“Sevgili məhbubu” Vətən olan şair

post-img

Abbas Səhhət – 150

Dünyada İbn Sinadan, Məsihidən üzübəri çoxlu görkəmli yazar olub ki, oxuyub sahibləndikləri həkimlik peşəsi ilə deyil, məhz bədii əsərləri ilə tanınıblar. Fransua Rable, Uilyam Karlos Uilyams, Fridrix Şiller, Artur Konan Doyl, Anton Çexov, Mixail Bulqakov, Vladimir Dal, eləcə də soydaşlarımız Nəriman Nərimanov, Abbas Səhhət, Tağı Şahbazi və başqaları bu qəbildəndirlər. Ağ xalat və skalpellərini qələmlə dəyişənlərin arasında Abbas Səhhət yeganə şəxs olub ki, ilkin peşəsinə bağlı “Səhhət” sözünü bədii təxəllüs kimi qəbul edib. 

...Şamaxıda ruhani ailəsində dün­yaya gəlmiş Abbas Səhhət 20 yaşında İrana gedərək, Məşhəd və Tehranda tibb təhsili alıb. Amma sonra tədricən həkim­lik sənətindən uzaqlaşaraq müəllimlik edib, Azərbaycan dilindən dərs deyib və ədəbi fəaliyyətə başlayıb. 1903-cü ildən məqalələri “Şərqi-Rus” qəzetində çap olunub. 1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oya­nışın səsi” şerləri işıq üzü görüb. “Yeni üslublu məktəblər” ideyasının yorulmaz müdafiəçisi olan Abbas Səhhət, Əli bəy Hüseynzadənin banisi olduğu Azərbay­can romantik ədəbiyyatı cərəyanına qo­şulub və “Füyuzat” dərgisində çalışıb. Eyni zamanda ötən əsrin əvvəllərində Bakıda nəşr olunan bütün jurnal və qə­zetlərdə fəal çıxışlar edib. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı o dövr Azərbaycan oxucusunu rus, fransız, al­man şair və yazıçılarının əsərləri ilə tanış edib. 

Abbas Səhhətin öz şeirlərindən ibarət “Sınıq saz” və Avropa şairlərindən etdiyi tərcümələrdən ibarət “Qərb günəşi” adlı şerlər toplusu 1912-ci ildə işıq üzü gö­rüb. Bir qədər sonra “Əhmədin şücaəti” adlı poeması, 1916-cı ildə isə “Şair, şeir pərisi və şəhərli” adında romantik poe­ması nəşr olunub. Azərbaycanın böyük satirik şairi Mirzə Ələkbər Sabirlə əziz dost olan və məsləkdaşı haqqında gözəl məqalələr yazan Abbas Səhhətin yaradı­cılığında Nizami, Hafiz, Sədi kimi şairlə­rin böyük təsiri duyulur. O, türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanır, xüsusilə Tofiq Fikrət yaradıcılığına rəğbət bəsləyirdi.

Şairin çox məşhur “Vətən” şeiri düz 1 əsrdən çoxdur ki, dillər əzbəridir. Vətəni övlad və şair könlünün sevgili məhbubu adlandıran, onun verdiyi “nanü-nəməyi” unutmağı nadanlıq sayan Abbas Səhhət hər kəsin anlayıb yadda saxlayacağı bir dildə deyirdi:

Vətən – əcdadımızın mədfənidir,

Vətən – övladımızın məskənidir.

Vətəni sevməyən insan olmaz,

Olsa, ol şəxsdə vicdan olmaz.

Çoxdan zərb-məsələ çevrilmiş bu misraların doğurduğu güclü vətənpərvər­lik assosiasiyasının sayəsində “Vətən” şeiri şairin etibarlılıq müddəti bitib-tükən­məyən yaradıcılıq pasportuna çevrilib desək, zərrəcə ifrata varmış olmarıq. Onun “Cücələrim”, “Qaranquş balaları”, “Yaz”, “Quşlar”, “Ayı və şir” kimi şeirləri də əksəriyyətin, heç olmasa, bir-iki beyti­ni bildiyi nümunələrdir.

AZTV-nin “Mədəniyyət” kanalında AMEA Nizami Gəncəvi adına Milli Azər­baycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdima­tında “Vətənim” verilişinin Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi, böyük ustad şair və dra­maturq, tərcüməçi Abbas Səhhətin misil­siz yaradıcılığına həsr olunmuş buraxılışı xatirimizdədir. Verilişdə məşhur xanəndə, Əməkdar artist Yavər Kələntərlinin bibisi oğlu Abbas Səhhətlə bağlı xatirələrin­dən söhbət açılıb. Qeyd olunub ki, güclü yaddaşa malik olan şair öz şeirlərindən əlavə, Azərbaycanın görkəmli nümayən­dələrinin şeirlərinin böyük bir qismini əzbər bilir, Osmanlı şairlərinin əsərləri­ni səsləndirirdi. Aparıcı akademik onun Vətəni sevdiyi qədər sevilməyə layiq bir şəxsiyyət olduğunu diqqətə çatdıraraq dedi ki, Səhhətin bütün yaradıcılığına qələm əvəzinə, sanki, fırça ilə yaratmaq keyfiyyəti xasdır. Onun 100 il əvvəl ya­zılmış əsərləri bu gün üçün də aktual­dır, yaddaşlardadır və Vətən dərsliyinin “ayələridir”. 

Şişə çəksəz də diriykən ətimi,

Atmaram mən vətənü-millətimi.

Məsləkim tərcümeyi-halımdır,

Lütfi-həq qayeyi-amalımdır.

Bəlkə də həkimliyindən irəli gələn cəhətdir ki, Abbas Səhhətin bütün ya­zılarında, bax, belə bir təmizlik, saflıq, dürüstlük, işıq var. Sözün əsl mənasında Vətən şairi olmuş unudulmaz dahi şəx­siyyətin abidəsi daim ədəbiyyat üfüqlə­rindən boy göstərəcək. 

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət