Türk dünyasını Koreyada tanıdan türkoloq

post-img

Türk dili ilə kore dilinin çox uzaq zamanlarda eyni kökdən ayrılması Koreya xalqı ilə Türk xalqları arasında tarixi, mədəni, mənəvi-psixoloji bir bağlılıq yaradıb. Təəssüf ki, bu sahə ilə məşğul olan, kore dilini dərindən bilən, Koreya  ədəbiyyatını orijinaldan tərcümə edən mütəxəssislərimiz yox dərəcəsindədir. Bu sahədə ilk addımları atan fədakar insanlar böyük hörmət və ehtirama layiqdirlər.  Onlardan biri və bəlkə də, birincisi koreyalı türkoloq, professor, xanım Oh Eun-kyungdur. Aşağıda onun haqqında verilən məlumatdan da göründüyü kimi, ömrünü türk xalqları mədəniyyətini Koreyada tanıtdırmağa həsr etmiş bu böyük alim, fədakar və gözəl  insan öz araşdırmaları ilə türkologiyaya dəyərli əsərlər qazandırmışdır.

Bu günlərdə Koreyanın ingilisdilli mətbuatında  Dongduk Qadın Universitetinin professoru Oh Eun-kyung ilə geniş müsahibə dərc edilmişdir. Xanım Oh Eun-kyungun mənə göndərdiyi müsahibəni çevirib oxuculara təqdim edirəm.

Sabir RÜSTƏMXANLI,
Milli Məclisin deputatı, Xalq şairi

Koreya “Türk qurşağı”na ümid və doğmalıqla baxır

Xanım Oh Eun-kyungun müsahibəsi

Prezident Yoon Seok-yeol 3 Mərkəzi Asiya ölkəsinə səfərə çıxacaq. Səfər ərəfəsində Koreyada  ilk “Türk Humanitar Elmlər Ensiklopediyası”nı  hazırlayıb nəşr etdirən xanımla görüşdük. 

Oh Eun-kyung Dongduk Qadın Universitetinin professoru, Avrasiya Türkşünaslıq İnstitutunun direktoru, ingilisdilli “Türkşünaslıq” jurnalının baş redaktoru,  Asiya-Sakit Okean  bölgəsinin qeyri-maddi mədəni irs mərkəzinin məsləhətçisidir. YUNESKO-nun (2016-2018), Özbəkistan Turan Elmlər Akademiyasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Seul Şəhər Diplomatiya Məsləhət Komitəsinin, Seul Şəhər Multikultural Ekspert Komitəsinin, Koreya Ədliyyə Nazirliyinin Qaçqınlar Komitəsinin  müşaviridir. 

Türkiyənin Ankara şəhərindəki Hacettepe Milli Universitetində türk ədəbiyyatı və müqayisəli ədəbiyyat üzrə fəlsəfə doktoru (1999), həmçinin Özbəkistan Elmlər Akademiyasında elmlər doktoru və professor elmi dərəcəsi almışdır (2014). 

Bu günə qədər o, türkologiya məsələlərinə dair müxtəlif dillərdə 150-dən çox elmi məqalə və 40 kitab nəşr etdirmişdir. “Türk ədəbiyyatında Koreya savaşı” (türk, ingilis), “XX əsr türk və Koreya ədəbiyyatında qadınlar” (türk, Azərbaycan, ingilis), “Türk və Koreya qəhrəmanlıq dastanlarının müqayisəli təhlili” ( Özbək və rus) adlı elmi araşdırmaları, “İslamda qadın kimi yaşamaq” (Koreya)”, “Qadın və çarşablı İslam” (Koreya) əsərləri akademik dünyada xüsusi yayılmışdır. 

Onun rəhbərliyi altında  21 müəllifin iştirakı ilə Koreya dilində “Türk Humanitar Elmlər Ensiklopediyası” hazırlanmış və nəşr edilmişdir.

– Bu yaxınlarda “Türk Humanitar Elmlər Ensiklopediyası”nı nəşr etdirdiniz. Bu lüğət haqqında nə deyə bilərsiniz?

– “Türk Humanitar Elmlər Ensiklopediyası” türkologiyanı anlamaq üçün zəruri olan humanitar elmlərin bütün sahələrinə aid əsas anlayışları əhatə edir. “Türk Humanitar Elmlər Ensiklopediyası” Koreya Milli Araşdırmalar Fondunun dəstəyi ilə Dongduk Qadın Universitetinin Avrasiya Türkşünaslıq İnstitutu tərəfindən son 5 ildə həyata keçirilən fundamental tədqiqat işinin nəticəsidir. Bu ensiklopedik lüğətin əhatə etdiyi sahələr müxtəlifdir: türk humanitar elmləri, dil, ədəbiyyat, tarix, incəsənət, coğrafiya, folklor, din və s. Kitab və PDF e-kitab şəklində nəşr olunan və yayılan bu ensiklopediya 2000-dən çox girişi olan, 8 cilddən, 4500 səhifədən ibarət böyük həcmli mənbədir.

– Lüğət nəşr etmək asan məsələ deyil, amma “Türk Humanitar Elmlər Ensiklopediyası” Koreya cəmiyyətinə nə dərəcədə lazım idi ki, onu yaratmaq üçün belə çətinliklərə dözməli oldunuz?

– “Türkiyə qurşağı” ölkələrinin humanitar elmləri təkcə akademik dəyər baxımından deyil, həm də geosiyasi və geoiqtisadi baxımdan vacibdir. Bununla belə, ölkəmizdə hələ də geniş ictimaiyyətin türk ölkələri haqqında ilkin biliklərə  yiyələnməsinə ehtiyac var.  Bu vəziyyəti yaxşılaşdırmaq üçün, düşünürəm ki, hər şeydən əvvəl türkşünaslığı və əlaqəli humanitar elmləri əhatə edən belə bir lüğətə ehtiyacımız vardı.

ABŞ və Çin arasında münaqişə dərinləşdikcə, Koreya da müxtəlif əməkdaşlıq kanallarını təmin etməlidir. Xüsusən də, türk ölkələrinin bizimlə mədəni yaxınlığı var və geosiyasi baxımdan Asiya ilə Avropanı birləşdirən, Avrasiya qitəsinin əhəmiyyətli bir hissəsini tutan Qafqaz bölgəsi də bura daxildir. Biz Türk Şurasında iştirak yolu ilə Koreya şirkətlərinin iqtisadi və mədəni əməkdaşlıq şəbəkəsinin genişləndirilməsi  imkanlarını fəal şəkildə axtarmaqla Avrasiya qitəsi ilə əlaqələrimizi bütövləşdirə bilərik… 

Nəhayət, Türkiyə ilə Koreya arasında layihələr önəmli olsa da, türk ölkələri arasında da çoxtərəfli əməkdaşlıq layihələri və sistemləri lazımdır. Hətta B2B layihələrini həyata keçirən iri şirkətlər üçün də hökumətin köməyi olmadan işləmək asan deyil. Ona görə də istənilən vaxt korporativ problemlərin həlli və məsləhətləşmə xidmətləri göstərmək üçün “Koreya–Türkiyə İqtisadi Əməkdaşlıq Mərkəzi (şərti adı)” adlı özəl qurum yaradılmalıdır. Sonra hər bir türk ölkəsi ilə belə bir təşkilat qurulmalı və baş nazirə qədər bir əlaqə kanalının fəaliyyəti təşkil edilməlidir.

– Koreyanın türk ölkələrində diqqət yetirməli olduğu humanitar hədəf varmı?

– Cənubi Koreya Türk qurşağı ölkələrinə dil və mədəniyyət baxımından digər etnik qruplardan daha yaxındır. Bu, yaxınlıq deyilən anlayışa əsaslanır. Odur ki, Avrasiyanın türk ölkələri ilə  əlaqələrini, dil və mədəni yaxınlığını müəyyən edərək, qarşılıqlı anlaşma mövqelərini genişləndirmək üçün bu regionda humanitar elmlərin araşdırılmasını  genişləndirmək və gücləndirmək vacibdir. 

İpək yolu üzərində  Koreya mədəniyyəti ilə mənşəcə yaxın olan türk ölkələri arasındakı mədəni bağı gücləndirib siyasi və iqtisadi mübadilə üçün əsas kimi istifadə etsək, bunun mühüm milli sərvətə çevriləcəyinə inanıram. Nəzərə almalıyıq ki, bunlar ABŞ və Çin arasındakı gərginliyin, eləcə də Çinlə tarixi və mədəni münaqişələrin öhdəsindən gəlmək üçün imkanları olan ölkələrdir.

– Koreya Türkiyə və digər türk dövlətləri ilə siyasi və iqtisadi sahədə qarşılıqlı əlaqə qurarkən nələrə diqqət etməlidir?

– Gözlənilən dəyər o qədər böyükdür ki, buna Koreyanın kəşf edə biləcəyi son bazar  da demək olar. Buna baxmayaraq, reallıqda yerli türk xalqları və ya türk ölkələri ilə bağlı araşdırmalar lazım olduğu qədər fəal aparılmır. Tədqiqat apara biləcək kifayət qədər mütəxəssis, meydana çıxa biləcək istedadlı adamlar çox deyil.

Bu reallıqda türk ölkələri Koreya üçün çox mühüm siyasi və iqtisadi tərəfdaşlardır. Xüsusilə, Bayden administrasiyasının inaqurasiyasından sonra ABŞ Rusiya və Çinlə çox həssas qarşıdurma içərisindədir. Belə bir zamanda Koreya diqqətini Mərkəzi Asiyanın türk ölkələrinə yönəltməlidir. Çünki Rusiya və Çinlə aradakı gərginlik əslində Orta Asiyanın türk ölkələrinə doğru irəliləmək üçün daha böyük fürsət ola bilər. Bayden administrasiyasının iqlim sazişinə qoşulması və karbon neytrallığı siyasəti bütün dünyada paradiqmanı dəyişdi. Karbon sərhəd vergisinin tətbiqi şirkətlərin və ölkələrin sağ qalması üçün kritik təhlükəyə çevrildi. Bərpaolunan enerji və yeni yaşıl siyasətlərlə iri yerli şirkətlər ABŞ kimi qabaqcıl bazarlara hakim olmaq üçün yarışırlar. Mərkəzi Asiya ölkələri təkcə təbii sərvətlərə malik ölkələr deyil, həm də külək və günəş enerjisi kimi bərpaolunan enerjinin istehsalı üçün mükəmməl təbii mühitə malikdir.     

Avtomobillərə gəldikdə isə, Özbəkistan Prezidenti avtomobil istehsal xətlərini elektrik avtomobil xətlərinə çevirmək planlarını açıqladı. Koreya şirkətləri bu mühitdən təkan kimi istifadə edərək liderlik etməlidirlər.

Bayden administrasiyası əməkdaşlıq kanallarını şaxələndirmək üçün “C5+1” yaratdı və Mərkəzi Asiyaya böyük diqqət yetirməyə başladı. Görünən odur ki, Mərkəzi Asiya ölkələrində də ABŞ-ın təsiri arta bilər. Türk ölkələri iqtisadiyyatlarının böyük bir hissəsində əsas investorlar Rusiya və Çindən asılıdır. Bu ölkələr arasında ictimai əhval-ruhiyyə tarixən o qədər də müsbət olmayıb və onlar imkan daxilində bir-birilərindən müəyyən məsafə saxlamaq istəyirlər. Bu boşluq Türkiyə üçün böyük ölçüdə sızmaq imkanı yaradıb və  bölgəyə güclü, görünməz təsir göstərir. Bununla belə, Türkiyənin texnoloji imkanlarının zəif olduğu sahələr var. Koreya şirkətləri enerji, avtomobil, ağıllı təsərrüfatlar, səhiyyə və   texnoloji imkanlar tələb edən sənayelərin rəqəmsallaşdırılması kimi sahələrə girib sərmayə qoymağa can atırlar.

Siyasi baxımdan türk ölkələri beynəlxalq arenada qeyd-şərtsiz Cənubi Koreyanın tərəfini tuta bilən ölkələrdir. Beynəlxalq vəziyyətin gedişatına görə Koreyanın belə “səslərə” ehtiyacı var. Çinin  böhran və ya münaqişə vəziyyəti yaratması halında türk ölkələrini razı salmaqla Çinə təzyiq etmək vasitəsi yaradıla bilər. Bir məsələ də var ki, Orta Asiyanın türk ölkələrində, o cümlədən Özbəkistanda 180 min, Qazaxıstanda 100 min koreyalı soydaşımız yaşayır. Koreya diasporu ümumiyyətlə, Şimali Koreyada qohumları olan və Şimali Koreyaya sərbəst səyahət edə bilən insanlardır. “Koryoin (Koreya diasporu)” həm də Şimali və Cənubi Koreya arasındakı münaqişə vəziyyətlərində mühüm rol oynaya biləcək insan resursudur.

Beləliklə, Türk dünyası bir çox sahələrdə Koreya üçün yüksək gələcək dəyəri olan ölkələrdir. Bununla belə, bu cür əməkdaşlığın və dostluq münasibətlərinin özülünə hər şeydən öncə, tarix və mədəniyyət baxımından çoxsaylı təbəqələrdə toplanmış ənənəvi bilgilərdən qidalanmaq lazımdır. Məhz buna görə də türk dövlətlərinin tədqiqi humanitar elmlərə əsaslanmalı, sonra isə siyasət, iqtisadiyyat, diplomatiya və təhlükəsizlik tədbirlərini əhatə edəcək şəkildə genişləndirilməlidir.

– Koreyada türk ölkələri ilə bağlı mütəxəssislərin hazırlanmasına təcili ehtiyac olduğunu dediniz. Başqa hansı tədbirlərə ehtiyac var?

– Düşünürəm ki, Koreya hökuməti türk ölkələrində ekspertlərin yetişdirilməsi üçün xüsusi tədbirlər görməsə, Koreyanın türk dövlətləri, o cümlədən Mərkəzi Asiya ilə münasibətlərinin inkişafı çətin olacaq. İstedadlı şəxsiyyətlər və mütəxəssislər yetişdirmədən gələcək haqqında düşünə bilmərik.

Hər şeydən əvvəl universitet sistemində islahatlar aparılmalıdır. Son zamanlar yerli universitetlər 1-ci ixtisasla yanaşı, 2-ci ixtisası və yan sistemləri də genişləndirirlər. “Mikrodərəcə kursları” da yaranır. Türk dövlətində ekspertlər yetişdirmək üçün biz bu sistemdən fəal istifadə etməliyik. Bu, türkşünaslıqla ixtisası birləşdirən ekspert kursu yaratmaqla ekspertlər hazırlamaq planıdır.

– Gələcəkdə Türkiyə və digər türk dövlətləri ilə əlaqələri inkişaf etdirmək üçün başqa hansı tövsiyələriniz var? 

– Türk dövlətləri ilə davamlı əməkdaşlığa imkan verən qurum və sistemlərin yaradılmasına ehtiyac duyulur. Hər şeydən əvvəl,  mütəxəssis yetişdirmə planı hazırlanmalıdır. Biz əsas universitetləri inkişaf etdirmək və fəal şəkildə türk bölmələri açmaq yollarını axtarmalıyıq. Hazırda Koreya hökuməti tərəfindən irəli sürülən insan mübadiləsi və istedadın inkişafı tədbirləri Mərkəzi Asiya ölkələrində koreyaşünaslıq və Koreya dilini dəstəkləməyə, yerli hökumət rəsmilərini və tələbələri Koreyaya cəlb etməklə xaricdə təhsil imkanlarını təmin etməyə yönəlib. Mühüm universitetləri inkişaf etdirmək üçün layihələr və fondlar yaratmaq və türk bölmələrinin açılmasını təşviq etmək vacibdir. Hazırda Təhsil Nazirliyində Beynəlxalq Təhsil üzrə Milli İnstitut tərəfindən həyata keçirilən xüsusi xarici dil təhsilinin təşviqi layihəsi mövcuddur, lakin fənlər­arası ixtisaslar şəklində şöbələrin açılmasına və həm əsas, həm də regional təcrübəyə malik istedadların yetişdirilməsinə təcili ehtiyac var. Təhsil Nazirliyində, Koreya Milli Araşdırmalar Fondunun nəzdində Türkşünaslıq fondu yaradılmalıdır.

İkincisi, Koreya hökumətinin “Türk Dövlətləri Təşkilatı”na assosiativ üzv kimi daxil olması zəruridir. 2010-cu ildə yaradılan qurum hazırda türk ölkələri arasında siyasət, iqtisadiyyat, cəmiyyət, mədəniyyət, təhsil, ticarət, nəqliyyat və logistika daxil olmaqla bütün sahələrdə əməkdaşlığı gücləndirir. Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan tamhüquqlu, Türkmənistan və Macarıstan isə assosiativ üzvlərdir. 

XQ 

 





Mədəniyyət