Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

post-img

Stolüstü tennis üzrə ölkə birinciliyi başa çatıb. “Şüa İdman Kompleksi”ndə keçirilən yarışda U-19 və U-15 yaş qruplarındakı idmançılar bacarıqlarını göstəriblər. Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, 4 gün davam edən birincilikdə paytaxt Bakı ilə yanaşı müxtəlif şəhər və rayonlardan 120-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparıb. 

Nəticələrə əsasən, U-19 yaş qrupunda şəxsi yarışlar Adil Əhmədzadə ilə Aylin Əsgərovanın qələbəsi ilə nəticələnib.

U-15 yaş qrupunda Onur Quluzadə ilə Xədicə Babazadə bütün rəqiblərinə qalib gəlib. 

Qoşa yarışlarda Adil Əhmədzadə  – Rüstəm Hacılı, Mərziyyə Nurmətova – Aylin Əsgərova tandemi U-19, Onur Quluzadə - Əliəkbər Mirzəliyev, Yağmur Məmmədli – Sofiya Trofimenko cütü isə U-15 yaş qrupunda birinci yeri tutub. 

Qarışıq qoşa növündə isə Rüstəm Hacılı – Aylin Əsgərova, Onur Quluzadə Yağmur Məmmədli tandemi müvafiq yaş qruplarında baş mükafata layiq görülüb. 

Qızların komanda mübarizəsində hər iki yaş qrupunda Sumqayıt-1, oğlanların yarışında isə Bakı-1 kollektivi qalib gəlib.
Ölkə birinciliyində fəxri kürsüyə qalxan idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunub.

XQ

 

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti







İdman