“Ulduz”un yeni poeziya ulduzları

post-img

“Ulduz” aylıq ədəbiyyat dərgisi və Azərbaycan Yazıçılar Birliyi (AYB) Ədəbiyyat Fondunun  unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş, 35 yaşa qədər qələm adamları arasında keçirdikləri  poeziya müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

Müsabiqənin informasiya dəstəkçisi olan “Ədəbiyyat və İncəsənət” portal xəbər verir ki, AYB-nin Natəvan klubunda keçirilən mərasimdə ədəbiyyat və ictimaiyyət xadimləri, media nümayəndələri iştirak ediblər. 

AYB-nin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü ilə keçirilən müsabiqənin münsiflər heyətinin sədri qurumun katibi, şair Səlim Babullaoğlu, üzvləri isə tənqidçi Seyfəddin Hüseynli, filoloq Günay Səma Şirvan, şair Taleh Mansur, yazıçı Varis idi. Onlarla iştirakçının qatıldığı yarışmanın qalib və mükafatçıları elan olunub. Cavid Qasımov 1-ci yerə layiq görülüb. Rəşad Nağı Mustafa və Allahşükür Ağa 2-ci, Eminquey, Seyyidəli Sübhi və El Roman 3-cü yerlərdə qərarlaşıblar. 

Tədbirin aparıcısı – Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Varis Xalq şairi Vaqif Səmədoğlu yaradıcılığından söz açıb, onun xatirəsinə təşkil edilmiş müsabiqənin böyük maraqla qarşılandığına diqqət çəkib. Sonra Xalq yazıçısı Anar Vaqif Səmədoğlu ilə dostluğunun tarixçəsinin  maraqlı  məqamlarını xatırladıb, ölməz şairin yaradıcılığının əsas məziyyətlərindən söz açıb və qalibləri təbrik edib. 

AYB sədrinin müavini Rəşad Məcid Vaqif Səmədoğlu ilə bağlı xatirələrini bölüşüb,  şairin şeirlərindən nümunələr səsləndirib. “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs müsabiqənin əhatə dairəsi haqda məlumat verib. Vaqif Səmədoğlunun ömür-gün yoldaşı Nüşabə Vəkilova 85 illiklə bağlı tədbirlərə qiraət müsabiqəsi ilə start verildiyini diqqətə çatdıraraq,  bu  müsabiqənin  növbəti addım olduğunu qeyd edib. Müsabiqənin münsiflər heyətində təmsil olunan Seyfəddin Hüseynli və Taleh Mansur ayrı-ayrı iştirakçıların uğurlu poetik nümunələrindən söz açıblar.

Diplom və pulla mükafatlandırılan qaliblər sonda öz şeirlərini səsləndiriblər. Qeyd edək ki, müsabiqənin təşkilati dəstəkçisi “Kəpəz hospital” idi.

XQ

 

Mədəniyyət