Balet təkcə incəsənət deyil, həm də incə sənətdir

post-img

Bakı Xoreoqrafiya Məktəbinin (hazırkı Bakı Xoreoqrafiya Akademiyası) yetirməsi olan Zaur Fətullayev görkəmli incəsənət xadimləri və pedaqoqlardan dərs alıb. Xatırlayır ki, qəbul komissiyası SSRİ Xalq artisti Leyla Vəkilova, Azərbaycanın Xalq artisti Konstantin Bataşov, bədii rəhbər, balerina Ella Almazova, pedaqoq Roza Hacıyeva, Əməkdar mədəniyyət işçisi Mayra Almaszadə və başqalarından ibarət idi. 3 il ərzində klassik rəqs üzrə ilk baza dərslərini aldığı müəllimi isə həm də opera və balet teatrının məşq ustası Qalina Rodomskaya oldu. 

Ardınca məşhur balerina Yelena Butuninanın sinfində oxudu. Buraxılış sinfində yekun konsertində Sezar Puninin “Markitant qız” baletindən Pa-de-sis rəqsini, Volfqanq Amadey Mosartın musiqisinə Tamilla Şirəliyevanın quruluş verdiyi “Üvertüra”nı və Pyotr Çaykovskinin “Sonalar gölü” baletindən “İspan rəqsi”ni məharətlə ifa edərək, Leyla Vəkilovadan xeyir-dua alıb. Zaur Fətullayev Xalq artisti Çimnaz Babayevanı da özünün ustadı sayır. Deyir ki, onun sayəsində səhnəni qəlbən hiss etməyi öyrənib. Bu isə çox vacibdir. Axı, baletdə danışığı, monoloqları hərəkətlər, jestlər əvəz edir, rəqqas lazımi fikri seyrçiyə çatdırmaqdan ötrü bunları səviyyəli şəkildə təqdim etməlidir.

Zaur Fətullayev 90-cı illərin əvvəllərində Azərbaycanda baletə ögey münasibəti də, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ümumbəşəri mədəni dəyərlərə lazımi qiymət verilməsini də görən balet artistlərindəndir. Azərbaycan Dövlət Opera və Balet Teatrının repertuarının böyük qismində onun adı keçib. “Jizel”, “Min bir gecə”, “Qız qalası”, “Şelkunçik”, “Arlekinada” və digər baletlər bu sıradandır. Xalq artisti Mədinə Əliyeva və digər balet “ulduz”ları ilə səhnədə tərəf-müqabil olub. 

Zaurun debütü olan Adolf Adanın “Jizel”i üzərində saatlarca çəkən gərgin məşqlər onda böyük səhnədə, necə deyərlər, ayaqda qalmaq qabiliyyəti formalaşdırıb. Opera və Balet Teatrında çalışdıqca o, anlayıb ki, sənətin incəliklərini öyrənmək bitib-tükənən həvəs deyil. Bir müddət Türkiyədə, özəl balet məktəbində çalışdığı zaman da  təzə nələri isə öyrənməyə çalışıb. Hazırda Moskva Dövlət Xoreoqrafiya Akademiyasında təhsilini davam etdirməsi onun sənətin bütün incəliklərinə vaqif olmaq əzminin göstəricisidir.    

Sənətkarın   sabahın qabiliyyətli pedaqoqu olacağına əminik.   

Əbülfəz BABAZADƏ,  
kulturoloq

 

Mədəniyyət