“Aktyor” milli-mənəvi aşınmaların bədii ağrısıdır

post-img

Tanınmış rejissor Aydın Arslanın ekranlaşdırdığı “Aktyor” filmi  milli-mənəvi dəyərlərə sadiqlikdən,  insansevərlik və düzgünlük kimi əxlaq normalarından bəhs edir. Yaxın vaxtlarda tamaşaçılara təqdim ediləcək ekran əsəri son illər Azərbaycanda bu mövzuda çəkilən ilk bədi filmdir. Rejissorun  öz ssenarisi əsasında ərsəyə gələn filmin sujeti mühafizəkar aktyor Fərhadın həyat hekayəsi üzərində qurulub.

Film barədə XQ-yə məlumat verən Aydın Arslan bildirdi:

–Ekran işinin mövzusu bütün zamanlarda olduğu kimi, bu gün də aktualdır. Bu filmdə unudulub aradan getməkdə olan bir çox adət-ənənəlirimizə, dəyərlərimizə işıq tutmağa çalışmışıq. Ekran işi müasir texnologiya və sosial şəbəkələrin ailə münasibətlərinə təsirini də əks etdirir. Dəyərlərin aşınmasının ağrısı ilə yaşayan, Fərhad adlı aktyor 20 illik sənət dostuna görə onunla birgə teatrdan uzaqlaşıb. Ekran əsərində belə önəmli mətləblərə aydınlıq gətirilib.

–Çəkilişlər harada aparılıb və nə qədər davam edib?

­– Bundan əvvəl çəkdiyim “İlğım” bədii-qısametrajlı filmindən sonra, prodüser Mamed Qurbanov, aktyorlar Tural Əhməd, Səmimi Fərhad və Türkay Cəfərovla komanda şəklində işləməyi qərara aldıq. Bu ilin yanvar ayında dramatik səpkili “Aktyor”un çəkilişlərinə başladıq. Çəkiliş başa çatsa da,“post-prodakşın” işləri 5-6 ay vaxt apardı. Çəkilişləri Bakıda – Təzəbazar ətrafında, Keşlə və Günəşlidə aparmışıq.  80 dəqiqəlik  ekran əsərinin operatoru Anar Dadaşov, bəstəkarı İffət Əsgərov, rəssamı isə Sahib Kərimovdur. Filmin ərsəyə gəlməsinə ümumilikdə 8 ayadək vaxt sərf etmişik.

–Yaradıcı heyət barədə də məlumat verərdiniz?

–Çəkilişlərdə 40-dək insan iştirak edib. Onlardan 25-i aktyordur. Filmin ərsəyə gəlməsində heyətin böyük zəhməti var. Fil yaradıclıq işidir. Rejissorun kimliyi nə qədər önəmlidirsə, aktyor heyətinin peşəkarlığı da o dərəcə də zəruridir. Ümid edirəm ki, film hər cəhətdən səsli-sədalı olacaq, insanların marağını çəkə biləcək. Ekran əsərində əsas rolları aktyorlar Tural Əhməd, Səmimi Fərhad, Türkay Cəfərli, Könül Şahbazova, Manaf Dadaşov, Mamed Qurbanov, Elvin Əhmədov, Məhəmməd Verdizadə, Tunar Ali və Rəşad İbadov ifa ediblər.

–Təqdimat nə vaxt olacaq?

–Avqustun 29-dan etibarən filmin kinoteatrlarda nümayişini nəzərə tuturuq. İlk təqdimat “Sinema park” və “Park plyus” şəbəkələrində olacaq. 16 yaşdan yuxarı hər kəsin bu filmə baxmaq icazəsi var. Film hansısa yerli və ya beynəlxalq mükafata iddialı deyil, lakin hər bir azərbaycanlı  öz ailəsi ilə bu filmə baxarsa, bu, bizim üçün sevindirici olar.

–Sizcə, mənəvi-əxlaqi mövzulu film çəkilişinə maraq niyə azdır?

– Çox təəssüf ki, son illər didaktik filmləri tapmaq çətinləşir. Film istehsalçıları komedivliyə üstünlük verirlər. Komediya adı altında küçə lətifələri, gülünc hərəkətlər ekranlaşdırılır. Bu  filmlər artıq kinoteatrları, sosial şəbəkələri “fəth” edib. İlqar Nəcəf kimi savadlı rejissorların ekran işləri kinomərkəzlərdə bir həftə çətinliklə qaldığı halda, əttökən filmlər illərlə ekranlardan düşmür. Gərək ciddi dəyərlərə, ictimai önəmə yeni maraq yaradaq.

Ceyhun ALIŞLI

XQ

Mədəniyyət