Həştərxanda “Xəzər mövsümü” çal-çağırı

post-img

Təntənələrdə soydaşlarımızın da səsləri gur eşidilir

Rusiyanın Həştərxan vilayətində keçirilən “Xəzər mövsümü” Beynəlxalq Klassik İncəsənət Festivalı davam edir. Qazaxıstan, Belarus, Özbəkistan, İran və Türkmənistanın da qoşulduğu təntənələrdə ölkəmiz də təmsil olunur. Ənənəvi “Mədəniyyət” layihəsi çərçivəsində gerçəkləşən festivalda Xəzəryanı ölkələr milli sənət örnəyini təbliğ edirlər. 

Festivalın ilk günlərində müxtəlif kon­sert proqramları təşkil olunub, iştirakçı dövlətlərin tanınmış sənətkarlarının iştirakı ilə ustad dərsləri keçilib. Xəzəryanı Döv­lətlərin Simfonik Orkestrinin müşayiəti ilə təqdim edilən konsertlərdə Rusiyanın Əməkdar artisti, Başqırdıstan və Tatarıstan respublikalarının Xalq artisti İldar Abdra­zakov, Azərbaycanın Xalq artisti Dinarə Əliyeva, Türkmənistan solisti Dövlət Nur­gəldiyev, Qazaxıstanın Əməkdar incəsənət xadimi Talqat Musabayev, İrandan viola ifaçısı Amin Qafari və başqa məşhur ifaçı­lar çıxış ediblər.

Azərbaycanın tanınmış opera müğən­nisi Dinarə Əliyeva festival çərçivəsində ustad dərsi də keçib. Avqustun 28-dək Həş­tərxan Filarmoniyasında Xəzərətrafı döv­lətlərdən olan artistlərin solo-konsertləri nəzərdə tutulub. Bundan əlavə, festivalın proqramına “Vokal akademiyası”, “Orkestr akademiyası” və “Balet akademiyası”nın açıq dərsləri də daxildir.

Xatırladaq ki, sentyabrın 1-dək davam edəcək festival Rusiyanın Mədəni-kütləvi Proqramlar üzrə Direktorluğu, Həştərxan Vilayəti Hökuməti və Vilayət Mədəniyyət Nazirliyinin dəstəyi, Həştərxan Opera və Balet Teatrı və Filarmoniyasının tərəfdaş­lığı ilə təşkil olunub. 

C.BALABƏY
XQ



Mədəniyyət