Xəbər verilidiyi kimi, ötən ay Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına Azərbaycan Respublikası Baş nazirinin qərarı ilə “Milli” Teatr statusu verilib. Milli teatr sənətinin inkişafında böyük rolu olan hər iki sənət məbədinin yaradıcı heyəti buna layiq olduğunu illər boyunca sübut edib. Bu gün aramızda olmayan sənətkarların da ruhu şaddır. Onlardan biri Gəncə teatrının “külüng” vuranlarından olmuş Əməkdar incəsənət xadimi Həsən Ağayevdir.
Teatr tariximizdə öz yeri olan Gəncə Dövlət Milli Dram Teatrı yetirdiyi onlarca müqtədir sənətkarla fəxr edir. Bu barədə söhbət acarkən, ömrünü fədakarcasına sənətə həsr edən, tanınmış rejissor Həsən Ağayevi xatırlamamaq mümkün deyil.
Həsən Səfər oğlu Ağayev 1910-cu ildə Bakıda anadan olub, orada teatr məktəbində təhsil alıb, bir neçə il paytaxtda – Türk İşçi Teatrında çalışdıqdan sonra İrəvana gedib və oradakı Dövlət Azərbaycan Dram Teatrında aktyorluq edib. Eyni zamanda, rejissor sənətinə böyük maraq göstərib. Elə bu marağın nəticəsi olaraq Moskvada Anatoli Lunaçarski adına Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsində təhsilini davam etdirib. Bu çətin sənətin bütün sirlərinə vaqif olub.
O, 1939-cu ildə Gəncəyə gəlib. Müəyyən fasilələrlə 1939–1942 və 1962-1965-ci illərdə Gəncə Dövlət Milli Dram teatrının baş rejissoru kimi fəaliyyət göstərib. Cəfər Cabbarlının “Yaşar”, “1905-ci ildə”, “Aydın”, “Solğun çiçəklər”, “Almaz”, Səməd Vurğunun “Fərhad və Şirin”, Sabit Rəhmanın “Xoşbəxtlər”, “Əliqulu evlənir”, Nəcəf bəy Vəzirovun “Hacı Fərəc”, “Müsibəti-Fəxrəddin”, “Hacı Qənbər” (“Yağışdan çıxdıq, yağmura düşdük”), Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, “Lənkəran xanın vəziri”, Üzeyir bəy Hacıbəylinin “Ər və arvad”, Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq”, Süleyman Sani Axundovun “Eşq və intiqam”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Zülfüqar bəy Hacıbəylinin “Əlli yaşında cavan”, Abdulla Şaiqin “Gözəl bahar”, Hüseyn Cavidin “Səyavuş” kimi əsərlərinə maraqlı səhnə həyatı bəxş edib.
Teatr 1945-ci ildə klassik əsərlərin tamaşaya qoyulması üzrə Ümumittifaq müsabiqəsində N.V.Qoqolun “Müfəttiş” komediyası ilə iştirak edib. Məhz Həsən Ağayevin rejissor işinə görə kollektivin yaradıcılıq nailiyyəti yüksək qiymətləndirilib. Onun verdiyi quruluşlarda hər zaman müasirlik və ideya-bədii cəhətin dərki prinsipləri nəzərə alınmaqla, uğurlu səhnə təfsiri təqdim olunub. Çağdaş Azərbaycan dramaturqlarının əsərlərinin səhnə həyatı bu baxımdan nümunə sayılıb.
Məçid Şamxalovun 7 şəkildən ibarət 4 pərdəli “Qaynana” komediyasını ilk vaxtlar Bakıda teatr ictimaiyyəti zəif əsər kimi səciyyələndirmişdi. Lakin bu pyesə məhz 1957-ci ildə Gəncə Dövlət Milli Dram teatrının rejissoru Həsən Ağayev müraciət edərək cəsarətli addımı sayəsində komediyanın dəyərli səhnə həyatı yaşamasına nail olub. Tamaşanın quruluşçu rəssamı Bəhram Əfəndiyev, bəstəkarı isə Şəfiqə Axundova idi. Azərbaycan səhnəsinin ilk Qaynanası – Cənnət arvad obrazını isə Gürcüstan Respublikasının Əməkdar artisti Reyhan Tağıyeva ifa edib. Məhz Həsən Ağayevdən sonra Məçid Şamxalovun “Qaynana”sı digər Azərbaycan teatrlarında da səhnəyə qoyulmağa başlayıb və bu pyesin motivləri əsasında eyni adlı bədii filmi də çəkilib.
Gəncə Dövlət Milli Dram teatrının səhnəsində Jan Batist Molyerin “Jorj Danden”, “Mıqqı Kərim” (Vasvası xəstə), Mixail Lermontovun “İki qardaş”, Konstantin Simonovun “Vətən oğlu” (Bizim şəhərli oğlan), “Rus məsələsi”, Uilyam Şekspirin “Otello”, Lev Şeynin və Tur qardaşlarının “Fövqəladə qanun”, Nikolay Qoqolun “Müfəttiş”, Leonid Malyuginin “Köhnə dostlar”, Vasili Şkvarkinin “Özgə uşağı”, Anatoli Boryanovun “O tayda”, Karlo Qoldoninin “Məzəli hadisə”, Rabindranat Taqorun “Fəlakət” romanı əsasında Aleksandr Ginzburqun “Qanq qızı” (Kəmalə), Borus Lavrenyovun “Hücum”, Kita Buaçidzenin “Həyətdə qapan it var”, Mustay Kərimin “Aygül diyarı” pyesləri rejissor Həsən Ağayevin maraqlı səhnə təsviri verdiyi əsas tərcümə əsərlərinin bir qismidir. Hər zaman bu pyeslərin səhnə mizanlarında özünün prinsipial yanaşmalarına daha çox üstünlük verən Həsən Ağayev elə bu keyfiyyətlərinə görə daim uğur qazana bilib.
Gəncə Dövlət Milli Dram teatrının rejissoru, mərhum Xalq artisti Vaqif Şərifov sənətkar haqqında xatirələrində yazırdı: “Həsən Ağayev mənim yaddaşımda hər zaman böyük bir şəxsiyyət olaraq xatırlanır. Bu insan çox alicənab, həm də müdrik dünyagörüşlü bir şəxsiyyət idi. O, həm də bizimlə rəftarında ölcülü-bicili davranışı ilə böyük bir nümunə idi. Həm də yaddaşlarda məşqlər zamanı həddən ziyadə tələbkar olması ilə iz salıb. Biz onun məşq proseslərinə özünün icazəsi olmadan zalda əyləşib baxa bilməzdik. Həsən Ağayev mənim sənət müəllimlərimdən biri idi. Onun sənət məktəbindən biz gənc rejissorlar çox öyrənməli idik”.
Teatr sahəsindəki xidmətlərinə görə 1958-ci il may ayının 20-də Həsən Ağayev Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. O, 1986-cı il iyunun 20-də Gəncə şəhərində vəfat edib. Ruhu şad olsun.
Anar Ərtoğrul Burcəliyev
Teatrşünas