Dünən bp şirkətinin dəstəyi ilə nəşr olunmuş 4 cildlik Azərbaycan kinematoqrafiyası ensiklopediyasının ictimaiyyətə təqdimat mərasimi keçirildi. “Azərbaycan kinosu. Yığcam ensiklopediya” adlı yeni nəşr 1898–2025-ci illəri əhatə etməklə milli kinonun inkişaf tarixi haqqında bu günə qədər fundamental mənbədir.
Mərasimdə bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirdi ki, Azərbaycan kinosunun 1898-ci ildə yarandığı gündən bəri keçdiyi tarixi yol mədəni inkişafımızın çox əlamətdar bir hissəsidir. Qeyd olundu ki, tanınmış sənətşünas alim, toplunun müəllifi Aydın Kazımzadə kinematoqrafiya yaradıcılığının bir əsrdən çox tarixini dəqiqlik və fədakarlıqla sənədləşdirməklə incəsənət və akademik ictimaiyyətimiz üçün uzunmüddətli dəyər daşıyan bir əsər yaradıb.
bp-nin mədəni irsimizin qorunmasına və Azərbaycan kinematoqrafçılarının irsininin gələcək nəsillər üçün daim ilham mənbəyi olmasına xidmət edən belə bir layihəni dəstəkləməkdən qürur duyduğunu vurğulayan B.Aslanbəyli dedi: “Tanınmış kinoşünas Aydın Kazımzadənin müəllifi olduğu bu elmi-tədqiqat əsərində milli kinematoqrafiyanın inkişaf yolu dərin və hərtərəfli araşdırılır. Geniş arxiv tədqiqatlarına əsaslanan ensiklopediyada filmlər, kino yaradıcıları, studiyalar və Azərbaycanda kino sənayesinin yaranması və formalaşmasına təsir etmiş tarixi və mədəni mühit öz geniş əksini tapıb”.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycan kinosunun keçdiyi zəngin inkişaf yolundan, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin kino sənətinə göstərdikləri qayğı və diqqətdən geniş bəhs etdi. Qeyd olundu ki, son illər dövlət qayğısı nəticəsində ölkəmizdə kino sənayesi özünün yeni inkişaf mərhələsinə qədəm qoyub, sənət adamlarına diqqət xeyli artırılıb.
Ensiklopediyasının müəllifi, tanınmış kinoşünas, Əməkdar incəsənət xadimi və Əməkdar mədəniyyət işçisi Aydın Kazımzadə çıxış edərək toplunun ərsəyə gətirilməsinə göstərilən maliyyə dəstəyinə görə bp şirkətinin rəhbərliyinə minnətdarlığını bildirdi.
Mərasimdə tanınmış kino xadimləri – Cəmil Quliyev, Fəxrəddin Manafov, Təşəbbüslər və Layihələr Mərkəzinin direktoru Ceyhun Osmanlı çıxış edərək ensiklopediyanın kino sənətimizin tarixinin araşdırılması baxımından əhəmiyyətini vurğuladılar, toplunun müəllifinə uğurlar arzuladılar.
Qeyd edək ki, tədqiqat Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, eləcə də digər studiyalarda, kino şirkətlərində və televiziya kanallarında 1898–2025-ci illərdə istehsal olunmuş bütün növlərdən olan filmlərin filmoqrafiyasını əhatə edir. Ensiklopediyaya tammetrajlı və qısametrajlı bədii filmlər, televiziya filmləri, animasiya filmləri və 1898–2018-ci illərdə çəkilmiş “Mozalan” satirik kinojurnalları daxil edilib.
Nəşrin ilk 2 cildində Azərbaycan kinosu tarixinin tam ensiklopedik təsviri təqdim olunur, qalan 2 cild isə “Tammetrajlı bədii və animasiya filmlərinin əlifba göstəricisi” və “Kinorejissorların adlar göstəricisi” adlanır. Ensiklopediyaya müəllifin, eləcə də ilkin kino yaradıcılarının və müxtəlif dövrlərdə kino sənayesinin inkişafına töhfə vermiş digər şəxslərin şəxsi arxivlərində qorunan nadir fotoşəkillər də daxil edilib. Bundan başqa, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxiv şöbəsi və Azərbaycan Dövlət Film Fondunun materiallarından da istifadə olunub.
Əsas istinad mənbəyi kimi nəzərdə tutulmuş bu nəşr kino mütəxəssisləri, tarixçilər, tədqiqatçılar, müəllimlər və televiziya, mədəniyyət və incəsənət sahələrində çalışan mütəxəssislər, eləcə də Azərbaycan kinematoqrafiyasının yaranışı və yüz ildən çox inkişaf tarixinə maraq göstərən geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
bp-nin Azərbaycanın zəngin mədəni irsinin qorunması və təşviqinə dəstək öhdəliyini əks etdirən bu layihə şirkətin dəstəyi ilə həyata keçirilən böyük mədəni irs proqramının bir hissəsidir.
XQ

