İğdırda Qarabağ kilimlərinin hazırlanması üzrə kursların populyarlığı artır

post-img

Türkiyənin Azərbaycanla həmsərhəd olan İğdır vilayətində Qarabağ kilimlərinin hazırlanması üzrə kursların populyarlığı artır.

AZƏRTAC xəbər verir ki, Şərq vilayətinin qadınları İğdır valisi administrasiyasının dəstəyi ilə açılmış kurslara böyük maraq göstərir.

“Azərbaycanın Qarabağ məktəbinin xalçaçılıq sənətinin motivləri və rəngləri xüsusilə gözəlliklə fərqlənir. Kurslarımızda Anadolu məktəbinin kilimlərinin və xalçalarının hazırlanması və Osmanlı saray xalçaçılıq mədəniyyətinin motivləri də öyrədilir”, - deyə emalatxana ustasının köməkçisi Səkinə Turan deyir.

Onun sözlərinə görə, xalçaçılıq sayəsində yerli qadınlar ailələrinin büdcəsinə, eləcə də region iqtisadiyyatına əhəmiyyətli töhfə verirlər.

Turan bildirib ki, hər il 500-ə qədər İğdır qadını xalçaçılığın əsaslarını, o cümlədən Qarabağ motivlərinin 33 növünü öyrənir.

“Tünd fonda nilufər gülü - Qarabağ motivi ən populyar hesab olunur. O, Mərkəzi Asiya və Azərbaycan ölkələri xalqlarının arasında yayılıb. Biz çalışırıq ki, Qarabağ motivləri olan kilimlər unudulmasın və getdikcə daha da populyarlaşsın”, - deyə o qeyd edib.

Ustanın köməkçisi xatırladıb ki, İğdırda hazırlanan kilimlər uzun müddət “Azərbaycan torpaqlarının işğalının göstəricisi” kimi qara fonda istehsal olunub. “Qarabağ erməni işğalından azad edildikdən sonra biz daha çox ağ, göy, yaşıl və qırmızı rənglərdən istifadə etməyə başladıq”, - deyə Turan vurğulayıb.

Qeyd edək ki, “ANKA” agentliyi və “Yeşil Iğdır” qəzeti də daxil olmaqla, eyni zamanda Türkiyənin bir neçə mətbu orqanı Qarabağ kilimlərinin hazırlanması mövzusunda reportajlar dərc edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mədəniyyət