Bu sətirləri bir ay qabaq – mayın 30-da Liliya Altınova adlı müəllifin “İslam.ru” saytında verilmiş “Əl-Quba məscidi İslamın ilk ibadət yeridir” adlı məqaləsi əsasında qələmə almaq istədim (https://islam.ru/content/kultura/53478). İslam dininin müasir durumunu, eləcə də bu dinin cəmiyyət həyatındakı rolunu işıqlandırmaq məqsədilə bilavasitə Moskvada yaradılmış Rusiya İnformasiya internet-portalı olan “İslam.ru” Avropadakı, xüsusən Fransadakı islamofob qüvvələrin mövqeyinin tamamilə əksi olaraq məsələyə ədalətli münasibət sərgiləyir, obyektiv fəaliyyət göstərir.
Qərəz, mən Quba məscidinin bu yazı ilə birlikdə paylaşılan fotosunu görəndə 23 il əvvəlki xatirələri bir də yaşadım. Belə ki, 2001-ci ildə Azərbaycan diplomatları və jurnalistlərinin bir qrupu Səudiyyə Ərəbistanı Krallığı ilə tanışlıq məqsədi ilə bu ölkəyə dəvət edilmişdi. Çoxsaylı sənaye müəssisələri, elm, təhsil və informasiya mərkəzləri ilə yanaşı, İki müqəddəs məkanda – Məkkədə və Mədinədə olmuş, o cümlədən İslamın ilk ibadət yeri olan Quba məscidini də ziyarət etmişdik.
O zaman səfər yoldaşımız – Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, ərəb filologiyası üzrə elmlər namizədi, rəhmətlik Müqəddəs Payızov bu məscid haqqında bizə geniş məlumat vermişdi. İndi Liliya Altınovanın yazısını oxuyanda məscidin tarixi haqqında olan həmin faktları növbəti dəfə xatırladım.
Liliya xanım yazır ki, Quba məscidi Allahın rəsulunun təşəbbüsü və iştirakı ilə tikilmişdir. Peyğəmbər salavatullahın və onun məsləkdaşlarının əli ilə təməli qoyulan bu məscid, əslində, İslam salnaməsinin bünövrəsidir. Quba adlı bu məkan Mədinə şəhərindən – sonralar peyğəmbərin özü də həmin şəhərdə dəfn olacaqdı – cəmi 4–5 kilometr aralıdadır. Allahın rəsulu 622-ci ildə Məkkədən Mədinəyə köçərkən bir neçə gün Qubada qalmışdır. Əsas məqsədi isə onun tövsiyəsi ilə Məkkədə qalmış Əli Əleyhissalam və digər məsləkdaşların gəlməsini gözləmək idi. Həzrət Əlinin Məkkədə qalmasının səbəbi isə oradakı bəzi insanların əmlaklarının öz sahiblərinə qaytarılması idi. İnsanların qorumaq üçün peyğəmbərə etibar etdikləri əmlakın hamısını öz sahibinə çatdıran Həzrət Əli 3 gündən sonra azsaylı məsləkdaşları ilə Qubaya gəlmiş, peyğəmbərin ətrafındakı həmfikirlərlə birlikdə hərəkət etməyə hazır olmuşdu.
Altınova yazır: “Quranın təfsirçilərinin əksəriyyəti təsdiq edirlər ki, “Ət–Tövbə” surəsinin ayələrindən 108-i məhz Quba məscidinin şərəfinə nazil olmuşdur. Yeri gəlmişkən, “Əl–Müntəxab” təfsirində göstərilir: “Axı Allahın adı və Onun rəhmi ilə təməli qoyulmuş Quba məscidi sənin orada ibadətinə (namazına) layiqdir... Kim öz ruhunu və cismini günahlardan təmizləmək istəyirsə, Quba məscidində namaza dayananda səmimi olaraq Allahın qarşısında baş əyməsi kifayətdir. Allah həmin adamları sevir və mükafatlandırır”.
Əlavə edilir ki, Quba məscidini ziyarət etmək mühüm sünnə qaydalarındandır. Əgər imkan varsa, bu məscidə şənbə günü gəlmək daha münasibdir. İmkan yoxdursa, başqa günlər də gəlmək olar. Buraya gəlmək və namaz qılmaq barədə niyyət edilməsi insanı Allaha yaxınlaşdırır. İmam Ət -Tərmizinin bir hədisində deyilir ki, Quba məscidində qılınan namaz ümrə ziyarətinə bərabərdir. İmam Əl-Buxari isə xatırladır ki, Allahın rəsulu ayaq üstdə ( yəni piyada-İ.M.) Quba məscidinə gəlmiş və iki rikət namaz qılmışdır. Başqa bir hədisdə isə deyilir ki, Peyğəmbər Salavatullah hər həftənin şənbə günü bu məscidə gələrdi. O da əlavə edilir ki, hələ peyğəmbərin dövründən buraya ibadətə gələnlər erkən səhər vaxtlarında ( sübh namazı vaxtı – İ.M.) gəlirlər. İndi də həmin ənənə yaşayır.
Sonda xatırladaq ki, Quba məscidinin müasir görüntüsü tamamilə fərqlidir. Bu dini ibadət mərkəzi Misir memarlarının xüsusi xidməti sayəsində daha da möhtəşəm olmuşdur.
İttifaq MİRZƏBƏYLİ