Bakıda piano hekayələri

post-img

Xəbər verdiyimiz kimi, məşhur cazmen, Azərbaycanın Əməkdar artist Şahin Növrəslinin təsisçisi olduğu musiqi bayramına yerli sənətkarlarla yanaşı, Fransa, Braziliya, Avstriya, Gürcüstan, Latviya və başqa ölkələrdən gəlmiş qonaqlar da qatılıblar. İki həftə ərzində Bakıda keçirilən 3-cü Piano Festivalı çərçivəsində rəngarəng tədbirlər hər kəsə unudulmaz təsir bağışlayıb.

Ötən günlərdə paytaxtın musiqi sa­lonlarında çoxsaylı konsertlər keçirilib. Təqdimatlarda caz, flamenko, tanqo, Braziliya sambası və s. musiqilər ifa olu­nub, sərgilər, kino nümayişləri, yaradıcı mübadilələr təşkil edilib. 

“Landmark Hotel”də “Piano, Art & Wine” adlı incəsənət tədbiri təşkil edilib. Gənc rəsm həvəskarları piano sədaları altında kətan üzərində əsərlər yaradıblar. Gecənin qonaqlarına fırça ustalarımız Dadaş Məmmədov, Eldar Babazadə, Röya Həsən, Nailə Məhərrəmova, Mələk Abbaszadə və Ləman Hacıyeva kömək ediblər. 

Sonra keçmiş SSRİ-nin ən məşhur pianoçu və bəstəkarlarından biri olmuş Raymond Pauls haqqında “Yaradıcılıq və düşüncələr” adlı film nümayiş etdiri­lib. Bu ekran əsəri Latviyanın Azərbay­candakı səfirliyi tərəfindən təqdim edilib. Tədbirdə Azərbaycan cazının əfsanəsi Vaqif Mustafazadənin iştirakı ilə nadir arxiv kadrları da göstərilib. Kino eksperti Ülvi Mehdi tamaşaçılara Riqa kinostudi­yasının istehsalı olan “Barxanlarda uzun yol” adlı məşhur film seriyasından Ray­mond Paulsun kino musiqisi haqqında uşaqlıqdan aldığı şəxsi təəssüratından danışıb. Bu musiqidə postsovet məka­nının yaşlı nəsil caz musiqiçilərinə xas olan parlaq çalarlarla romantik leytmo­tivlər caz standartının nostalji impro­vizələrinə çevrilib.

Festival çərçivəsində “Rotunda Roof Garden”də mərhum Xalq yazıçısı Maq­sud İbrahimbəyovun hekayələri əsasında hazırlanmış, müəlliflərini İsmayıl İman və Tərlan Rəsulovun olduğu tamaşa və braziliyalı musiqiçilərin iştirakı ilə Şahin Növrəslinin konserti də böyük maraqla qarşılanıb. Tamaşada rolları Azərbay­canın Əməkdar artistləri Şahin Növrəsli, Elşən Rüstəmov və Mələk Abbaszadə ifa ediblər. Gecənin konsert bölümündə Şahin Növrəsli “Isac Jamba Group”un braziliyalı musiqiçiləri ilə birlikdə bir neçə kompozisiya ifa edib. Festivalın əcnəbi iş­tirakçıları – İsak Camba (zərb alətləri) və Lusiano Vaskoncelos da Silva (bas gitara) da Azərbaycan bəstələrini ifa edib, tama­şaçıların sürəkli alqışlarını qazanıblar. 

Konsertdən sonra İsak Camba öz çıxışı və Azərbaycana səfəri ilə bağlı təəssüratlarını müxbirlərlə bölüşüb.

– Şahin Növrəsli ilə çıxış etmək mə­nim üçün heyrətamiz bir təcrübə idi! Bu həm də çətin idi, çünki Şahin caz piano­çusu olsa da, çox qeyri-adi ifaçıdır. Bir-iki Azərbaycan melodiyasını da ifa etdik və bunlar bəyənildi. Elə alındı ki, tamaşanın bir növ tərkib hissəsi olduq və bunu bi­zim üçün maraqlı təcrübə adlandırmaq olar. Bu, ölkənizə ilk səfərimizdir, hesab edirəm ki, Azərbaycana mütləq yenidən gəlməliyik. Bakı çox gözəl, işıqlı, parlaq şəhərdir. Mən ölkələrimizin mədəniyyət­ləri arasında böyük əlaqənin də şahidi oldum, burada özümü çox rahat hiss edirəm. 

Əsrarəngiz gecə barədə Maqsud İb­rahimbəyov Yaradıcılıq Mərkəzinin direk­toru, yazıçının həyat yoldaşı Anna İbra­himbəyova da təəssüratlarını bölüşüb: 

– İfalar çox xoşuma gəldi. Mən Şahi­nin performansını çox sevdim, braziliyalı musiqiçiləri də bəyəndim. Onlar da süjet xəttinə təbii bir şəkildə daxil olmuşdular. Özümü bu axşam daha da xoşbəxt hiss etdim.

Maestro Şahin Növrəsli isə deyib ki, piano öz ətrafında hər şeyi birləşdirən kral alətidir, orkestr alətidir. Ona görə də artıq bu bayramı adi bir musiqi festivalı deyil, mədəniyyət festivalı adlandırmaq olar. 

Beləliklə, iyunun 16-da başlayaraq, bakılılar və paytaxtın qonaqları üçün müxtəlif ölkələrin virtuozlarının belə gözəl, unudulmaz musiqi proqramları, digər bədii tədbirlərdən ibarət əlvan in­cəsənət çələngi təqdim olunub. 

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət