AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin böyük elmi işçisi Tahirə Əliyevanın transfoneliterasiya edərək çapa hazırladığı “Qafqaz coğrafiyası” əsəri işıq üzü görüb.
İnstitutdan XQ-yə bildirilib ki, Azərbaycan coğrafiyaşünası, maarif xadimi, pedaqoq, naşir-mühərrir, publisist və tərcüməçi Qafur Rəşad Mirzəzadənin müəllifi olduğu bu əsərdə Qafqazın tarixinə aid bəzi faktlara toxunulur. Kitabda regiona daxil olan ölkə, şəhər, kənd və qəsəbələrin, dağların, dənizlərin, çayların, göllərin və yolların təsviri verilir, o cümlədən ərazilərin sahəsi, əhalinin sayı və s. göstərilir.
Qeyd edək ki, yeni nəşrin elmi redaktoru akademik Teymur Kərimli, kitabda yer alan geniş “Ön söz”ün müəllifi Tahirə Əliyevadır.

