Daha nağılları nənələr demir

post-img

Göydən düşən də 3 alma deyil, dərd, bəla, ağrıdır

Biri vardı, biri yoxdu, şirin-şirin nağıl deyən nənə-babalar, o nağıllara öz sabahı kimi baxan nəvələr vardı. O nağıllarda Cırtdan, Məlikməmməd, Göyçək Fatma, Tənbəl Əhməd, Div, Təpəgöz vardı. Nağılın sonunda göydən mütləq 3 alma düşərdi. Soyuq qış gecələrində biri-birindən şirin, bəzən də qorxulu nağılları dinlədikcə, özümüzü o nağılların qəhrəmanları sanardıq. Yuxuya getdikdən sonra üçbaşlı əjdaha, tilsimli kosa ilə vuruşardıq.

Məktəb illəri başlandı. Elə ki ya­zıb-oxumağı öyrəndik, müəllimlərimiz də başladı bizlərə nağıl danışmağa. Ev tapşırıqlarımız da bəzən nağıllardan ibarət oldu: “Filan nağılda müsbət qəh­rəman”. Beləcə, nağıllarla illəri geridə qoyduq. O nağıllar bizə çox şey verdi. Yəqin etdik ki, Xeyirlə Şərin müba­rizəsində tez-gec haqq-ədalət, düzlük qalib gəlir. Öyrəndik ki, Vətən torpağı müqəddəsdir, onu həyatımız bahasına da olsa, qorumalıyıq. Bildik ki, adət-ənənəyə hörmət hər kəsin borcudur...

Artıq dünya dəyişib. Hər şey bu günə və sabaha köklənib. İndi illər özündən sonra yaddaşlara şirin nağıla dönəcək çox az iz qoyur. Əslində, yeni nəsil də keçmişə boylanıb olub-keçən­ləri vərəqləmək istəyində deyil. Dünya qloballaşdıqca elə bil yaxşı olan nə var­sa dəyərsizləşir. Bir vaxtlar əlçatmaz görünənlər adiləşir, gözəgörünməz kürədə əriyərək, müxtəlif metalların qa­rışığından ibarət xəlitə kimi formalaşır.

İndi analar öz körpələrinə laylay demək istəmir, qaranquşlar insanlar­dan ehtiyatlanaraq onların yaxşı görə bilmədikləri yerlərdə yuva qurmağa çalışır, arılar şirə toplamaq üçün çox uzaqlarda çiçək axtarır. Çünki bir vaxt­lar işıqlı rəngləri, bulaq suyu, təmiz havası ilə nağıla bənzəyən bu təzadlı dünyanın başı üzərindən neçə-neçə “Domokl qılıncı” asılıb - onu təhdid edir, hər an parçalamağa, məhv etməyə ça­lışır. Yəqin, buna görə dünya, insanlar doyunca gülə bilmir. Artıq Allahın ver­diyi əbədi nemətlər – hava, torpaq, su insanlar tərəfindən çirkləndirilib...

...Daha şirin-şirin nağıl deyən nə o nənə-babalar, nə də onlara qulaq as­maq həvəsində olan nəvələr var. Çünki indi söylənilən nağılların sonunda göy­dən üç alma düşəcəyinə heç kəs inan­mır. 

Bizim Loğman da elə bundan şi­kayətlənir. Çünki o, alma yeməyi çox xoşlayır və hər kəsə də məsləhət gö­rür ki, gündə iki-üç alma yesin. Amma orası da var ki, indi satılan almaları yeməklə nəinki sağlamlaşmaq, əksinə, adı bilinən və bilinməyən xəstəliklərə yoluxmaq, ən azından qarın ağrısına düşmək olar. Hətta üstü emblemli al­maları yeməklə ən qorxulu xəstəliyə düçar olmaq olar.

Bəli, dünya yaman dəyişib. İndi hər yer bazar kimidi. Buna görə də babat yaşamaq üçün gərək bazar adamı olasan. Elə ki “kruq”a düşdün, maya­landın, daha pula pul deməyəcəksən, “manqır” deyəcəksən. İşlərin xod ge­dəndə pulu kilo ilə çəkəcəksən. Arzu­ladığın hər şey olacaq, lap nağıllardakı kimi yaşayacaqsan və pulun adamına çevriləcəksən, qohum-qardaş çıxacaq yadından. Hər şeyi pulun gücü ilə he­sablayacaqsan. 

Onu da deyim ki, indi dil açmayan körpələr belə pulu yaxşı tanıyır, ağılları kəsdikcə pulun çox şey olduğunu yəqin edirlər. İndiki nağılların qəhrəmanları­nın çoxu nə əjdaha, nə də Təpəgözlə vuruşurlar. Onlar pul uğrunda vuruşur­lar. İndi elə fərasətli qəhrəmanlar var ki, gündə ayı kəsdirib yeyirlər. Bəlkə, heç fironun oğlu bu qələti eləməyib.

...İndi nağılları nənə-babalar yox, nəvələr uydurur. Özü də elə dəhşət­lisini ki, bu zamana kimi nə eşidilib, nə də qorxulu seriallara çəkilib. Buyur dinlə, qulaqlarını qapama: “Ötən şən­bə oğul atasını döyərək öldürüb, ana körpəsini zibilliyə ataraq qaçıb, nəvə pula görə nənəsini boğub...”. Deyin, bu nağıllardan sonra göydən üç alma düşər? Mənə görə, belə əməllərə görə gərək göydən meteorit düşsün. Çünki əsl nağılın sonluğu çox vaxt Xeyirin Şər üzərində qələbəsi ilə bitir, bugünün na­ğılları isə dəhşətli sonluqla.

...Günümüzün dəhşətli nağılların­dan biri gündə üç öynə yeyib yaşa­maq, sağlamlaşmaq əvəzinə, özümüzü zəhərlədiyimiz ərzaqlarla bağlıdır. İndi hansı çeşiddə istəsən məhsul var, özü də bol. Bir hissəsini özümüz yetişdirir, hazırlayırıq, xeyli hissəsi də xaricdən gətirilir. Üzlərinə baxanda hayıl-mayıl olursan, elə ki alıb yeyirsən, düşürsən partdam-partdama. Çünki o ərzaqlara insan orqanizminə ziyan verən mad­dələr vurulur. 

Digər tərəfdən, dükan-bazar, vaxtı keçmiş ərzaq məhsulları ilə doludur. Bir də görürsən ki, ticarət mərkəzlərin­də, bazarlarda yoxlamalar aparılır və istifadə üçün vaxtı keşmiş, kustar üsul­la hazırlanmış çoxlu ərzaq məhsulu, spirtli və rəngli içkilər müəyyən edilir. Düşünürsən ki, sabah dükana, bazara getsən, həmin məhsullara rast gəlməz­sən. Amma yenə “köhnə hamam, köh­nə tas”la üzləşirsən... Bəs neyləyəsən, nə yeyib-içəsən?!

Buna bənzər nağıllar bürüyüb hə­yatımızı. Hamı alır-satır. Hamı biri-birini aldatmağa çalışır. Daha nağıllara kim inanar? Daha göydən alma düşərmi? Məncə, düşsə, düşsə meteorit düşər!

Ümumiyyətlə, daha bizə nağıl la­zımdırmı?!

Səməd MƏLİKZADƏ

Sosial həyat