Zəngəzurun sənət dünyası İstanbulda

post-img

“Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyi və “Tək hədəfim” Təhsil Birliyinin əməkdaşlığı ilə həyata keçirilən “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində İstanbulda “Zəngəzur sənətkarlığı” sərgisi keçirilib. 

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə təşkil olunan sərgidə yerli azərbaycanlılar, elm, mə­dəniyyət nümayəndələri, bələdiyyə rəhbərləri, jurnalistlər iştirak ediblər. 

İstanbuldakı “Xarı Bülbül” Azərbaycan Vizyon Teatr Birliyinin rəhbəri Kəmalə Cabbarova layihə haqqında danışaraq, Qərbi Azərbaycanda, Zəngəzurda xalqımızın yaratdığı böyük tarixi mi­rasa dair fikirlərini bölüşüb. Azərbaycanın İstanbuldakı konsulu Zaur Allahverdizadə, Mərmərə vəqfının rəhbəri Akkan Suver itirilmiş dəyərlərimiz, Zəngəzurun tarixi və Qərbi Azərbaycan re­allıqları haqqında fikirlərini söyləyərək, ulu yurdlarımıza qayıdış zərurətindan danışıblar. 

Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov xalqımızın əzəli torpaqları olan Qərbi Azərbaycanda min illər boyu yaratdığı böyük mədə­niyyət və sənət irsi haqqında danışaraq, tarixin müxtəlif dövrlə­rində yurd yerlərimizə ermənilərin köçürüldüyünü, azərbaycanlı­ların isə öz ata-baba yerlərindən deportasiya olunduğunu qeyd edib. O, nə illah eləsələr də, qədim torpaqlarımızdan Azərbay­can ruhunu və irsini silə bilmədiklərini vurğulayıb. 

Sonra “Zəngəzur sənətkarlığı” layihəsi haqqında danışılıb, məşhur Sərdarlılar ailəsinin ərsəyə gətirdiyi dekorativ incilər – Qərbi Azərbaycana dair mədəni irs nümunələri haqqında məlu­mat verilib, gələcəkdə də bu cür layihələrə dəstək göstəriləcəyi qeyd edilib. 

Daha sonra Bakıdan Zəngəzur sənətkarlığı (əl sənəti) sər­gisini gətirən Azərbaycan Rəssamlar İttifaqının üzvləri İsgən­dər, Lalə və Toğrul Sərdarlılar çıxış edərək layihənin özəllikləri haqqında məlumat veriblər. 

Proqramın bədii hissəsi Üsküdarda hərəkətdə olan “Validə Sultan” gəmisinin 2-ci qatında davam edib. Tədbir böyük maraq­la qarşılanıb, 2 saatlıq dəniz gəzintisi ilə başa çatıb.

Qafar ÇAXMAQLI,
“XQ”-nin xüsusi müxbiri

İstanbul

Mədəniyyət