Alimlərimiz Özbəkistan Muğam Forumunda

post-img

UNESCO və İSESCO-nun himayəsi ilə Özbəkistanın Cizzax vilayətinin Zamin şəhərində öz işinə başlayan II Beynəlxalq Muğam Forumu çərçivəsində “Muğam sənətinin inkişaf perspektivləri: nəzəri və praktiki əsaslar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.

Özbəkistanla yanaşı, Amerika Bir­ləşmiş Ştatları, Azərbaycan, Türkiyə, İn­giltərə, Fransa, Rusiya, Kanada, Misir və Tacikistan alimlərinin iştirak etdikləri kon­fransa Azərbaycan Milli Konservatoriya­sının (AMK) prorektoru, professor Lalə Hüseynova, professor Abbasqulu Nəcəf­zadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırova, AMK-nin müəllim və doktorantı Fərdin Məmmədzadə, AMEA Memarlıq və İncəsənət İnstitutunun apa­rıcı elmi işçisi, fəlsəfə doktoru Sehranə Qasimi də qatılıblar. 

Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov məclisi açaraq ölkədə makom – muğam sənətinin inki­şafı istiqamətində görülən işlərdən danı­şıb, həyata keçiriləcək layihələr haqqın­da məlumat verib, tədbir iştirakçılarına uğurlar arzulayıb. TÜRKPA-nın Baş kati­bi Mehmet Surayya Er muğam sənətinin əsasən Türk dünyasında və müsəlman Şərqində yayıldığını vurğulayıb, son illər­də muğamın populyarlaşması yönümün­də görülən işlərdən danışıb. 

Sonra “Özbək muğamının tarixi və nəzəriyyəsi”, “Şaşmakom tacik və öz­bək xalqlarının mənəvi birliyinin bədii simvolu kimi”, “Buxara muğam ifaçılığı ənənələri”,”Muğamlar haqqında nadir mənbələr”,”Xarəzm muğamının ifaçılıq ənənələri”,”Fərqanə–Daşkənd muğamı: növləri və ənənələr” və digər mövzularda məruzələr dinlənilib.

Konfransda Lalə Hüseynova, Sə­nubər Bağırova və Abbasqulu Nəcəf­zadənin Azərbaycanda muğam sənə­tinin tarixi, etimologiyası, vokal ifaçılığı ənənələri, muğam sənətkarlığı, bu sahə­nin klassik və müasir ifaçıları, sazəndə və tarzən sənətkarlığı və digər mövzular­da məruzələri maraqla qarşılanıb. 

Konfrans öz işini bu gün də davam etdirir. 

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Cizzax vilayəti, Zamin şəhəri

Mədəniyyət