“Çağ”ın söz palitrasını yaratmış filosof

post-img

Düz 30 il əvvəl Masallıda tanış olduq. Rahid Ulusel yerli “Yeni həyat” qəzetinin baş redaktoru idi, mənsə AzTV-nin bölgə müxbiri. Ölkə üzrə ilk dəfə Masallıda aqrar islahatlara start verilmişdi. O vaxtkı icra başçısı, daha öncə Moskvada TASS-ın müxbiri olmuş jurnalist Teymur Yəhyayev heç birimizə nəfəs dərməyə imkan vermədən, islahatların gedişindən reportajlar, təhlili yazılar hazırlamağı tövsiyə edirdi. Hər dəfəsində də Rahid müəllim “Oldu, yaxşı”, – deyir və üz ağartmağa çalışırdı.

Sonra mən də, elmlər namizədi olan Rahib də Bakıda işlədik. Az-az görüşürdük, amma Rahid Uluselin elm sahəsində qazandığı uğurlardan xəbər tuturdum. İllər sonra bir dəfə Azərbaycan Yazıçılar Birliyində (AYB) kiminsə kitabının təqdimatında rastlaşdıq və isti-isti hal-əhval tutduq. O, artıq Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycanda Atatürk Mərkəzinin elmi işçisi, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü, fəlsəfə elmləri doktoru, professor idi. Bir daha gördüm ki, elə vaxtilə Masallıda olduğu kimi, indi də üz ağartmağında, baş ucaltmağındadır. 

Rahid Uluselin “Çağlar. Düşünərliyin zaman qatları” kitabına məhz poeziya və fəlsəfənin vəhdətindən yoğrulan ayrıcları – ikilik, dördlük və rübailəri (poetik aforizmin yeni örnəkləri), bir neçə seçmə şeiri daxil edilib. Kitab bütöv bir dünyagörüşünün bir-birinə bağlı seçkin təzahür mənzərələrini yaradan “Mütəfəkkir”, “Varlıq çağı”, “İnsan çağı”, “Duyğu çağı”, “Dəyər çağı” “Həqiqət çağı”, “Söz çağı”, “Ox çağı”, “Çağların körpüsü” və “Səndən başlayıb məndə bitməyən dünya” bölümlərindən ibarətdir. Hər yazısı düşündürücü təsir bağışlayan, özəl müəllif yanaşmaları ilə diqqət çəkən toplunun redaktorları filosof Niyazi Mehdi və şair Vaqif Bəhmənlidir. 

Onun “Düşüncə vadisi. Aforizmlər” (“An Oasis of Thoughts. Aphorisms”) adlı digər kitabı Azərbaycan, Türkiyə, Rusiya və İrandan sonra Almaniyada da çap olunub. Professorun fəlsəfi yaradıcılığında mühüm yer tutan bu aforizmlər insanla dünyanı vəhdətə gətirən ən qırılmaz telləri daha da möhkəmləndirmək, həyatımızın məna bolluğunun dərinliyinə varmaq, çatışmazlıqları görüb qətiyyətlə üzə çıxarmaq enerjisini daşıyır. Onlar ümumən aforizmin janr palitrasını (deyimlər, atmacalar, maksimlər, lakonizmlər, paradiqmalar və s.) özünəməxsus forma biçimində, məzmun zənginliyində əks etdirir. Kitabın əsas məqsədi yaşadığımız tarixi zamanın – XXI əsrin yaradıcı ideya qaynaqlarını oyatmaqdan, bəşəriyyətin epoxal inkişafı yönündə qarşılaşdığı çətinlik, gərginlik və böhranlara refleksiya vermək gərəyindən ibarətdir.

Azərbaycanlı filosofun ayıq və ­məsuliyyətli düşüncəni insanlığın universal dəyərlərinin necə yaşadılması üzərində cəmləyən bu kitabı Avropanın mötəbər kitabxanalarında və “Amazon” da daxil olmaqla dünyanın bir sıra aparıcı saytlarında satışa təqdim edilir. Ümumiyyətlə, alimin 22 dəyərli kitab və monoqrafiyası çap olunub. 

Rahid Uluselin bədii-fəlsəfi kitabları özünün tərcüməsində  xarici ölkələrdə də  çapdan çıxıb. Bu fakt yadıma salır ki, onun gəncliyinin daşar axtarış çağlarından bəri könül verib sevdiyi, haqqında esselər yazdığı, əsərlərindən tərcümələr etdiyi, Şərqlə Qərbin sənət və fəlsəfə məktəblərinin “məzun”u Cibran Xəlil Cibran bütün dünyada 100-dən çox dildə 10 milyonlarla tirajda çap edilərək yayıan məşhur “Peyğəmbər” əsərinə qrafik illüstrasiyaları da özü çəkərək, sanki, ruhunu cismaniləşdirib. Adının mənası Allahı sevən, ruh adamı olan Rahid Ulusel də öz əsərlərini özü tərcümə etməklə məna ruhunu qorumağa çalışıb. 

Rahid Ulusel 1954-cü ildə  Masallı rayonunun Kəlbəhüseynli   kəndində dünyaya gəlib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Rayonda müəllim, icra hakimiyyəti başçısının müavini, baş redaktor vəzifələrində çalışıb. 1990-cı ildə “Humanitariya metasistemi” konsepsiyasına görə keçmiş SSRİ Təhsil Nazirliyinin medalına layiq görülüb. 2007-ci ildə Bakı Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edib. Bir ara Qərb Universitetində fəlsəfə və kulturologiya üzrə mühazirələr aparıb. “Qlobalistika və Sivilizasiologiya” Elmi Araşdırmalar İctimai Birliyini yaradıb. Rəhbəri olduğu bu təsisat 2011-ci ildə      bütün Cənubi Qafqazda ilk elmi qurum olaraq Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasına üzv qəbul edilib. 

Rahid Ulusel 1989-cu ildən Yazıçılar Birliyinin üzvüdür, yaradıcı şəxs kimi Prezident təqaüdçüsü olub. Biokosmologiya Assosiasiyasının Yaxın Şərq üzrə vitse-prezidenti, “Biokosmologiya – neo-­Aristotelizm” jurnalının redaksiya heyətinin üzvü olub. Hazırda  AMEA Fəlsəfə İnstitutunun Dissertasiya Şurasının, Ədəbiyyat İnstitutunun Elmi Əsərləri – “Poetika.izm”in redaksiya şurasının üzvüdür. XXII və XXIII Dünya Fəlsəfə Konqresləri (Koreya, Seul Universiteti, 2008 və Yunanıstan, Afina, 2013), VIII Dünya Konqresi (İsveç, Stokholm, 2010), II Beynəlxalq Konfrans (ABŞ, Harvard Universiteti, 2011) və bir sıra digər beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil edib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycanın dünya birliyinə inteqrasiyası: Mədəniyyətlərin İpək Yolu” (2009) layihəsini həyata keçirib, layihə çərçivəsində müvafiq kitabları çap etdirib. Dövri mətbuatda esseləri və əsasən, elmi jurnallarda fəlsəfə, estetika, kulturologiya, filologiya problemlərinə dair 200-dən çox məqaləsi dərc olunub. Elmi nailiyyətlərinə görə 2917-ci ildə AMEA tərəfindən “İlin alimi” adına layiq görülüb.

 Ömrünün 70-ci baharını yaşayan, kitabları dünyanı gəzən alim dostumuza daha böyük uğurlar diləyi ilə:

Əli NƏCƏFXANLI 
XQ

 

Mədəniyyət