Qədim Çövkənin çağdaş təntənəsi

post-img

Milli oyunumuz artıq dünya idmanında yer alıb

Azərbaycanda çox qədim zamanlardan təşəkkül taparaq məşhurlaşan çövkən bu gün doğma yurdumuzda özünün əsl inkişaf dövrünü yaşayır. Təsadüfi deyil ki, bu atüstü milli oyunumuzun şöhrəti dünyanı gəzib dolaşır. Bugünlərdə Bakıda təşkil olunan dünya çempionatında milli cinsdən olan atlarımız eksteryer görünüşü, rəng və bədən göstəriciləri, dözümlülüyü, çevikliliyi ilə bir daha tamaşaçıları, mütəxəssisləri heyran qoydular. 

Binə Atçılıq Mərkəzində 6 gün davam edən mundialda Azərbaycan komandası ilk matçlardan başlayaraq, sonacan əzmkarlığı ilə fərqləndi. Qalib adı uğrunda keçirilən final qarşılaşmasında Mərakeş yığmasını 2:0 hesabı ilə məğlub edən “cəngavər”lərimiz dünya çempionatının qalibi oldular. Rəqib komandanın qapısına hər 2 qolu Elçin Camallı vurdu. Elə yarışın bombardiri adına da 10 qolla E.Camallı layiq görüldü. Bununla da, Azərbaycan millisi ardıcıl ikinci dəfə çövkən üzrə dünya çempionatının qalibi oldu. 

Üçüncü yer uğrunda yarışda isə Özbəkistan Nigeriyadan daha güclü olduğunu nümayiş etdirdi. Gərgin idman mübarizəsi şəraitində keçən matçda Özbəkistan rəqibini 3:1 hesabı ilə məğlub edərək bürünc medala sahib oldu. 

Yarışın bağlanış mərasimində Qarabağ atlarının Böyük Britaniyada “Vindzor Kral Atçılıq Şousu”nda, Türkiyə və İsveçrədə nümayiş etdirdiyi möhtəşəm şou-kompozisiya onu izləyənləri məftun etdi. 

Mundialı ikinci yerdə tamamlayan Mərakeş yığmasına fəxri fərman və medalları Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev, dünya çempionu adına layiq görülən millimizə isə kuboku Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təqdim etdilər.

Yarışın sonunda mətbuata müsahibə verən Beynəlxalq Çövkən Federasiyasının (BÇF) prezidenti Bəhruz Nəbiyev ilk dəfə Azərbaycanda yaradılan BÇF-nin bayrağı altında birinci rəsmi yarışda komandaların layiqincə mübarizə apardıqlarını bildirdi: 

– Komandalar çox gözəl, fərqli oyun göstərdilər. Ötənilki yarışda iştirak edən ­yığmalar özlərini daha da təkmilləşdiriblər. Sevindirici məqamlardan biri də, həm atların, həm də idmançıların yarışı zədəsiz başa vurmalarıdır.

B.Nəbiyev yarış günlərində qurumun növbədənkənar ikinci Baş Assambleyasının keçirildiyini və burada bir sıra vacib qərarların təsdiq olunduğunu vurğuladı. Bildirildi ki, Assambleyada beynəlxalq çövkən qaydaları təsdiq edildi:

– Növbəti ildə Afrika, Avropa və Cənubi Amerikada yarışların təşkili nəzərdə tutulub. İkinci rəsmi dünya çempionatı isə 2026-cı ildə keçiriləcək. Yarışın məkanı və keçirilmə tarixi barədə gələn il qərar qəbul ediləcək. 2025-ci ildə Polşada Avropa çempionatı təşkil olunacaq. 

BCF-nin baş katibi Maciej Miçel Olbriç Bakıda dünya çempionatının gərgin, lakin maraqlı mübarizə şəraitində keçdiyini bildirdi:

–Turnir ilk yarış idi ki, Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə keçirildi. Mundialda 10 komandanın hər biri layiqincə mübarizə apardı. İki ildən bir təşkil edilən dünya çempionatının evsahibliyi Azərbaycana etibar edildi. Azərbaycanın möhtəşəm təşkilatçılıq qabiliyyəti var. Ölkəniz belə mötəbər turnirlərin yüksək səviyyədə təşkilində zəngin təcrübəyə malikdir. Ümid edirik ki, 2026-cı ildə təşkil ediləcək mundiala da Azərbaycan ev sahibliyi edəcək. 

Polşalı mütəxəssisin sözlərinə görə, gələcəkdə dünya çempionatında iştirak edəcək ölkələrin sayının artırılması üçün tədbirlərin təşkili nəzərdə tutulub. O, çövkənin öz coğrafiyasını getdikcə genişləndirdiyini diqqətə çatdırdı. Sonda növbəti dünya çempionatında 20-yə yaxın komandanın mübarizə aparacağına ümid etdiyini dedi. 

Leyla QURBANOVA 
XQ

 

İdman