İçərişəhərdə yeni “Xəzinə”

post-img

Paytaxtın “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə Azərbaycanda zərgərlik sənəti və numizmatika nümunələrinə həsr edilən “Xəzinə” muzey ekspozisiyası açılıb. 

UNESCO-nun ümum­dünya mədəni irs siyahısına daxil edilmiş Şirvanşahlar Sarayı Kompleksində ziyarət­çilərə təqdim olunan qədim dövrlərə aid bəzək məmulat­ları, pul nişanları, eləcə də müasir dövlətimizin iqtisadi qüdrətinin göstəricilərindən biri hesab edilən, ən yeni texnologiyalar əsasında ha­zırlanmış sikkələr ölkəmizin qədim zərgərlik ənənələri­nin və numizmatika irsinin təbliği baxımından mühüm əhəmiyyət daşıdığının ba­riz göstəricisidir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoru­ğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə eks­pozisiyanın açılış mərasimin­də bildirib ki, bir çoxu ilk dəfə nümayiş olunan nümunələr antik dövrdən XX əsrə qədər böyük bir zamanı əhatə edir. Sərgilənən 100 yaxın ekspo­natın hamısı maddi-mədəni irsimizin daşıyıcısıdır, onlar­dan ən dəyərlisi isə eramız­dan əvvəl II minilliyə aid tunc kəmərdir. 

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahi­mov isə ölkəmizdə milli zər­gərlik sənətinə həsr olunmuş muzey ekspozisiyasının ilk dəfə yaradılmasına diqqət çəkib. Qədim qala divarları ilə əhatə olunmuş əsrarəngiz İçərişəhərdə qədim dövrlər­dən üzübəri ərsəyə gətirilmiş zərgərlik və numizmatika nü­munələri hərəsi bir tarixin ya­digarıdır. QSC sədrinin söz­lərinə görə, bu, bir tərəfdən, milli-mədəni dəyərlərimizə hörmət və ehtiramı, digər tərəfdən, keçmiş dövrlərdən formalaşmış milli zərgərlik ənənələrimizin yaşadılması və təbliğinə verdiyimiz önəmi özündə ehtiva edir. Zakir İbra­himov “Xəzinə" muzey ekspo­zisiyasının həm vətəndaşları­mızın, həm də ölkəmizə səfər edən xarici qonaqların daim ziyarət etdiyi turistik obyekt­lərdən birinə çevriləcəyinə, sərgilənən eksponatların isə hər kəsin böyük marağına səbəb olacağına əminliyinə ifadə edib.

Mərasim çərçivəsində, həmçinin “AzerGold” QSC-nin İçərişəhərə həsr etdiyi qızıl sikkə kolleksiyasının təqdimatı olub. Maraqlıdır ki, “İçərişəhər” qızıl sikkə nümunəsində təkcə paytaxt Bakının deyil, ümumilikdə Azərbaycan memarlığının in­ciləri hesab edilən Şirvanşah­lar Sarayı, Qız Qalası, Şah məscidi, Qoşa Qala qapıları, eləcə də İçərişəhərin memar­lıq ansamblına daxil olan di­gər abidələr öz əksini tapıb.

Sonra tədbir iştirakçıları “Xəzinə” muzey ekspozisi­yasında yer alann zərgərlik sənəti və zəngin numizmatika nümunələri ilə yaxından tanış olublar.

XQ

















Mədəniyyət