Tacik dostların Bakı təqdimatları

post-img

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə keçirilən Tacikistan Mədəniyyəti Günlərində iştirak etmək üçün qardaş ölkənin mədəniyyət naziri xanım Matlubaxon Sattoriyenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Mədəniyyət naziri Adil Kərimli tacikistanlı həmkarı ilə görüşüb.

Nazirlikdən bildirilib ki, görüşdə Adil Kərimli ölkəmizdə Tacikistan Mədəniyyəti Günlərinin keçirilməsini əlamətdar hadisə kimi səciyyələndirib. Qeyd olunub ki, iki ölkə arasında mədəni-ədəbi əlaqələrin qədim tarixi var. Hazırda dövlət başçıları­mız arasında olan dostluq münasibətləri, yüksək səviyyəli qarşılıqlı səfərlər mədə­ni əməkdaşlığın da genişlənməsini təmin edib. Bakıda keçirilmiş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Tacikistan nümayəndə heyətinin fəal iş­tirakına görə həmkarına minnətdarlığını bildirən nazir ICESCO-nun Azərbaycan­da regional nümayəndəliyinin açılması ilə bağlı hazırlıq işləri barədə məlumat verib.

Tacikistanın mədəniyyət naziri xanım Matlubahon Sattoriyen Mədəniyyət gün­lərinin yüksək səviyyədə təşkilinə və nü­mayəndə heyətinə göstərilən qonaqpər­vərliyə görə təşəkkürünü bildirib. Onun açılış mərasimində də qeyd etdiyi kimi, Mədəniyyət Günləri üçün respublika in­cəsənət xadimlərinin konsert proqramını, rəssamların və xalq sənətkarlarının sər­gisini, Tacikistan xalqının tarixindən, mə­dəniyyətindən, adətlərindən və bənzərsiz təbiəti olan Düşənbə şəhərinin cəlbedici obrazından bəhs edən milli geyimləri, bə­dii və tarixi filmləri özləri ilə Bakıya gəti­riblər. Bütün bunlar mədəniyyətin xalqla­rımızı yaxınlaşdıran əsas amil olduğunu, eyni zamanda, iki ölkənin ortaq mədəni dəyərləri bölüşdüyünü göstərir.

Söhbət zamanı Matlubaxon Sattoriyen iki ölkə arasında incəsənət təhsili sahə­sində tələbə mübadiləsinin də əhəmiyyətli olacağını qeyd edib. O, həmçinin gələn il Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi təklifini səsləndirib. Xanım nazir azərbaycanlı həmkarını Taci­kistana rəsmi səfərə dəvət edib.

Tacikistan Mədəniyyəti Günləri bir daha göstərdi ki, xalqlarımız bir-birinin musiqi incəsənətinə xüsusilə böyük sevgi bəsləyirlər. Elə açılış konsert proqramında Azərbaycan musiqilərinə də yer ayrılması həmin sevginin təzahürü idi. Tacik ifaçı­ların səsləndirdiyi “Ayrılıq olmayaydı” və “Sevgili canan” mahnıları böyük coşqu ilə alqışlanıb.

Paytaxtın Nizami Kino Mərkəzində isə Tacik Kinosu Günləri keçirilib. Sənət­sevərlər üçün öncə məşhur tarixi ekran əsərləri – “Rüstəm və Söhrab”, “Şöhrət­lənən Sarəzm” bədii filmləri nümayiş etdi­rilib. Dünən isə “Tacikfilm”, Komil Yorma­tov adına “Soqdsinamo” dövlət kino şirkəti və “Futura Maqnum” prodüser mərkəzinin birgə istehsalı olan “Tale” (“Fortuna”) filmi göstərilib. İzləyicilər bir sıra beynəlxalq festivallarda fərqlənmiş bu kinolentdə 1990-cı illərin çətin siyasi və iqtisadi böh­ran dövründə iki dostun – Kahar və Man­nanın dramatik həyat hekayəsi ilə tanış olublar. Baş rollarda Abdulmumin Şərifi, Salahuddin Şükürzadə və başqaları oy­nayırlar. 

Qeyd edək ki, bu gün axşam tacik kinematoqrafiyasının çox populyar olan “Güzgü” detektiv bədii filmi təqdim edilə­cək. Günahların bədəli və insan duyğula­rından bəhs edən ekran əsərinin rejissoru Nosir Saidovdur.

Tacikistan Respublikasının mədəniy­yət naziri Matlubahon Sattoriyen dünən Azərbaycan Milli İncəsənət Muzeyini zi­yarət edib.

Tacikistanlı qonaqların bir qrupu Və­cihə Səmədova adına Sərgi Salonunda “KARVAN” art qrupunun təşkilatçılığı ilə “Portal 13” adlı sərgi ilə tanış olub. Ta­cikistan Rəssamlar İttifaqının sədri Nər­giz Həmidova azərbaycanlı həmkarlarını salamlayaraq, təsviri sənət ustalarının yaradıcılıq əlaqələrindən danışıb. Xatırla­dılıb ki, mədəniyyət günləri çərçivəsində Heydər Əliyev Mərkəzində “Tacikistan rəs­samlarının rəsm əsərləri, xalq sənətkarlıq nümunələri və milli geyimləri” sərgisi bu baxımdan mənəvi körpü rolu oynayıb. Hə­min sərgidə tanınmış tacik rəssamların 30-a yaxın əsəri, eləcə də dekorativ və tətbiqi sənət nümunələri ekspozisiyanın bəzəyi olub. 

Azərbaycanda Tacikistan Mədəniy­yəti Günlərinin son akkordları ulu Nizami yurdu Gəncədə vurulacaq ki, bu da daha geniş kütlənin taciklərin zəngin mədəniy­yəti ilə tanış olmasına şərait yaradacaq. Orada F.Əmirov adına Gəncə Dövlət Fi­larmoniyasında qardaş ölkənin incəsənət ustaları geniş proqram təqdim edəcəklər. Konsertdə Tacikistan Xalq artistləri Mirə­li Dostizoda, Rüstəm Dulloyev, Raxma­tullo Hoşimov, Əməkdar artistlər Sitorai Karomatullo, Davlat Nəzriyev, Güləsal Pulodova, Məhəmmədrafi Karomatullo, Fotimai Məşrabın, Fəxriddini Malikin, Ni­gina Amonkulova, Haknazar Alovatov, eləcə də Qafar Vəlamatzadə adına Dövlət Əməkdar Rəqs Ansamblı, “Lola”, “Zebo” və “Parastu”, “Gül-rez”, “Cahonoro”, “Baz­moro” rəqs ansamblları və başqaları çıxış edəcəklər. 

Ə.ƏLİYEV
XQ



Mədəniyyət