və milli həmrəyliyin təmin edilməsi prioritet vəzifəyə çevrilmişdi.
Bir sözlə, ölkə uzun müddət davam edən uğursuzluqlar labirintindən çıxarılmalı idi. Məhz o zamanlarda ilk baxışdan həlli olmayan problemlərə Heydər Əliyev yanaşmasının orijinallığı və unikallığı özünü bütün qüdrəti ilə göstərdi.
Bu fikirləri XQ-nə açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov bildirdi. Fikirlərinə davam edən rektor dedi:
– Heydər Əliyevin uzaqgörən siyasəti həmin dönəmdə yalnız böhranı aradan qaldırmadı, həm də Azərbaycanın gələcək inkişaf trayektoriyasını müəyyən edən tarixi bir dönüş nöqtəsinə çevrildi.
Ulu Öndərin ilk strateji addımlarından biri müharibənin dayandırılması və dövlət idarəçiliyində sabitliyin təmin olunması oldu. Bunun ardınca o, ölkənin iqtisadi dirçəlişi üçün fundamental əhəmiyyət daşıyan yeni neft strategiyasını formalaşdırdı. Bu strategiya, yalnız iqtisadi inkişaf modeli deyil, eyni zamanda siyasi sabitliyin və milli təhlükəsizliyin əsas dayağı kimi çıxış edirdi.
1970-ci illərdən etibarən Azərbaycan neft sənayesinin inkişafına xüsusi önəm verən Heydər Əliyev Xəzər dənizində yeni yataqların kəşfi və istismarı istiqamətində mühüm addımlar atmış, ölkənin enerji potensialını əhəmiyyətli dərəcədə artırmışdı. Bu təməl, 1990-cı illərdə beynəlxalq neft şirkətləri ilə əməkdaşlıq üçün güclü baza rolunu oynadı.
1994-cü il sentyabrın 20-də imzalanan və tarixə “Əsrin müqaviləsi” kimi düşən beynəlxalq neft sazişi Azərbaycanın iqtisadi müstəqilliyində dönüş nöqtəsi oldu. Bu müqavilə ölkəyə böyük həcmdə xarici investisiyaların cəlb edilməsinə, iqtisadi sabitliyin təmin olunmasına və beynəlxalq nüfuzun artmasına şərait yaratdı.
Anar Eminov müqavilə ilə bağlı fikirlərini bölüşərkən bildirdi:
– Əsrin müqaviləsi Azərbaycanın təkcə iqtisadi gələcəyini deyil, həm də siyasi müstəqilliyinin dayanıqlığını təmin edən strateji sənəd idi.
Sonrakı illərdə neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi qlobal layihələr reallaşdırıldı. Azərbaycan beynəlxalq enerji xəritəsində mühüm mərkəzə çevrildi, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin əsas qovşaqlarından biri kimi mövqeyini möhkəmləndirdi.
Dövlətin iqtisadi güclənməsi ilə paralel olaraq sosial siyasət də inkişaf etdirildi, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı, ölkədə sosial rifah göstəriciləri yüksəldi.
Bütün bu proseslərin məntiqi nəticəsi kimi, Azərbaycan güclü ordu formalaşdırdı və beynəlxalq reytinqlərdə dünyanın ən güclü orduları sırasında yer almağa başladı. Bu isə 2020-ci ildə Vətən müharibəsində tarixi Qələbənin əldə olunması üçün möhkəm zəmin yaratdı.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu işğal altında olan torpaqları azad etdi və ölkənin ərazi bütövlüyü bərpa olundu. Bu, xalq, ordu və Ali Baş Komandan birliyinin parlaq təntənəsi idi.
Anar Eminov sonda fikirlərini yekunlaşdıraraq vurğuladı ki, 2020-ci ilin Zəfəri Heydər Əliyev siyasi kursunun və Prezident İlham Əliyevin sərkərdəlik məharətinin tarix qarşısında təsdiqi oldu.
Bu gün Azərbaycan regionda və dünyada mövqeyini möhkəmləndirmiş, etibarlı tərəfdaş kimi qəbul olunan, enerji və nəqliyyat sahələrində strateji əhəmiyyət daşıyan güclü dövlətdir. Bütün bu nailiyyətlərin təməlində isə Ulu Öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik fəlsəfəsi dayanır.
Z.BƏŞİRQIZI
XQ
Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti

