Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin ortaq müəllifliyi ilə ərsəyə gəlmiş “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı qardaş Türkiyədə böyük əks-səda doğuraraq kitab şəklində çap olunub.
“Ötükən” nəşriyyatında işıq üzü görən yeni nəşrin mətnini Türkiyə türkcəsinə “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru Bəxtiyar Aslan uyğunlaşdırıb. Kitaba “Ön söz”ü görkəmli türkoloq alim, professor Əhməd Bican Ercilasun yazıb, “Son söz”ü isə nəşrə Türkiyə Cümhuriyyəti Dil və Sistem Fondunun müdiri Burak Eke əlavə edib.
“Ön söz” müəllifi kitabın dəyərini belə açıqlayıb: “Bir çox texnoloji inkişafa səbəb olmuş Lütfi Zadə öz nəzəriyyəsinin ictimai elmlərə də tətbiq olunmasını çox arzulayırdı. Bu kitabla onun həmin arzusu da gerçəkləşdi. Düzdür, belə dərin məzmunlu elmi əsərin tərcüməsi cəsarət tələb edirdi. Bəxtiyar bəy bu işi uğurla başa vurub”.
Qısa müddətdə ölkəmizdə ciddi müzakirələrə səbəb olmuş və populyarlaşmış “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı böyük azərbaycanlı Lütfi Zadənin qeyd edilən istəyinə məhz onun Vətənində həssas bir cavabdır. Soydaşımızın dahiyanə təliminin söz yaradıcılığına ilk tətbiqi olan bu əsər dastanın çağdaş düşüncə baxımından öyrənilməsinə dərinlik və əhatəlilik gətirib. Müəlliflər ədəbiyyatşünaslığa yeni tədqiqat metodu kimi gətirdikləri mətnə qeyri-səlis məntiq prizmasından yanaşma üsulunun köməyi ilə “Dədə Qorqud” boylarının gizli dil qatlarında əcdadlarımızın demokratik zəkasını və pərvaz ruhunu aşkarlayıblar.
“Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı barədə ilkin fikir söyləyən alimlərimiz bildiriblər ki, müəlliflər əcdadlarımızın dünyagörüşündəki genişliyə olan meyili Lütfi Zadə prizmasından baxaraq incələyiblər. Ünlü zəka sahibləri olan Kamal Abdulla və Rafiq Əliyev sübut ediblər ki, qeyri-səlis məntiq qədim miflərin, eləcə də müasir ədəbiyyatın strukturunu öyrənmək baxımından mükəmməl prizmadır. Bu nadir və dəyərli mənbə qorqudşünaslar, informasiya nəzəriyyəçiləri və məntiqçilər üçün eyni dərəcədə maraqlı olduğundan ölkəmizdən kənarda da diqqətlə qarşılanıb.
Xatırladaq ki, ilk dəfə “525-ci qəzet”də məqalələr şəklində işıq üzü görmüş “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” əsəri mütəxəssislərin və elmi ictimaiyyətin maraq və istəyinə cavab olaraq yenidən işlənib və kitab kimi nəşr edilib. 3 dəfə ölkəmizdə, sonra Almaniyada çap olunmuş “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” əsərinin Türkiyədə də işıq üzü görməsi bu orijinal araşdırmanın elmi dəyərindən və bəşəri önəmindən xəbər verir. Kitab ingilis dilində də nəşrə hazırlanır.
Tahir AYDINOĞLU
XQ