Qədim türk yurdunun muxtariyyət statusu

post-img

(əvvəli XQ-nin 11 iyun 2024-cü il tarixli sayında)

Türkiyənin status dəyişikliyinə münasibəti

1923-cü il fevralın 27-də üçüncü Ümumnaxçıvan Sovetlər qurultayının qərarı əsasında Azərbaycan SSR tərkibində Naxçıvan Muxtar Diyarı yaradıldı. Lakin bu, beynəlxalq müqavilələrin müddəalarına zidd idi və Sovet–Türkiyə diplomatik münaqişəsinə gətirib çıxardı.

Bunun həlli isə Sovet Rusiyasının ali siyasi rəhbərliyinin müdaxiləsini tələb edirdi. RK (b)P MK Siyasi Bürosunun “23 avqust 1923-cü il tarixli iclasının, “uzun müddət gizli saxlanılan, 5 gün ərzində geri qaytarılmalıdır” başlığı altında saxlanılan materiallar buna sübutdur. Daha doğrusu, söhbət Qars müqaviləsi bağlandıqdan qısa bir müddət sonra Naxçıvanın siyasi həyatındakı vəziyyətlə əlaqədar RSFSR Xarici İşlər Xalq komissarı G.V.Çiçerinin RK(b)P MK Siyasi Bürosunun üzvü İ.V.Stalinə ünvanladığı memorandumdan gedir:

“23 avqust 1923-cü il. Yoldaş Stalinə

Nüsxəsi MK-nın üzvlərinə və XİXK-nin üzvlərinə

 Hörmətli yoldaş, biz bir dəfə Türkiyə hökumətindən Naxçıvanın Azərbaycan tərəfindən aneksiya olunmasına qarşı etiraz aldıq. Moskva və Kars müqaviləsinə əsasən, Naxçıvan Azərbaycanın himayəsi altında muxtar bir ərazidir. Türk hökumətinə məlumdur ki, Azərbaycan Respublikası MİK-nin qərarı ilə Naxçıvan Azərbaycan ərazisinin bir hissəsinə çevrilib, bu da Türkiyə ilə bağlanan müqavilələrə ziddir. Bizim bu məsələ ilə bağlı Tiflisə göndərdiyimiz bütün məktub və teleqramlarımız cavabsız qalıb. Yoldaş Orconikidze Moskvaya gələn zaman, mən ona bu haqda yazdım, indi isə Berlindən ondan cavab almışam ki, Naxçıvan bölgəsinin qurultayı onu Azərbaycanın ayrılmaz bir hissəsi elan edib və indi o qəza hüququndadır. Yoldaş Orconikidze əlavə edir ki, buna etiraz etmir, çünki bu Naxçıvanın öz hüququdur.

Bu, təəssüf ki, düz deyil. Əgər müqavilə üzrə hər hansı ərazi məlum statusa malikdirsə, onun statusu razılığa gələn tərəflər arasında razılıq olmadan dəyişdirilə bilməz. Məsələn, Lüksemburq əhalisinin özünün hansı istəyi olursa-olsun, nə Fransa, nə Almaniya, nə də Belçika tərəfindən aneksiya edilə bilməzdi. Beləliklə, bu halda həqiqətən Türkiyə ilə müqavilələrimizin pozulması baş verdi. Mən görürəm ki, Naxçıvanı nə üçün muxtar diyar elan etmək olmaz, bu da əslində, mahal kimi mövqeyindən xüsusilə fərqlənməyəcək.

 Kommunist salamı ilə, Çiçerin”.

Bu məruzəli məktub RK(b)P Mərkəzi Komitəsinin Siyasi Bürosunun 23 avqust 1923-cü il tarixli iclasında nəzərdən keçirilmiş və G.Çiçerinin təklifi qəbul edilmişdir.

 Unitar dövlət və muxtar respublika

Naxçıvan 1921-ci ildən Azərbaycanın muxtar qurumu kimi idarə olunurdusa da, 30-cu illərin ortalarına qədər o bəzən rəsmi sənədlərdə Naxçıvan SSR adlandırılmışdır. Bununla belə, Moskva və Qars müqavilələri beynəlxalq hüquqi akt kimi Naxçıvan Muxtar Respublikasının gələcək mövcudluğunun və inkişafının təminatçısı oldu. SSRİ, Azərbaycan SSR və Naxçıvanın MSSR-in sonrakı konstitusion aktları bu beynəlxalq müqavilələri əsas götürürdü.

Azərbaycan SSR-in 1927, 1937 və 1978-ci il konstitusiyalarında Naxçıvanın statusu ilə bağlı məsələlər öz əksini tapmışdı.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının VIII fəsli bütövlükdə Naxçıvan Muxtar Respublikasının statusuna həsr olunub. 134-cü maddədə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu Konstitusiya ilə müəyyən edilir və Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi göstərilir. Naxçıvanın muxtariyyəti Azərbaycanın unitar dövlət quruluşu formasına xələl gətirmir. 

Birincisi, Naxçıvanın muxtariyyəti siyasi ərazi muxtariyyətidir və bu status Azərbaycanın əsas ərazisi ilə birbaşa quru əlaqəsinin olmamasından irəli gəlir. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi “Əgər Zəngəzur mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi”. 

İkincisi, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası hazırlanarkən Azərbaycanın Konstitusiya quruluşunun əsasları ilə bağlı əsas xüsusiyyətlər – siyasi hüquq və azadlıqlar, vahid məhkəmə quruluşu, qanunvericiliyin vahid əsasları, vahid dövlət dili və dövlət rəmzləri, vahid vətəndaşlıq, vahid silahlı qüvvələr, vahid milli valyuta və maliyyə-kredit sisteminin tətbiqi nəzərə alınıb. Bütün bunlar unitar dövlət və beynəlxalq hüququn subyekti kimi Azərbaycanın suverenliyinə təminat verməklə Konstitusiyada öz əksini tapıb. Azərbaycan dövlətçiliyinin vahidliyi həm Azərbaycan Konstitusiyası, həm də Naxçıvan Konstitusiyası ilə təsbit olunub.

Hər zaman qətiyyət göstərən Naxçıvan diyarının əhalisi Azərbaycanın tərkibində muxtariyyət tələb edirdi. Naxçıvan, ilk növbədə yerli əhalinin mübarizəsi və qətiyyəti hesabına Azərbaycanın tərkibində qalmış oldu. Bunu Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri N.Yusifbəyli 1919-cu il avqustun 18-də parlamentdəki çıxışında bu barədə demişdi ki, İrəvan quberniyasının bütün türk rayonu, o cümlədən də Naxçıvan öz qüvvələri ilə istilaçıları devirərək təbii orqanizm saydığı Azərbaycanla birləşməyə hazır olduğunu bildirmişdi. 1921-ci ilin yanvarında keçirilmiş rəy sorğusunda isə əhalinin tam əksəriyyəti Naxçıvanın muxtariyyət statusunda Azərbaycanın tərkibində qalmasına səs verdi.

Unitar dövlətlər və onun tərkibində olan muxtar respublikalar məsələsi bəzən birmənalı anlaşılmır. Xüsusilə belə bir fikir vurğulanır ki, “unitar dövlətin tərkibində muxtar respublika ola bilməz”. Bu istiqamətdə tədqiqatlar aparan araşdırıcılar bunun əksini söyləyirlər. Qeyd edirlər ki, BMT üzvü olan 193 dövlətin böyük əksəriyyəti, yəni 85 faizə yaxını – 168-i unitar dövlətlərdir. Bu dövlətlərin 32-nin tərkibində 40-dan artıq bu və ya digər dərəcədə özünüidarəetmə səlahiyyətlərinə malik muxtar ərazi vahidləri mövcuddur. Böyük Britaniya, Portuqaliya, İspaniya, İtaliya, Fransa, Danimarka, Finlandiya, Gürcüstan, Çin, Serbiya, Panama, İndoneziya və b. ölkələrin tərkibində ən azı bir muxtariyyətin olduğu unitar quruluşa malik dövlətlərdir.

Dövlətin tərkibində muxtariyyətin olması onun federasiya kimi qəbul edilməsinə əsas vermir. Lakin bu faktdır ki, bir sıra federasiyaların da tərkibində muxtar ərazi qurumları vardır və onlar bir çox hallarda federal subyektlərdən öz səlahiyyətlərinin əlahiddəliyinə görə fərqlənirlər. Məsələn, “muxtariyyətlər nəhəngi” adlandırılan Rusiya Federasiyasının tərkibində 84 bərabərhüquqlu federal subyektdən əlavə, 350-dən artıq regional və 200-dən çox yerli milli-mədəni muxtariyyətlər mövcuddur. Geniş regional milli muxtariyyətlər sistemini yaratmış, əhalisinə görə dünyanın ən böyük dövləti olan Çin Xalq Respublikasını da bu sıraya aid etmək olar. Hazırda bu dövlətin tərkibində 5 muxtar vilayət, 30 muxtar dairə, 120 muxtar mahal fəaliyyət göstərir.

Unitar respublika olan İtaliyanın 20 əyalətindən 5-i milli (ərazi) muxtariyyəti statusuna malikdir. Finlandiyanın tərkibində Aland adaları siyasi muxtariyyət hüququndadır. Unitar respublika quruluşuna malik Panama inzibati ərazi bölgüsünə görə 10 əyalət, 77 dairə, 5 muxtar ərazidən ibarətdir və s.

Geniş hüquq və səlahiyyətlər

Tarixən hər zaman Azərbaycana məxsus, Azərbaycan türklərinin yaşadığı ərazi olmuş Naxçıvan bölgəsinin ölkənin tərkibində muxtariyyət statusu qazanması yalnız hərbi-siyasi və tarixi-coğrafi amillərlə bağlı olub, etnik milli amilin tamamilə istisna edilməsi ilə şərtlənir. Bir sıra iddiaçılar muxtariyyətin “muxtar respublika” formasına qarşı çıxırlar. Bu statusun ləğv edilməsini, aşağı formalardan birinin seçilməsini arzu edirlər. Sadəcə, bu arzu onlarda nədən qaynaqlanır? Niyə onları bu qədər narahat edir? 

Naxçıvan Muxtar Respublikası Naxçıvan Sovet Sosialist Respublikası adlandırılmış, hətta bir müddət müstəqil fəaliyyət göstərmiş, çox geniş hüquq və səlahiyyətlərə malik olmuşdur. Belə ki, 20-ci illərdə Naxçıvanda baş verən hərbi, siyasi, beynəlxalq proseslər Naxçıvanın müstəqil beynəlxalq münasibətlərdə olmasını labüd etmişdir və qanunvericilik də ona bu səlahiyyətin verilməsini öz normalarında əks etdirmişdir. Bu illərdə Naxçıvan MSSR İran, Türkiyə kimi qonşu xarici dövlətlərlə, Cənubi Qafqaz respublikaları ilə diplomatik və iqtisadi-ticari əlaqələri konsulluq və nümayəndəlik vasitəsilə həyata keçirmişdir.

Naxçıvan MSSR-in Maku, Xoy və Təbriz şəhərlərində konsulluğu, Türkiyənin Qars şəhərində RSFSR konsulluğu yanında müvəkkilliyi yaradılmışdı. Muxtar Respublikanın Bakı, İrəvan və Tiflis şəhərlərində daimi, ZSFSR yanında iqtisadi, eləcə də ayrıca dəmir yolu nümayəndəsi olmuşdur. Əziz Şərif uzun illər Naxçıvan MSSR-in Gürcüstanda, sonra isə ZSFSR-də daimi nümayəndəsi olmuşdur.

Gümrü müqaviləsinin tələblərinə əsasən, Naxçıvan MSSR-də yerləşdirilmiş türk qoşunları Türkiyənin Naxçıvan MSSR-dəki hərbi nümayəndəliyi vasitəsi ilə idarə olunurdu. Lakin türk qoşunlarının ərazidən çıxarılması, sovet-türk münasibətlərində sərinləşmənin əmələ gəlməsi 1924-cü ilin iyul ayında Türkiyə Cümhuriyyətinin Naxçıvan MSSR-dəki hərbi nümayəndəliyinin bağlanmasına səbəb oldu. 

İranın Naxçıvan MSSR-dəki konsulluğu 17 noyabr 1938-ci ilədək fəaliyyət göstərmişdir. B.Şahtaxtinski Qars konfransında çıxış edərkən demişdir: “Azərbaycan şura hökumətidir. Naxçıvana veriləcək muxtariyyət Rusiyadakı sistemə görə olacaqdır. Naxçıvan uzaqda (Azərbaycandan – İ.H.) yerləşdiyi üçün ona verilən idarə üsulu muxtariyyətdən də artıqdır. Xalq komissarlarından təşkil olunmuş bir məclis vardır”.

Naxçıvan əhalisi həmişə Azərbaycanın tərkibində (protektoratlığında, himayəsində olsa da belə) olması uğrunda mübarizə aparmışdır və son nəticədə buna nail olmuşdur. Naxçıvan əhalisi ölkəni heç vaxt Azərbaycandan ayrı təsəvvür etməmişdir.

Nadir muxtariyyət modeli

Bir çox Avropa siyasətçiləri Naxçıvanın muxtariyyətini beynəlxalq unikal bir model, hüquqi, siyasi və tarixi baxımdan bir fenomen kimi qiymətləndirirlər. Məsələ burasındadır ki, Naxçıvanın muxtariyyəti daxili qanunvericiliklə yanaşı, həm də beynəlxalq müqavilələrlə müəyyən olunub. Bu amil dünyadakı çox az muxtar qurumların statusunda öz əksini tapıb. 

Naxçıvan Muxtar Respublikasının siyasi səlahiyyətlərə malik muxtar dövlət statusunda fəaliyyət göstərməsi, bu statusun dəyişdirilməsinin hələlik mövcud olmaması və muxtariyyətin konstitusional səviyyədə əksini tapması Naxçıvan muxtariyyətini fərqləndirən əsas amillərdəndir. Unitar dövlət olan Azərbaycanın tərkibində muxtar dövlətin, parlamentli respublikanın mövcud olması da onu fərqləndirir.

Naxçıvanın muxtariyyət modeli 30 oktyabr 2013-cü il tarixdə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyasının sənədlərində xüsusi olaraq qeyd edilib. Sessiyada “Avropada xüsusi statusa malik region və ərazilər” adlı hesabatda Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusu xüsusi qeyd edilərək belə bir modelin çox faydalı olduğu vurğulanıb. Bu cür dəyərləndirmə 1997-ci ildə Venesiya Komissiyasının Naxçıvan Muxtar Respublikasının Konstitusiya layihəsinə verdiyi rəydə də öz əksini tapıb.

Beləliklə, bir daha aydın olur ki, unitar dövlətin tərkibində muxtar respublikanın olması ona heç bir mənfi meyllər yaratmır. Konkret olaraq Naxçıvan Muxtar Respublikasına gəldikdə isə bunun unitar dövlətə, onun ərazi bütövlüyünə, siyasi-hüquqi statusuna heç bir maneçiliyi yoxdur, əksinə xeyri vardır. 1990-cı ildə Ermənistan SSR Naxçıvan ərazisinə hərbi müdaxilə edəndə Naxçıvan muxtariyyət statusundan, Qars müqaviləsinin müddəalarından istifadə edərək SSRİ tərkibindən çıxdığını bəyan etdi. 

1992-ci ilin may ayında Sədərək rayonuna ermənilərin hücumu ilə əlaqədar Türkiyə hökuməti bəyanat qəbul edərək 1921-ci il Qars müqaviləsinin şərtlərinə əsasən Naxçıvan muxtariyyətinin qarantı olduğunu bütün dünyaya çatdırdı. Türkiyə, nəinki bilavasitə özünün fəal siyasi-diplomatik gedişləri ilə Naxçıvanın müdafiəsinə qoşuldu, eyni zamanda, onun dəstəyi ilə 1992-ci ilin may ayında düşmənin hərbi əməliyyatları genişləndirdiyi bir vaxtda dünyanın 57 dövləti Ermənistanın Naxçıvana təcavüzünü qətiyyətlə pislədi ki, bu da, bütövlükdə, real nəticəyə gətirib çıxaran böyük diplomatik uğur idi.

Naxçıvan muxtariyyətinin tarixi əhəmiyyəti

Keçmiş SSRİ deyilən ölkədə muxtariyyətləşmə siyasəti 1918-ci ildə başlamış və 1924-cü ilə qədər davam etmişdir. Artıq 1924-cü ildə SSRİ tərkibində muxtar vilayətlərin və muxtar respublikaların yaradılması başa çatdırılmışdı. Bunlardan ancaq Naxçıvan və Acarıstan xüsusi beynəlxalq müqavilələrlə muxtar ərazi statusuna malik olmaq hüququ qazanmışdır. Azərbaycan Respublikasının tərkibində olan Naxçıvan Muxtar Respublikası heç bir halda milli amilə söykənmir və özünün yaranma tarixi və şərtlərinə görə dünyada yeganədir.

Qalan muxtariyyətlər Sovet Rusiyasının mərkəzi dövlət hakimiyyəti orqanlarının aktları əsasında təşkil edilmişdi. Belə bir cəhət də qeyd edilməlidir ki, Naxçıvan Muxtar Respublikası üç xarici dövlətlə sərhədə malikdir və indiki halda Azərbaycanla quru sərhədi yoxdur. Zəngəzur dəhlizinin açılması istiqamətində Azərbaycan dövlətinin məqsədyönlü fəaliyyəti Azərbaycanla Naxçıvan arasında yolların açılmasına, blokadanın aradan qaldırılmasına xidmət edir.

Ümumiyyətlə, beynəlxalq müqavilələrdə (Moskva və Qars müqavilələrində) yer alan ayrıca bəndlərə əsasən, Naxçıvan Azərbaycanın tərkibində özəl status qazanmış və həmin statusun pozulması, habelə Naxçıvan ərazisinin dəyişdirilməsi və onun başqa dövlətə birləşdirilməsini qadağan edən müddəaya Rusiya ilə Türkiyə beynəlxalq təminat vermişdir.

Bununla belə, yüz illik tarixi ərzində Rusiya, eləcə də SSRİ tərəfindən bu təminata heç də həmişə əməl olunduğunu söyləmək olmaz. Naxçıvan Muxtar Respublikasının hüquqi-siyasi statusunun dəyişdirilməsinə cəhd, ərazisinin azaldılması bilavasitə Sovet Rusiyasının və SSRİ-nin qeyri-obyektiv və ikili mövqeyi sayəsində olmuşdur.

Azərbaycanın tərkibində Naxçıvan vilayətinə muxtariyyət statusunun verilməsi tarixi əhəmiyyət kəsb etmişdir. Ümummilli lider Heydər Əliyev Naxçıvanın muxtariyyət statusunun həyati əhəmiyyətini yüksək qiymətləndirərək demişdir ki, Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir.

Naxçıvan əhalisi ərazini Azərbaycanın tərkib hissəsi kimi qoruyub saxlamaq üçün 74 minə yaxın övladını itirmişdir. Naxçıvanlıların qəhrəmanlığına Azərbaycan rəhbərləri yüksək qiymət verdiyi kimi, düşmənlərimiz də bunu etiraf etməyə məcbur olmuşdur. Naxçıvanın fədakar və qəhrəman övladları təkcə erməni daşnakları ilə mübarizə aparmamışlar, onlar həm də Rusiyanın, İngiltərənin və ABŞ-ın məkrli oyunlarını başa düşmüş, onların məqsədlərinin reallaşmasına imkan verməmişlər. Ona görə də əldə olunan muxtariyyət statusu və Naxçıvan Muxtar Respublikasının yaradılması tarixi nailiyyət kimi dəyərləndirilir. Bu isə Naxçıvan Muxtar Respublikasının siyasi-hüquqi statusunda ifadə olunur.

Yüz illik yubileyi qeyd olunan Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyət orqanları Azərbaycan ilə üzvi surətdə bağlıdır və qarşılıqlı şəkildə ahəngdar fəaliyyət göstərirlər. Hələ 1921-ci ilin əvvəlində keçirilən rəy sorğusunda mahalın əhalisi Naxçıvan ərazisinin respublika hüququnda Azərbaycanın tərkibində qalmasına səs verdi. Naxçıvanın muxtar ərazi təşkil etməsi Moskva və Qars beynəlxalq müqavilələrilə təsdiq olundu. N.Nərimanov bununla əlaqədar olaraq demişdir ki, Sovet Rusiyası və Türkiyə ilə müqaviləyə əsasən Naxçıvan Azərbaycanın protektoratı altında müstəqil respublika elan olunur. Orada nümayəndəmiz olacaq və biz bütün münasibətlərdə Naxçıvana xidmət edəcəyik.

B.Şahtaxtinskinin 1921-ci il 10 noyabr tarixli bəyanatında deyilirdi ki, Naxçıvan vilayəti “Muxtar Xalq Sovetləri respublikaları” sırasına daxil edilir və bununla yanaşı, Azərbaycanın himayəsi altına keçir; gənc respublikanın özünün XKS, Azərbaycanın isə yeni dövlətdə nümayəndəsi olacaqdır.

Naxçıvan diyarı əhalisinin qətiyyətli mövqeyi və Türkiyə Milli hökumətinin ardıcıl və səmərəli diplomatik fəaliyyəti nəticəsində bölgənin ərazi mənsubiyyəti məsələsi Azərbaycan üçün qanuni və ədalətli qaydada həll olundu. Azərbaycanın daxilində Naxçıvanın muxtariyyət təşkil etməsi bölgənin spesifik ərazi vəziyyəti – geosiyasi şəraiti ilə bağlı idi. Naxçıvan muxtar ölkəsi haqqında Əsasnamədə və Naxçıvan MSSR haqqında yeni Əsasnamədə Azərbaycan SSR daxilində muxtar respublika elan etməyi, ona Naxçıvan MSSR adını verməyi qərara almışdır.

Azərbaycan dövlətçiliyinin vahidliyi həm Azərbaycan Konstitusiyası, həm də Naxçıvan Konstitusiyası ilə təsbit olunub.

Beləliklə, Naxçıvan Muxtar Respublikasının muxtariyyət tarixi araşdırılarkən bir sıra maraqlı və əhəmiyyətli əlamətləri müəyyən etmək olar. Beləki, bir sıra ölkələrin tərkibində muxtariyyətlər mövcuddur. Bu muxtariyyətlər həmin ölkənin tərkibində yaşayan azyaşlı xalqların mədəni cəhətdən inkişaf etmələri üçün yaradılıb. Yeni, muxtar qurumlar milli-etnik əlamətlər əsas götürülərək yaradılmışdır. 

Muxtariyyətlərin müxtəlif formalarına təsadüf edilir. Azsaylı muxtariyyətlər vardır ki, onlar beynəlxalq müqavilələr əsasında yaradılıb. Naxçıvanın muxtariyyət statusu da beynəlxalq müqavilələr əsasında yaradılıb. Burada milli-etnik amil yoxdur. Çünki bu ərazidə yaşayanlar azərbaycanlılardır. Naxçıvan muxtariyyətinin yaranması tarixi, siyasi və coğrafi səbəblərlə əlaqədardır. Ərazinin işğal təhlükəsindən qorunması üçün muxtariyyət forması qəbul edilmişdir. 

Naxçıvan vilayətinə muxtar respublika statusu verməklə ona müəyyən səlahiyyətlər də verilmişdir. Sovet Rusiyası sonradan bu səlahiyyətləri azaltmaqla muxtar respublikanı muxtar diyara çevirmişdir. Bu beynəlxalq müqavilələrə zidd olduğundan muxtar respublika statusu bərpa edilmiş və 1924-cü ildə Naxçıvan Muxtar Respublikası yaradılmışdır.

 

İsmayıl HACIYEV, 
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

 





Sosial həyat