Vəcihə Səmədova – 100
Görkəmli rəssam, Əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində "Sənətkar ömrünün səhifələri" adlı rəsm sərgisi açılıb.
Əhvalyaradıcı sujetlərin təsviri, kompazisiya quruluşunda gözoxşayan mənzərələrin mahiranə izahı, ovqatyaradıcı görüntülərə üstünlük vermək, kolorit və təravətin kətan üzərindəki inikası unudulmaz fırça ustasının yaradıcılığının nəzərəçarpan tərəfləri kimi ekspozisiyada parlaq əksini tapıb. Bu özəllikər hər bir ziyarətçiyə bədii estetik zövq verir.
Sərgnin açılışında bütün bunlar barədə bilgi verən Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova rəssamın yaradıcılığındakı mövzu dairəsinin zənginliyi, sənətdəki dəst-xətti və bir-birindən rəngarəng kompazisiyaları barədə danışdı. O qeyd etdi ki, sərgidə Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına məxsus müxtəlif janrlarda 60-dək rəngkarlıq və qrafika əsəri yer alıb.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov bildirdi ki, Azərbaycanın ilk peşəkar qadın rəngkarı Vəcihə Səmədova seçilən dəst-xəttə malik rəssam kimi özündən sonra dəyərli irs qoyub. Onun geniş mövzu dairəsini əhatə edən əsərləri mövzu üzrə bölünmüş zallarda təqdim olunur. Sərgilənən mənzərə əsərlərində müəllifin canlı müşahidələri əsasında fırçaya aldığı Vətən torpağının əsrarəngiz təbiəti, qeyri-adi gözəllikləri canlanır.
Rəssamın nəvəsi Akşin Feyzullayev çıxış edərək, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür etdi. Sonra qonaqlar sərgi ilə tanış oldular.
Rəssamın sərgi ekspozisiyasında yer alan “İmtahandan qabaq”, “Xəbər gözləyərkən”, “Kəşfiyyatçı qocalar”, “Azərbaycan toyu” və digər tematik tabloları mükəmməl kompozisiya həllinə malik olmaqla canlı hiss və duyğuların təsviri ilə fərqlənir.
Onun 1961-ci ildə yaratdığı və sanki, öz bədii-estetik axtarışlarının zirvəsinə çatdığı “Kürün sahilində” tablosu ekspozisiyada xüsusi yer tutur. Bu əsərdə o bir daha böyük kolorist-rəssam qabiliyyətini, istedadının qüdrətini, dəst-xəttinin özəlliyini sübut edir.
Ekspozisiyanın xüsusi hissəsini Vəcihə Səmədovanın özünü sənətkar kimi təsdiq etdiyi aparıcı janrlardan olan portret əsərləri təşkil edir. Burada yer alan tanınmış elm, sənət və zəhmət insanlarının obrazları, eləcə də, rəssamın avtoportreti onlara xas individual aləmin özünəməxsus ifadəsi ilə seçilir. Savadlı, iradəli, öz gücünə güvənən müasir qadın xarakterləri görkəmli aktrisa “Leyla Bədirbəylinin portreti”, “Geoloq M.Məmmədbəylinin portreti”, “Memar Solmaz Səmədovanın portreti”, pambıqçı “Şamama Həsənovanın portreti” və digər portretlərdə dolğun şəkildə əksini tapıb.
Xatırladaq ki, Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə açılan sərgi noyabrın 25-dək ziyarətçilər üçün açıq olacaq.
Ceyhun ALIŞLI,
jurnalist