XX əsr nəsr və poeziyamızın klassikləri

post-img

Onlar “Yoxuşlar”la “Ələmdən nəşəyə” doğru yüksəlmişlər

Xalq yazıçısı Əbülhəsən Ələkbərzadə və Xalq şairi Süleyman Rüstəm eyni ilin eyni günündə anadan olublar. Azərbaycan ədəbiyyatını gözəl əsərləri ilə zənginləşdirmiş qələm sahiblərinin bu gün 120 yaşı tamam olur. Hər ikisi 1934-cü ildən AYB-yə üzv qəbul edilib və 50 ildən çox yaradıcılıq yolu keçib.

Əbülhəsən Əlibala oğlu Ələkbərzadə İsmayıllı rayonunun Basqal kəndində, Süleyman Rüstəm isə Bakının Novxanı kəndində dünyaya göz açıb. Hər ikisi yaradıcılığa şeirlə başlayıb, Əbülhəsən sonradan nəsrə keçib və ilk müasir Azərbaycan romanının (“Yoxuşlar”) müəllifi olub.

Əbülhəsənin doğum tarixi bəzi mənbələrdə 1904-cü il göstərilsə də, ay və gün eynidir. Yazıçının 100 illiyinin 2006-cı ildə qeyd olunduğu da faktdır. Yazıçının “Müharibə”, “Dostluq qalası”, “Utancaq”, “Dünya qopur”, “Sədaqət”, “Gəlin” bir vaxtlar orta məktəblərin ədəbiyyat dərsliklərinə salınmış “Tamaşa qarının nəvələri” əsərlərini az adam olardı ki, oxumasın, eşitməsin. Bu roman və povestlər nəşr edilməkdən savayı, həm də səhnələşdirilib, radio teatrı onları məşhur aktyorların ifasında vaxtaşırı səsləndirib.

Əbdülhəsən Ələkbərzadənin ədəbi irsində tarixi romanlar və dram əsərləri xüsusi əhəmiyyətə malikdir. “Babək” romanı Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini, qəhrəmanlıq və vətənpərvərlik hisslərini coşğu ilə əks etdirir. “Ağ ləkələr” povestində isə o, sovet ideologiyasının cəmiyyətə təsirini, fərdi faciələri, insan psixologiyasını dərinliklə işıqlandırır.

* * *

Süleyman Rüstəm isə şair-dramaturq, ictimai xadim kimi tanınıb. 20 ilədək Azərbaycan SSR Ali Sovetinin sədri olub. “Ələmdən nəşəyə” adlı ilk şeir kitabı 1927-ci ildə nəşr edilib. İkinci Dünya müharibəsi illərində o, xalqın qəhrəmanlıq mübarizəsini tərənnüm edən gözəl əsərlər yazıb: “İldırım”, “Qafurun qəlbi”, “Əzizlərdən əzizlərə” və s. Müharibə dövrü yaradıcılığında Cənubi Azərbaycan mövzusu xüsusi yer tuturdu: “Təbriz şeirləri silsiləsi”, “İki sahil” kitabı çox məşhur olub. 1960–1980-ci illər yaradıcılığında ictimai-siyasi və məhəbbət lirikası əsas xətti təşkil edib: “Günəşli sahillərdə”, “Keçilməmiş yollarda”, “Ürəyimin gözüylə”, “Mənim günəşim” və s. kitabların, “Yanğın” (H.Nəzərli ilə birgə) pyesinin, “Qaçaq Nəbi” mənzum dramının, “Durna” komediyasının müəllifidir.

XX əsr Azərbaycan ədəbiyyatının korifeyləri olan hər iki yazarın xalq, vətən qarşısındakı xidmətləri layiqincə qiymətləndirilib. Əsərləri müxtəlif xarici dillərə tərcümə olunub. “Unudulmur məna dolu ömür sürüb ölənlər” – deyən şairin ruhu arxayındır ki, o da, yaşdaşı da xoş xatirələrlə anılırlar.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət