“Qara kahin”in sirli aləmi

post-img

Rusiya çar ailəsinin ən yaxın məsləhətçisi, “qara kahin” ləqəbli Qriqori Rasputin tarixin ən maraqlı və sirli insanlarından biri kimi tanınır. Onun həyatı və ölümü haqda indiyə qədər də çoxlu versiyalar söylənir. 

Qriqori Yefimoviç Rasputin 21 yanvar 1869-cu ildə Sibirin Pokrovskoye qəsəbəsində kəndli ailəsində doğulub. Rasputinin uşaqlığı haq­da tarixdə müfəssəl məlumatlar yoxdur. Lakin təx­minlərə əsasən deyə bilərik ki, o, təhsil almayıb və yetkinlik çağlarında belə, təhsilsiz olub. Bundan başqa, bəzi yerli arxiv sənədlərində Rasputinin adı ilk gənclik illərində müxtəlif oğurluq, cinayət hadisələrində qeyd edilir.

Rasputin 1886-cı ildə Abalaka gedir və ora­da Praskovya Dubrovina adlı qadınla tanış olur. 1897-ci ildə evlənən cütlüyün 7 övladı dünyaya gəlsə də, onlardan yalnız üçü – Dimirti, Mariya və Varvara sağ qalır. Daha sonra Rasputin Pokrovs­koyeni tərk edir və Dubrovinadan ayrı düşür. Buna baxmayaraq, Dubrovina ömrünün sonuna kimi Rasputini sevgi ilə xatırlayır. 

Təbib, kahin, ekstrasens 

1902–1904-cü illərdə Kazana səfər edən Ras­putin psixoloji problemləri olan insanlara yardım etməyə başlayır və tezliklə məşhurlaşır. Getdikcə nüfuzu artan Rasputinin sorağı provaslav din xa­dimlərinə, oradan da dövlət adamlarına gedib ça­tır. Bundan sonra “dəli keşiş”, “qara kahin” ləqəbli ekstrasens çar ailəsi ilə tanış olaraq sarayın bağ­banı kimi işləməyə başlayır.

Daha bir tarixi mənbədə deyilir ki, çar II Niko­lay 1906-cı ildə dövlət xadimlərindən birinə Ras­putin haqda məktub yazır: “Bir neçə gün bundan öncə Tobolsk vilayətindən bir kəndlini qəbul etdim. O, mənə Müqəddəs Simyonun ikonasını gətirdi. Söhbət zamanı mənə və Aleksandra Fyodorov­naya (çar II Nikolayın həyat yoldaşı) böyük təsir göstərdi və onda fərqli enerji olduğunu duyduq. Nəzərdə tutulan 5 dəqiqə əvəzinə, biz onunla bir saat söhbət etdik”.

Zaman keçdikcə çar ailəsinə daha da yaxınla­şan bu sirli insan, ailənin ən yaxın adamına çev­rilir və baş məsləhətçi vəzifəsinə qədər yüksəlir. Mənbələrdə göstərilir ki, Rasputin Aleksandra Fyodorovnaya psixoloji yardım göstərir, eyni za­manda, vəliəhd Alekseyin hemofiliya xəstəliyini müalicə edir.

Həkimlərin müxtəlif müalicəsi sayəsində sağa­la bilməyən çar ailəsinin tək vəliəhdi Rasputinin köməyi ilə sağalır və bu magiya sahibi mövqeyini sarayda daha da möhkəmləndirir. 

Mistik güc, yoxsa insani zəka? 

Rasputinin I Dünya müharibəsi illərindən başlayaraq, dövlət işlərinə müdaxiləsi də id­dialar arasındadır. O, artıq qeyri-adi gücü olan peyğəmbər kimi tanınmağa başlayır. Buna görə də ona ailəyə yaxın olmaq tapşırılır. Rasputinin çar üzərində təsiri getdikcə artmağa başlayır. O, siyasi məsələlərdə də II Nikolayı yönləndirməyə başlayır, hipnoz vasitəsilə danışdığı hər kəsi öz təsiri altına salır.

Çarın həyat yoldaşının isə ona özəl bir heyranlı­ğı var idi. Sarayda qaldığı müddətdə Rasputinin çar ailəsi ilə münasibətlərinin həddindən artıq səmimi olması, çarın xanımı ilə şəxsi münasibətlərinin ya­ranması ilə bağlı dedi-qodular yaxın ətrafı çox nara­hat edirdi. Ən əsası, ekstrasensin çarın üzərindəki böyük təsiri saray əyanları üçün heç də xoş deyildi. Ailə ilə qan bağlılığı olmayan sıradan bir bağbanın onlarla bu qədər yaxın olması olduqca absurd idi. Bir falçının sarayda bu qədər nüfuza malik olması, üstəlik, adlı-sanlı məmurların qadınları ilə sevgi mü­nasibəti qurması bardağı daşıran son damla olur. 

Saray ətrafında yayılan söz-söhbətlər və na­rahatlıqlar getdikcə artırdı. Ortadoks kilsəsi də özünə peyğəmbər deyən Rasputinin mömin deyil, dindən öz istəkləri üçün istifadə edən bir şeytan olduğunu iddia edirdi.

Hər bir hərəkəti olay olmağa başlayan qara kahin hətta qəzetlərdə belə, hər gün ələ salına­raq, müzakirə mövzusuna çevrilir. Onun sözü ilə oturub-durması ətrafının çara olan etimadını get­dikcə azaldırdı. 

Bütün bunlar baş verən tarixdə artıq I Dünya müharibəsi başlamışdı. Savaşa qarşı olan Ras­putin, bunu Rusiya üçün böyük bir fəlakət olaraq görürdü. O, bu arada özünə vəhy gəldiyini və or­dunun başına çarın özü keçməzsə, savaşı uduza­caqlarını iddia etməyə başlamışdı. Çar Rasputinin sözlərinə etimad edib, onun dediklərini eynilə ye­rinə yetirdi.

Lakin bunun sonu fəlakətlə nəticələndi. Çarın başçılıq etdiyi ordu döyüşdə məğlub oldu. II Ni­kolayın sarayda yoxluğundan isrifadə edən Ras­putin Aleksandra Fyodorovna üzərindəki təsirini daha da artıraraq, onun baş məsləhətçisi oldu. O, artıq hökumətin kadrlarını özü seçir, qazandığı etibar nəticəsində istədiyi adama vəzifə verdirirdi.

Müəmmalı sui-qəsd

Saray xanədanının və digər siyasilərin Ras­putindən duyduqları narahatlıq son həddə çatır. Onlar artıq bu adamdan qurtulmağın zamanının gəldiyini düşünərək, sui-qəsdə əl atırlar.

1916-cı ilin 29 dekabr gecəsi knyaz Yusupov Rasputini içki içməyə dəvət edir. Əlbəttə, o, iç­kisinə sianid maddəsi (zəhər) qatıldığından xəbərsiz idi. Lakin zəhərli şərabı başına çəkən Rasputinin halında heç bir dəyişiklik olmur. Sən demə, qara kahin vaxtaşırı kiçik dozalı zəhər qəbul edərək bədənində zəhərə qarşı immunitet yaradıbmış. 

Zəhərin kahinə təsir etmədiyini görən knyaz Yusupov ona tapançadan ardıcıl atəş açır. Ras­putinin yerə yıxıldığını görən Yusupov artıq onun öldüyünü zənn edir. Lakin o, ayağa qalxır və kn­yazın qulağına nə isə pıçıldayıb qaçmağa baş­layır. Knyazın adamları onun arxasınca düşərək ardıcıl atəş açırlar. Nəhayət, sirli maq dizlərini yerə qoyaraq üzü üstə yıxılır. 

Knyaz və adamları cinayətin izini itirmək üçün Rasputinin cəsədini Neva çayının buzlu sularına atırlar. Ertəsi gün cəsədin sudan çıxarıldığı za­man onun suya buraxılarkən hələ ölmədiyi, bo­ğulmazdan əvvəl xeyli əl-qol atdığı aşkar olunur. 

Ehtimallara görə, Rasputin öz ölümünü və qatillərinin taleyini öncədən söyləyibmiş. 

Murad KÖHNƏQALA,
şair-publisist

Dünya