Oğuz şəhərindəki E.Abdullayev adına 2 nömrəli tam orta məktəbin müəllimi İmarət Cəlilova “Qabaqcıl təhsil işçisi”dir, “Tərəqqi” medalı ilə təltif olunub. Pedaqoji fəaliyyəti ilə yanaşı, dilimizin söz tərkibi ilə bağlı maraqlı araşdırmalar apararaq vaxtaşırı mətbuatda dərc etdirir. Onun bu silsilədən növbəti qeydlərini təqdim edirik:
Dünyanın, demək olar ki, bütün dillərində olduğu kimi, Azərbaycan dilinin leksik tərkibində də başqa dillərdən alınmış xeyli söz var ki, bunlara dilçilik elmində alınma sözlər deyilir. Dilimizə daxil olmuş alınma sözlərin bir hissəsi Avropa mənşəlidir. Belə sözlərdən biri çoxumuza yaxsı tanış olan qalstuk sözüdür.
“Qalstuk” dilimizə rus dilindən, rus dilinə alman dilindən, alman dilinə də holland dilindən keçib. Söz almanca 2 sözün – hals (boyun) və tuch (yaylıq) sözlərinin birləşməsindən əmələ gəlib halstuch şəklindədir. Halstuch, yəni, boyun yaylığı.
Avropa dillərində bu mənada işlənən başqa bir söz də var ki, o sözün islənmə dairəsi “qalstuk” sözu ilə müqayisədə daha genişdir: bu, kravate sözüdür. Bu söz fransız dilində cravate, ispan dilində corbata, ukraincə kravatka, rumın dilində cravata, polyak dilində krawat şəklində işlənir. Türk qardaşlarımız da öz dilinin luğət tərkibinə bu geyim aksesuarının adının qalstuk deyil, cravat variantını daxil etmişlər.
Bəs “kravat” sözü mənşəcə necə izah olunur? Bir sıra dil mütəxəssislərinin qənaətinə görə, “kravat” sözü “kroat // xorvat” sözü ilə əlaqədar meydana gəlib. Tarixi məlumatlara əsasən, geyim elementlərinə qalstuk əlavə etmə dəbi XVII əsrdən başlanır. Bu da irrequlyar alaylarda xorvatların qulluq etməsi ilə əlaqələndirilir. Müharibə dövründə fəaliyyət göstərmiş irrequlyar qoşunlarda xorvatlar sayca üstünlük təşkil etdiyinə görə, bu dəstələrə kroatlar deyilirdi.
İrrequlyar qoşunlar bir sıra özünəməxsus xüsusiyyətləri ilə yanaşı, həm də geyimləri ilə requlyar qoşunlardan nəzərəçarpacaq dərəcədə fərqlənirdi. Bir çox hallarda onlar özlərini sursat və digər hərbi ləvazimatlarla təmin edir, mundir növünü də özləri müəyyənləşdirirdilər.
Croatlar da digər dəstələrdən fərqlənmək və döyüş zamanı bir-birini tanımaq üçün fərqləndirici nişan kimi boyunlarına yaylıq bağlayırdılar. Bu, həmin o yaylıqdır ki, indi özü moda tarixi boyunca cürbəcür formalara düşsə də, adı cravate//corbata//kravatka//cravata//krawat, nəhayət, türk dilindəki kravat olaraq qalıb. Hər halda qalstuk sözü öz mənasını birbaşa ifadə edir.
XQ