Türklüyün təməl kitabı

post-img

“Divanü lüğat-it-türk” – 950”

AMEA-nın Əsas binasında Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Mahmud Kaşğari “Divanü lüğat-it-türk” – 950” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransı açan AMEA-nın preziden­ti, akademik İsa Həbibbəyli Mahmud Kaşğarinin Azərbaycanda yenicə çap olunmuş məşhur “Divanü lüğat-it-türk” əsərinə yüksək dəyər verərək, ona həsr edilən beynəlxalq tədbirin türk birliyi­nin daha bir parlaq nümunəsi olduğunu vurğulayıb. AMEA rəhbəri bildirib ki, ana dilimizdə işıq üzü görən qaynaq bundan sonra geniş tədqiqat obyektinə çevrilə­cək. 

Akademik İsa Həbibbəyli müsəlman dünyası üçün ən böyük təməl kitabın “Qurani-Kərim” olduğunu, ondan sonra ədəbiyyatda və ictimai fikirdə Türk dün­yasını birləşdirən bir neçə möhtəşəm əsərin meydana çıxdığını deyib. Bildirib ki, “Qurani-Kərim”dən sonra Türk dünya­sı üçün ən böyük bədii əsər “Kitabi Dədə Qorqud”, ən böyük elmi əsər isə “Divanü lüğat-it-türk”dür.

Qeyd olunub ki, bu əsəri ilk dəfə ərəb dilindən Azərbaycan dilinə özbək əsilli məşhur Azərbaycan alimi Xalid Səid Xo­cayev tərcümə edib və buna görə “ək­sinqilabi pantürkist təşkilatın üzvü kimi Türkiyənin xeyrinə kəşfiyyat işi aparmış şəxs” damğası ilə ittiham olunaraq 1937-ci ildə güllələnməyə məhkum edilib və bununla da əsər itmiş sayılıb. “Divanü lüğat-it-türk” 86 ildən sonra – 2023-cü ildə Dilçilik İnstitutunun arxivindən tapı­lıb. Bu əsər türk dillərinin tarixi inkişafı­nı, tarixi leksikologiyasını öyrənməkdə, müqayisəli qrammatikasını tərtib etmək­də əvəzsiz mənbədir. Mart ayında ADA Universitetində kitabın təqdimatı keçirilib, ötən həftə Qırğızıstanın Bişkek şəhərin­də “Yazılışının 950-ci ildönümündə “Di­vanü lüğat-it türk: Türk dünyasının ortaq dəyəri” mövzusunda beynəlxalq konfrans təşkil olunub. Cari ilin dekabrında isə “Divanü lüğat-it-türk”ün 950 illik yubileyi UNESCO çərçivəsində qeyd ediləcək. 

AMEA Dilçilik İnstitutunun direkto­ru, professor Nadir Məmmədli “yubilyar” əsəri Türk dünyası haqqında dolğun mə­lumatların toplandığı “Türküstan” adlan­dıraraq bildirib ki, nəşrdə XI əsrdə türk­lərin yaşaması haqqında məlumatlar yer alıb, bugünkü türk xalqlarının tarixi geniş əks olunub. “Divanü lüğat-it-türk” əsəri türk dillərinin qrammatikası, zamanın en­siklopediyasıdır. 

Diqqətə çatdırılıb ki, Mahmud Kaş­ğari “Divanü lüğat-it-türk” ensiklopediya­sında türksoylu xalqların dil özəlliklərini, ləhcələrini, milli-mədəni varlığını top­lamış, dövrünə uyğun qrammatika və yazı qaydalarını müəyyənləşdirmişdir. Əsər yalnız lüğət deyil, türk tayfalarının dil-ləhcə fərqlərini, yayılma areallarını, həyat tərzini, tarixini, mifologiyasını, folk­lorunu, mədəniyyətini öyrənməyə imkan yaradan, XI əsrin əvvəllərində türk tayfa­larının ləhcələri haqqında geniş məlumat verən dialektoloji-etnoloji kitabdır. 

Türk Dil Qurumunun başqanı profes­sor Osman Mert və Özbəkistan Respub­likası Elmlər Akademiyası Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun direktoru professor Bahrom Abduxali­mov çıxış edərək “Divanü lüğat-it-türk”ün misilsiz məziyyətlərindən bəhs ediblər. Daha sonra akademik Nizami Cəfərovun “Mahmud Kaşğarinin tədqiqat metodu haqqında”, professor Mahirə Hüseyno­vanın “Mahmud Kaşğari “Divan”ı və türk dillərinin qrammatikası” və professor İs­mayıl Kazımovun “Mahmud Kaşğari “Di­van”ı və müasir türk dilləri” adlı məruzələ­ri dinlənilib.

Konfransda, həmçinin Milli Məcli­sin deputatı, Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti, fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyzi­yev, şair-tərcüməçi Elxan Zal Qaraxanlı, tənqidçi və ədəbiyyatşünas Əsəd Cahan­gir çıxış ediblər. Qeyd olunub ki, yazıldığı dövrün xarakterik cizgilərini müəyyənləş­dirən “Divanü lüğat-it-türk” min il öncəki düşüncəni bu günə gətirən, tanıdan mö­təbər bir qaynaqdır.

XQ

Mədəniyyət