COP29: Azərbaycanın “yaşıl” gələcəyə töhfələri artır

post-img

Azərbaycanda alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunma­sı istiqamətində önəmli layihələr həyata keçirilir. Bu, ölkədə energetika infrast­rukturunun tam yenilənməsi, enerji təminatının yüksək səviyyədə və təhlükəsiz şəraitdə təmin edilməsi, sahəyə məqsədli investisiya qoyulması və digər fəaliy­yətlərdə öz əksini tapır. Bütün bunların nəticəsində hazırda Azərbaycan enerji transformasiyası sahəsində lider dövlətlərdən biri kimi diqqət çəkir. Məhz bu səbəbdən də COP29 sessiyasının Bakıda keçirilməsi təsadüfi xarakter daşımır və bu nüfuzlu layihənin paytaxtımızda gerçəkləşməsi ölkədə innovasiyaların inkişaf strategiyasının məntiqi nəticəsidir.

“COP29-un Bakıda keçirilməsi bey­nəlxalq aləmdə ölkəmizə olan etimadın sübutudur” mövzusunda redaksiyamız­da təşkil edilən “dəyirmi masa”da bu barədə ətraflı söhbət açıldı. Qonaqları­mız Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, “Environ­mental Protection First” Koalisiyasının həmtəsisçisi Amin Məmmədov, “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova və “Sağlamlığa Xid­mət” İctimai Birliyinin icraçı direktoru, “Environmental Protection First” Koalisi­yasının həmtəsisçisi Pərvanə Vəliyeva idi.

“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov “dəyirmi masa”da bil­dirdi ki, dünyada mühüm önəm daşıyan məsələlərin müzakirə edildiyi və həll yol­larının axtarıldığı qlobal platformalardan biri olan COP toplantılarının keçirildiyi bütün zamanlarda daim diqqət mərkəzin­də olub. Çünki bu tədbirlərdə beynəlxalq aləmi ciddi düşündürən, narahat edən kəskin iqlim dəyişmələri, temperaturun qlobal səviyyədə artmasının doğurduğu ciddi fəsadlar, ekstremal hadisələr və təbii fəlakətlərin nəticələri ətrafında ge­niş söhbətlər açılıb, insan sağlamlığı ilə əlaqədar problemlərin həlli yolları axtarı­lıb və bu istiqamətlərdə mühüm sənədlər imzalanıb. 

Bakıda keçiriləcək COP29-un da bu baxımdan tarixi əhəmiyyət daşıyacağı­nı bildirən baş redaktor, eyni zamanda, ötən il Birləşmiş Ərəb Əmirliklərinin Du­bay şəhərində reallaşan COP28 tədbi­rində bir sıra inkişaf etmiş və inkişaf et­məkdə olan ölkələr arasında müəyyən məsələlərlə bağlı yaranan fikir ayrılığının da Bakı toplantısında aradan qaldırılaca­ğına, bununla bərabər iqlim dəyişikliyi, ənənəvi və alternativ enerji resursları­nın gələcək istehsalı, habelə istehlakı ilə bağlı vacib qərarların qəbul ediləcəyinə əminliyini vurğuladı. 

Baş redaktor qeyd etdi ki, respubli­kamızın belə bir önəmli qlobal platforma­ya – COP29-a evsahibliyi etməsi isə, ilk növbədə, ölkəmizin beynəlxalq aləmdəki nüfuzu ilə bağlıdır. Bu, həm də respub­likamızın müsbət ekoloji dəyişikliklər yaratmaq istiqamətində son illər ərzində əldə etdiyi uğurlardan qaynaqlanır, “ya­şıl” və sağlam gələcəyin qurulması is­tiqamətində üzərinə götürdüyü öhdəliyi yüksək səviyyədə həyata keçirməkdən irəli gəlir. 

Əflatun Amaşov yuxarıdakı fikrinin təsdiqi olaraq diqqətə çatdırdı ki, Azər­baycan bu gün “yaşıl enerji” sahəsində beynəlxalq təşkilatlar, müxtəlif dünya dövlətləri və sərmayədarlarla fəal şəkildə səmərəli əməkdaşlıq edir. Ölkəmiz 1995-ci ildə BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasını ratifikasiya et­dikdən sonra qlobal iqlim dəyişikliklərinin mənfi təsirlərinin azaldılması üzrə bey­nəlxalq səylərə qoşularaq bu istiqamətdə mühüm layihələr gerçəkləşdirir. 

Baş redaktor çıxışının sonunda bu mövzu ilə bağlı redaksiyanın fəaliyyətinə də toxunaraq respublikamızın evsahibli­yi edəcəyi belə bir önəmli qlobal platfor­maya ciddi hazırlaşması, bu istiqamət­də əhəmiyyətli layihələrin icra olunması barədə “XQ”-də müxtəlif səpkili material­larin dərcinə prioritet istiqamət kimi yana­şıldığını diqqətə çatdırıb. 

Amin MƏMMƏDOV: 

– Bu ilin noyabr ayında 100-dən çox ölkənin dövlət və hökumət başçıları, eko­logiya və ətraf mühit məsələlərinə cavab­deh nazirləri, həmçinin böyük şirkətlərin, beynəlxalq təşkilatların, BMT-nin müva­fiq qurumlarının nümayəndələri COP29 konfransında iştirak edəcəklər. Toplantı­da iqlim dəyişikliyi ilə mübarizə, gələcək­də bərpaolunan enerji ehtiyatlarının isti­fadəsi, su ehtiyatlarının idarə olunması, təbii fəlakətlərin qarşısının alınması kimi məsələlər müzakirə olunacaq. Bunun üçün ayrılan maliyyə vəsaitlərinin düzgün və ədalətli bölünməsi məsələsi də gün­dəmə gələcək. 

Onu da qeyd edim ki, keçirildiyi ölkə­dən asılı olmayaraq COP hər il dünyanın diqqətini özünə cəlb edən yüksək səviy­yəli tədbirdir. Azərbaycan bu tədbirin yük­sək səviyyədə reallaşması üçün bütün resurslarını səfərbər edir. Hazırlıq pro­sesləri intensiv şəkildə davam edir.

Azərbaycan COP29-a evsahibli­yi etməklə BMT-nin İqlim Dəyişmələ­ri üzrə Çərçivə Konvensiyasının tərəfi kimi üzərinə götürdüyü öhdəliklər, “yaşıl enerji” sektorunda reallaşdırdığı layihələr haqqında dünya ictimaiyyətinin diqqətinə məlumatlar çatdırmaq imkanı əldə edə­cək. 

Yeri gəlmişkən, burada mühüm bir məqamı da xatırlatmaq istərdim. Belə ki, torpaqlarımız 30 il işğal altında olduğu dövrdə Ermənistan tərəfindən Azərbay­canın ətraf mühitinə böyük ziyan vurulub. COP29-da bu zərərin aradan qaldırılma­sı üzrə də respublikamızın həyata keçir­diyi fəaliyyətlərlə bağlı təqdimatlar etmək imkanı olacaq. 

Azərbaycan konvensiya çərçivəsində üzərinə götürdüyü öhdəliklər əsasında 2030-cu ilə qədər ümumi enerji istehlakın­da alternativ enerjinin payının 30 faizə qə­dər artırılması üzrə şərti öhdəlik götürüb. Ötən əsrin 90-cı illərində alternativ enerji­dən, ümumiyyətlə, istifadə olunmurdusa, artıq son illərdə bu istiqamətdə önəmli uğurlar əldə olunub. Hətta Azərbaycanın enerji ixracatçısı ölkəsinə çevirilməsi də qarşıya mühüm hədəf kimi qoyulub.

İqlim dəyişikliyindən irəli gələn fəsad­ların aradan qaldırılması və ətraf mühi­tin mühafizə edilməsi dövlət və ya özəl qurumları düşündürməklə bərabər, hər bir vətəndaşı da narahat etməlidir. Hər bir şəxs üzərinə düşən müəyyən öhdə­liklərə məsuliyyətlə yanaşmalı, ekologi­yanın qorunması üçün səy göstərməlidir.

Xatırladım ki, bu gün dünyada eko­loji məsələlərlə məşğul olan qurumların keçirdiyi təlimlərin də strateji məqsədi əsasən, qeyd edilən problemlərlə bağ­lıdır. Qlobal çağırışlara hər zaman mə­suliyyətlə yanaşan Azərbaycanda da ekologiya və ətraf mühitin mühafizəsi məsələsi bütün dövrlərdə prioritetlər sıra­sında olub. İstər aidiyyəti dövlət qurumla­rı, istər özəl təşkilatlar, istərsə də vətən­daş cəmiyyətinin nümayəndələri ölkənin ekoloji mühitinin daim sağlam, təmiz qalması üçün davamlı tədbirlər, layihələr həyata keçirirlər. Dəniz sahilinin təmiz­lənməsi, plastik, eləcə də digər zərərli tullantıların toplanılaraq müvafiq yerlərə təhvil verilməsi, ağacəkmə kampaniyala­rının təşkil olunması kimi bir çox ekoloji tədbirlər deyilənlərin əyani nümunəsidir. 

Azərbaycanın ətraf mühitin qorunma­sı sahəsində bir çox beynəlxalq konven­siyalara qoşularaq üzərinə düşən öhdə­likləri uğurla yerinə yetirir. Eyni zamanda, COP-un məqsədlərindən birinin–karbon qazının miqdarını sənayeləşdirmədən əvvəlki dövrdə olduğu kimi, 1,5 dərə­cə Selsi ilə məhdudlaşdırmaq və “yaşıl enerji” növlərinin yaradılması istiqamə­tində önəmli layihələr gerçəkləşdirir. 

SOCAR COP28-də metan tullantı­larının sıfıra endirilməsi, 2030-cu ilə qə­dər istixana qazlarının miqdarını 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılması ilə bağlı öhdəlik götürməsi və ötən müd­dətdə bu yöndə mühüm uğurlar əldə et­məsi də bunun bariz ifadəsidir. Prezident İlham Əliyevin işğaldan azad edilmiş tor­paqları “Yaşıl enerji” zonası elan etməsi və 2050-ci ilədək bu ərazilərin “Netto sıfır emissiya” zonasına çevrilməsi ölkəmizin qarşıya qoyulan məqsədlərə doğru inam­la irəliləməsinin təsdiqidir. 

Mən Bakı Dövlət Universitetinin Coğ­rafiya fakültəsini Hidrometeorologiya ixtisası üzrə bitirdiyimdən təhsilim bila­vasitə iqlim dəyişiklikləri ilə bağlıdır. Eyni zamanda, ötən müddətdə müxtəlif yerli və beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də və Dünya Bankında çalışmışam. Qeyd etmək istəyirəm ki, hazırda dünya­da iqlim dəyişiklikləri ilə bağlı məsələyə spektik yanaşmalar çoxdur. Adətən, bir qayda olaraq bu tendensiyanın arxasın­ca qaçanlar da var. Amma bir mütəxəssis kimi iqlim dəyişikliyini birmənalı olaraq demək mənə bir qədər çətin görünür. 

Yeri gəlmişkən, mən ali məktəbdə rəhmətlik Müseyibovdan dərs almışam, akademik Budaq Budaqovun rəhbərliyi ilə elmi iş yazmışam. Onlar sovet dövrünün tanınmış hidroloq alimlərindən olublar. O zaman hidroloq kimi iqlim dəyişikliklərinin su ehtiyatlarına təsirindən yazmışdım. Müəllimlərim mənə deyirdilər ki, iqlimə nə olub ki, hansı iqlim dəyişikliyindən da­nışırsan? Mən də fikrimi əsaslandırmaq üçün bildirirdim ki, ingilis dilini öyrəndiyim üçün müxtəlif dünya mətbuatından oxu­yuram ki, bütün dünya yığışıb iqlim dəyi­şiklikləri ilə bağlı sammit keçirir. Həyəcan təbili çalıb deyirlər ki, bəs dünya dağılır. Onlar isə hidrometeoroloji prizmadan ya­naşaraq, hətta fiziki cəhətdən də sübut etməyə çalışırdılar ki, narahat olmağa dəyməz. Çünki dünya yaranandan iqlim dəyişiklikləri olub. Onu da deyim ki, o dövrün məşhur alimləri iqlim dəyişikliyi ifadəsindən daha çox iqlim tərəddüdləri anlayışından istifadə edirdilər. 

Yeri gəlmişkən, tarixdən də məlum olduğu kimi, vaxtilə Yer kürəsində böyük buzlaşma baş verib, dinozavrlar məhv olub. Sonra ayrı-ayrı dövrlərdə iqlim özü­nü müxtəlif cəhətdən göstərib. O ki qaldı sənayeləşməyə, sovet dövründə təhsil alanlar siyasi iqtisad anlayışı ilə yaxşı tanışdırlar. Çünki o dövrdə iqtisadiyyat artıq siyasətə də təsirini göstərməyə başlamışdı. Yəni kapitalın formalaşdırıl­ması, onun dünya siyasətində rolu kimi məsələlərdən görünürdü ki, artıq iqlimin özü belə, müəyyən qrupların əlində, bir növ, alətə çevrilib. 

İstənilən halda bizim də bir ölkə, bir dövlət, bir xalq olaraq bu dünyada sağ qalmaq məqsədimiz var. Bununla belə, hazırda biz dünyada gedən proseslərə təsir etmək gücündə deyilik. Nə G7-yə daxil deyilik, nə də qlobal bir gücə ma­likik. Amma istənilən halda regionda öz gücümüzü sübut edən bir dövlətə çev­rilmişik. Bunun üçün isə çox böyük tarixi proses keçmişik, ağır sınaqlarla üzləşmi­şik. 1991-ci ildə müstəqilliyimizi əldə et­dikdən sonra başımıza gəlməyən hadisə qalmayıb. 

Fikrimi nəyə gətirmək istəyirəm? Əv­vəlllər Moskvada, Tbilisidə iqlim dəyişik­likləri ilə bağlı keçirilən tədbirlərdə, eləcə də Dubayda təşkil olunan COP28-də işti­rak etmişəm. Bu yaxınlarda isə Keniyada iqlim məslələrinə həsr olunmuş tədbirə qatılan nümayəndə heyətinin tərkibində olmuşam. Hətta COP28-də bütün işti­rakçı ölkələrin pavilyonlarına baş çəkir, orada gedən söhbətlərlə, müzakirələrlə yaxından maraqlanır, yeni nəsə əxz et­məyə, öyrənməyə çalışırdım. 

Qeyd etmək istəyirəm ki, COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçiril­məsi ilə bağlı qərar dünya ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanma­dı. Fransadan savayı, digər bir neçə ölkə də iddia etməyə başladı ki, bəs Azərbay­can neft-qaz hasilatçısıdır. Mən bu kimi məsələlərdə polemikaya girmişəm, bir çox hallarda, hətta dəstək də almışam. İkinci Dünya müharibəsində faşizm üzə­rində qələbənin əldə olunmasında Azər­baycanın rolunu onların diqqətinə çatdır­mışam. Demişəm ki, cəbhədə hərəkət edən hər 4 tankın, hər 4 təyyarənin 3-ü məhz Bakı nefti ilə hərəkət edib. Yəni biz faktiki olaraq öz torpaqlarımızın neft­lə çirklənməsini qəbul etmişik. İntensiv olaraq çıxardığımız neftin hesabına isə dünyanı faşizm kimi bir bəladan xilas et­mişik. 

Daha sonra 1991-ci ildə sovet sis­temi dağılanda bu quruluş bizə bir çox problemləri miras qoydu. İndi biz neft­dən əldə etdiyimiz vəsaiti özümüzə sərf etmək əvəzinə onun müəyyən hissəsini Abşeron yarımadasının neftlə çirklənmiş torpaqlarımızın təmizlənməsinə xərc­ləmək məcburiyyəti qarşısında qalmışıq. Çox təəssüf ki, heç kim nəyi nəyə görə qurban verdiyimizi düşünmək belə istə­mir. Bununla yanaşı, 1991-ci ildən eti­barən 10 min kvadratkilometr ərazimiz işğala məruz qaldı. Həmin ərazilərdə 60 min hektar yaşıllıq sahələri məhv edildi. Beynəlxalq hüquqi normalar çərçivəsin­də böyük qurbanlar hesabına ərazi bü­tövlüyümüzü, suverenliyimizi bərpa edə bildik. İndi isə həmin ərazilərdə Ermənis­tanın törətdiyi ekoloji terrorun nəticələrini aradan qaldırmaqla məşğuluq. Bildiyiniz kimi, cənab Prezident həmin ərazilə­ri “yaşıl zona” elan edib. Yaşıllığı məhv edilmiş 60 min hektar ərazini növbəti 20 ildə bərpa etməli olacağıq. Bütövlükdə, Qafqazın ekologiyasına vurulmuş yara­nı Azərbaycan sağaldacaq. Təəssüf ki, məsələnin bu tərəfi heç kəsi maraqlan­dırmır.

Gülşən AXUNDOVA: 

İqlim dəyişiklikləri 1800-cü ildən özü­nü göstərməyə başlayıb. Məhz həmin dövrdən etibarən bu barədə müəyyən məlumatlar verilib. Bu proses, ümumiy­yətlə, bir neçə onilliklər və ya daha çox müddət ərzində orta hava şəraitinin əhəmiyyətli dəyişməsi – məsələn, ətraf mühitin daha isti, nəm və ya daha quru olması kimi müəyyən edilir. Bu, iqlim dəyişikliyini təbii hava dəyişkənliyindən fərqləndirən uzunmüddətli tendensiyadır. İqlim dəyişikliyi özünü böyük daşqınlar, şiddətli fırtınalar, ölümcül istilik kimi hal­larla göstərir və bərabər olmasa da, hər bir canlı tərəfindən yaşanır. Bunun da ya­ranmasının müxtəlif səbəbləri vardır.

COP (Conference of the Parties) Tərəflərin Konfransını (TK) ifadə edir və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (UNFCCC) iqlimə diqqət yetirən beynəlxalq toplantısına istinad edir. COP UNFCCC-nin əsas qərar qə­buledici orqanıdır. Artıq iqlim sammitləri kimi tanınan 28 beynəlxalq konfrans ke­çirilib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çər­çivə Konvensiyası (İDÇK), ya da ingilis dilində UNFCCC, atmosferdə istixana qazlarının konsentrasiyalarını sabitləş­dirməklə “insanların iqlim sisteminə təh­lükəli müdaxiləsi” ilə mübarizə aparmaq üçün ölkələr arasında beynəlxalq müqa­vilədir. 

Hələ 1896-cı ildə isveçli iqlimşünas alim Svante Arrenius demişdi ki, sənaye inkişaf etdikcə havaya buraxılan karbon emissiyaları da artacaq. Məlum olduğu kimi, 1800-cü ildən əvvəl əhali, əsasən, ticarət və kənd təsərrüfatı ilə məşğul olurdu. Sonralar isə texnika inkişaf et­dikcə havaya buraxılan emissiyaların həcmi artmağa başladı. Emissiyalar su buxarıdır, karbon, metan qazıdır. Bunlar havaya qalxaraq Yer kürəsini yorğan kimi bürüyür. Əvvəllər də buna istixana effekti deyiblər. Amma bununla belə, o zaman atmosferdə istixana effekti indiki qədər deyildi. Bir məsələni də qeyd edim ki, Yer kürəsindən o tərəfə hava çox soyuqdur. Temperaturun tənzimlənməsində istixa­na effektinin mühüm rolu var. Hazırda isə karbon qazının artması elə bir səviyyəyə çatıb ki, artıq içəridən temperatur müba­diləsinə mane olur. Ona görə də qlobal istiləşmə yaranır. Alimlər sübut ediblər ki, 2011-2020-ci illər planetimizdə ən isti dövr olub. Qlobal istiləşmə isə buzlaqla­rın əriməsinə, sel və daşqınlara, çayların öz məcrasından çıxmasına gətirib çıxarır.

Azərbaycan da iqlim dəyişikliyinə qar­şı çox həssasdır. Hər şeydən əvvəl, iqlim dəyişikliyi Azərbaycanda kənd təsərrüfa­tına torpaq və əkin sahələrinin itirilməsi, istehsal zonalarının dəyişməsi və daşqın­lar nəticəsində məhsuldarlığın azalması kimi hadisələrlə təsir edir. Eyni zamanda, bu proses ölkəmizin şirin su ehtiyatları­nın itirilməsinə, daşqınların artmasına və Xəzər dənizində suyun səviyyəsinin azal­masına səbəb olur. Bundan əlavə, iqlim dəyişikliyi havanın çirklənməsi və əhali­nin rifahına təsir edən istiliklə bağlı xəstə­liklər səbəbindən insanların sağlamlığı üçün risklər yaradır. İqlim dəyişiklikləri, həmçinin Azərbaycanda turizmə və sa­hil infrastrukturuna təsir edir, daşqınların törətdiyi fəsadlara və sahilyanı ərazilər­də ölkə iqtisadiyyatının şaxələndirilməsi səyləri üçün həyati əhəmiyyət kəsb edən problemlərə gətirib çıxarır.

Artıq 10 ilə yaxındır ki, mən iqlim dəyişiklikləri məsələsi ilə məşğulam. Bir neçə beynəlxalq şəbəkənin üzvü­yəm. Həmin qurumların tədbirlərində müntəzəm şəkildə iştirak edirəm. Ötən ilin dekabr ayında Dubayda keçirilən COP28-ə qədər heç kim belə bir mötəbər tədbirin Azərbaycanda da keçirilə bilə­cəyini düşünmürdü. Onu da qeyd etmək istəyirəm ki, COP28 böyük bir təntənə ilə keçirildi. Orada dünyanın bir sıra ölkələ­rinin dövlət və hökumət başçıları iştirak edirdi. Həmin tədbirdə möhtərəm Prezi­dentimiz cənab İlham Əliyev, Prezidentin köməkçisi Hikmət Hacıyev və digər rəsmi şəxslərin iştirakı isə bizim üçün olduqca qürurverici idi. 

Toplantının gedişində növbəti COP-un harada keçiriləcəyi müzakirə olu­narkən namizəd ölkələrlə yanaşı, Er­mənistanın da adı çəkilirdi. Müəyyən danışıqlardan sonra COP29-un Azər­baycanda keçirilməsi təklif olundu. Bu barədə qərar yekdilliklə qəbul edildi. Hət­ta Ermənistan da öz namizədliyini ölkə­mizin xeyrinə geri götürdü. Azərbaycan hökuməti ilk gündən tədbirə hazırlıqlara start verdi. Cənab Prezident tərəfindən Təşkilat Komitəsi yaradıldı. Artıq komitə­nin bir neçə iclası keçirilib. Yeri gəlmiş­kən, bir məsələni də qeyd edim ki, indiyə qədər Azərbaycanın qeyri-hökumət təş­kilatları müxtəlif ekoloji layihələr reallaş­dırıb. Bunlar, əsasən, tullantıların idarə olunması, su və quraqlıqla əlaqədar olsa da, QHT-lər tərəfindən COP-la əlaqədar layihə həyata keçirilməmişdi. Artıq Qey­ri-Hökumət Təşkilatlarına Dövlət Dəstə­yi Agentliyi bu istiqamətdə mühüm işlər görürür. İnşallah bu yaxınlarda QHT-lər COP-la bağlı layihələrini dövlətə təqdim edəcəklər. Burada əsas söhbət maa­rifləndirmədən gedir. Bilirik ki, əhalinin çox hissəsi COP-la, iqlim dəyişiklikləri ilə bağlı bir o qədər də məlumatlı deyil.

COP29-da, əsasən, üç məsələ mü­zakirə olunacaq. Onlar atmosferə bu­raxılan karbon emissiyalarının azaldıl­ması, adaptasiya və maliyyə ilə bağlıdır. Yeri gəlmişkən, bu məsələlər arasında adaptasiya xüsusi aktuallıq kəsb edir. Məsələn, kənd yerlərində yaşayanlar dağdan gələ bilən selin qarşısını almaq üçün öncədən hazırlıqlı olmalıdırlar. Yəni selin törədə biləcəyi fəlakətin qarşısını almaq üçün əvvəlcədən qum kisələri ha­zırlamalıdırlar. Bu kimi misalları çox çək­mək olar. Sözümün canı budur ki, hər bir region iqlimlə bağlı məsələlərdə özünə uyğun adaptasiya olunmalıdır ki, əhali əziyyət çəkməsin. 

COP29-un Azərbaycanda keçirilməsi həm ölkəmiz, həm də bütün dünya üçün böyük əhəmiyyət kəsb edir. Hər şeydən əvvəl, bu mötəbər toplantı Azərbaycanın nüfuzunu zirvələrə qaldıracaq. Eyni za­manda, tədbir dünyanın diqqətini Azər­baycana yönəldəcək və onun davamlı inkişaf prinsiplərinə bağlılığını nümayiş etdirəcək. Bu, həm də ölkə üçün iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini nü­mayiş etdirmək və “yaşıl” texnologiya­lara investisiya cəlb etmək üçün fürsət yaradacaq. Bir sözlə, COP29 “yaşıl” tex­nologiyaların və investisiyaların inkişafı üçün katalizator olacaq, ölkəmizdə yeni biznes imkanlarının və iş yerlərinin yara­dılmasına yol açacaq. 

Ən əsası isə, COP29 iqlim dəyişik­liyi problemləri haqqında ictimaiyyətin məlumatlılığının artırılmasına kömək göstərəcək və vətəndaşlarımızı ətraf mü­hitin mühafizəsi fəaliyyətlərində iştiraka təşviq edəcək. Bununla yanaşı, bu mö­təbər toplantı iqlim dəyişikliyi məsələləri üzrə dünya ölkələri arasında dialoq üçün platforma olacaq, qlobal problemin həlli yollarını tapmağa kömək edəcək. Eyni zamanda, düşünürəm ki, ölkələrin istixa­na qazı emissiyalarını azaltmaq ambisi­yalarının artırılması baxımından COP29 bütün dünya dövlətləri üçün bu istiqamət­də hədəflərini qəbul etməyə təkan verə bilər. Azərbaycanın evsahibliyi etdiyi təd­bir “yaşıl” iqtisadiyyatda ən yaxşı təcrübə və texnologiyaların nümayişi üçün plat­forma olacaq.

COP29 Azərbaycanda turizmin inki­şafına da mühüm töhfə verə bilər. Belə ki, tədbirin keçirildiyi günlərdə ölkəyə çoxsaylı qonaqların gəlməsi turizm sə­nayesinin inkişafına təkan verəcək. Xü­susən də, BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının 29-cu sessi­yası Azərbaycanın planetin gələcəyini düşünən məsuliyyətli ölkə olduğunu bü­tün dünyaya nümayiş etdirəcək.

Ümumilikdə isə, COP29-a evsahibliyi etmək Azərbaycan üçün ekoloji təşəb­büsləri nümayiş etdirmək, eləcə də iqlim dəyişikliyi, davamlılıq və biomüxtəlifliyin qorunması ilə bağlı qlobal müzakirələrə töhfə vermək üçün platforma təmin edə­cək. Ən nəhayət, COP29-un Azərbay­canda keçirilməsi həm ölkə, həm də dün­ya üçün bir çox müsbət nəticələrlə yadda qalacaq.

Pərvanə VƏLİYEVA: 

– COP29-un Azərbaycanda keçirilməsi həm “yaşıl enerji”yə keçid üçün yeni im­kanlar yaradır, həm də ölkəmizin dünya miqyasında olan nüfuzunu göstərir. Çünki bu tədbir ən mühüm beynəlxalq tədbirlərdən biridir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev bütün fəaliyyətində insan amilini əsas məqsəd kimi qarşıya qoyur. Belə konfransın və “yaşıl enerji”yə keçidin əsas məqsədi də məhz Azərbaycan vətəndaşının sağlamlığının qorunmasına, həm də dövlətimizin dünyada söz sahibi olmasına göstərilən yorulmaz səy­dir. Şübhəsiz ki, bir çox tədbirlər kimi, ölkə­miz COP29-u da uğurla həyata keçirəcək və özünün yüksək təşkilatçılıq bacarığını, insanların sağlamlığına göstərdiyi qayğını dünyaya bir daha nümayiş etdirəcək.

Azərbaycan müstəqillik əldə etdikdən sonra Bakıda keçirilən beynəlxalq tədbirlərin sırasına nəzər salsaq, COP29 səviyyəsində genişmiqyaslı bir layihənin olduğunu deyə bilmərik. Əslində, ölkəmiz bundan fayda­lanaraq, ilk növbədə, öz həqiqətlərini bütün dünyaya çatdıracaq. Başqa sözlə, 30 illik iş­ğal dövründə erməni vəhşiliyini bütün dün­yanın diqqətinə yönəldəcək, Vətən mühari­bəsində erməni faşizmi üzərindəki ədalətli və parlaq qələbəmiz barədə söhbət açılacaq, Azərbaycanın sosial-iqtisadi uğurları bir daha vurğulanacaq. Eyni zamanda respubli­kamıza gələn insanlar Azərbaycanı və azər­baycanlıları daha yaxından tanıyacaq, yanlış təbliğat vasitəsi ilə onlara aşılanmış neqativ baxışları pozitiv düşüncə ilə əvəzləyəcək.

Təbii ki, COP29-dan sonra geriyə qayı­dan insanlar öz ölkələrində əhatələrində olan­lara Azərbaycan və azərbaycanlılar barəsində gerçəkləri çatdıracaq, ölkəmiz və millətimiz haqqında əsl həqiqətləri danışacaqlar. Belə nüfuzlu konfransda iştirak edənlər ölkəmiz­də iqlim dəyişikləri ilə bağlı görülən işlərlə yaxından tanış olacaq, “yaşıl enerji” istehsalı istiqamətində reallaşdırılan layihələr barədə məlumat alacaqlar. 

Respublikamız COP29-a ciddi hazırla­şır. Cari ilin fevral ayında 80-dən çox xarici QHT-in iştirakı ilə adıçəkilən konfransdan gözləntilərlə bağlı qlobal məsləhətləşmələr keçirilib. Afrika Səhiyyə Təşkilatları Asso­sasiyası ilə danışıqlar nəticəsində 109 xarici QHT-in Azərbaycanın COP29-a sədrliyinə dəstək bəyanatı verməsi reallaşdırılıb. Afri­kadan olan QHT-lərlə birgə onlayn platforma üzərində Afrika-Asiya Konsorsiumu yaradı­lıb və COP29-la bağlı ayda bir dəfə görüş­lərin keçirilməsinə başlanılıb, eyni zaman­da QHT-lərin məlumatlılığının artırılması məqsədilə vebinarlar təşkil edilib.

Yeri gəlmişkən, COP29-un keçirilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin üzvü, eyni zamanda, “Environmental Pro­tection First” Koalisiyasının həmtəsisçisi kimi cari ilin mart ayında adıçəkilən Təşki­lat Komitəsinin iclasında “Xarici QHT-lərlə əməkdaşlıq” mövzusunda çıxış etmiş, elə hə­min ay BMT-in Cenevrədəki iqamətgahında keçirilən insan hüquqları üzrə 55-ci sessiyası çərçivəsində ətraf mühit və iqlim ədaləti ilə bağlı sessiyalarda bu mövzuda fikirlərimi bil­dirmişəm. Bir neçə gün bundan əvvəl isə Ke­niyanın Nairobi şəhərində reallaşan BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında, habelə Kenya QHT-ləri ilə əməkdaşlıq perspektivlə­ri barədə görüşdə iştirak etmiş, bu ölkə mət­buatına müsahibə vermişəm. 

COP29-a hazırlıq çərçivəsində İtaliya­nın Roma şəhərində keçirilən G7 ölkələrinin vətəndaş cəmiyyəti sammitinə də qoşularaq paneldə spiker kimi çıxış etmişik. Təşki­latımız səhiyyə sahəsində əməkdaşlıq etdiyi QHT-lərin dəvəti ilə bu koalisiyaya üzv se­çilərək qurumun “İqlim və ətraf mühit ədalə­ti” adlı işçi qrupunda fəaliyyət göstərmişik. 

Qeyd edim ki, sammit çərçivəsində ölkə­mizi tanıtmaq, Azərbaycanın COP29-a səd­rliyi barədə müsbət mesajlar yaymaq, C7 adından COP29-a dəstək bəyanatının 8 ölkə­dən 30 QHT nümayəndəsi tərəfindən imza­lanması təşəbbüslərimiz müsbət nəticələnib, Qərb QHT-ləri ilə yeni əməkdaşlıqlar qurmaq və xarici QHT-lərlə şəbəkəmizi genişləndir­mək istiqamətində də uğurlu addımlar atı­lıb. Bütün bunlarla yanaşı, C7 ilə dayanıqlı əməkdaşlıq çərçivəsində təşkilatımızın iyu­nun 13-15-də Bari şəhərində keçiriləcək G7 Liderlər Sammitində iştirakı nəzərdə tutulub.

Burada bir məqama da toxunmaq istər­dim. Belə ki, 2009-cu il keçirilən COP15-də inkişaf etmiş dövlətlər tərəfindən hər il iqlim maliyyəsinə 100 milyard dollar vəsait yığıl­ması haqqında qərar verildi. Bu vəsait döv­lət büdcələrindən, özəl sektordan və donor təşkilatlar kimi digər alternativ mənbələrdən toplanmalı idi. Lakin bu hədəfə çatmaqda heç bir uğur əldə edilmədi. Yeri gəlmişkən, maliyyə üzrə qiymətləndirmə isə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən təmin edilmişdi. Yığılan vəsaitin nəzərdə tutulandan az olması isə iqlim ma­liyyəsinin toplanılmasında dünya dövlətləri­nin konsensual bir qərara gələ bilməməsinə gətirib çıxardı. COP27-də isə dünya dövlət­lərinin konsensusa gəlməsi və bu məsələnin, yəni maliyyə axını mexanizminin birdəfəlik müəyyənləşdirilməsi barədə qərar verildi.

Ümumiyyətlə, maliyyə məsələsində mü­bahisəli məsələlər çoxdur. Məsələn, inkişaf etməkdə olan dövlətlər Paris Razılaşmasının həyata keçirilməsi ehtiyacından irəli gələrək maliyyənin daha da (100 milyarddan da çox) artırılmasının tərəfdarı olsalar da, inkişaf etmiş ölkələr isə iqlim maliyyəsində donor əsaslı ödəmələrin genişləndirilməsinin tərəf­darıdırlar. Yəni əməliyyatın konkret mexa­nizmlə deyil, dövlətin öz qərarına əsasən, illər üzrə daxili iqtisadi siyasətə uyğun ola­raq, nəzərdə tutulan həcmdə ödənilməsinə üstünlük verirlər. 

Lakin 2020-ci ildən bu yana COVİD-19 pandemiyası və müharibələr 54 ölkəni borc problemi ilə üzləşdirib. Kiçik ada dövlətləri­nin borcu ilə iqlim dəyişikliyi fəsadları düz mütənasib olaraq artmaqda davam edib. Bu ölkələr tərəfindən iqlim dəyişikliyi proqram­ları üçün aldıqları vəsaitdən 18 dəfə çox borc ödənilib. Afrika dövlətlərinin borclarının Qərb maliyyə qurumlarına Çinə olan borcla­rından 3 dəfə artıq olduğu müəyyənləşdirilib. 

Bu fikri belə bir fakdan da görə bilərik. Asiya dünya əhalisinin 60 faizini təşkil edir. Amma dünyanın qlobal iqlim maliyyəsindən cəmi 25 faiz əldə edə bilir. Beləliklə, Qlobal Cənub iqlim böhranının aradan qaldırılması üçün aldığı maliyyədən 5 qat daha çox borc ödəyir. 

Deməli, yığılan maliyyə kreditlər şəklin­də verilir, bu da ədalətsizliyin başqa bir nö­vüdür. Maliyyə vəsaiti iqlimin adaptasiya və uyğunlaşma fəaliyyətləri ilə, “yaşıl iqtisadiy­yat”a keçidlə əlaqəli layihələrə ayrılır. Lakin onu almaq üçün də müraciət edən qurum çə­tin və vaxt alan uzun akkreditasiya prosedu­rundan keçməlidir. 

Məsələ burasındadır ki, fondlar tərə­findən vəsait layihə təklifi əsasında kredit mexanizmləri ilə və ya qrantlar şəklində veri­lir. Vəsaitin böyük hissəsi kredit mexanizm­ləri ilə ayrılır. Bunun üçün isə təklifi forma­laşdırmaq lazımdır. Əlavə olaraq isə bütün fondlarda olduğu kimi, bu fondlarda da birgə maliyyələşmə tələbi var. Məsələn, ümumi la­yihənin xərci 1 milyon dollardırsa, onun 300-400 min dolları müraciət edən ölkə (qurum) tərəfindən qarşılanmalıdır. Aidiyyatı qurum öhdəliyi təsdiq edən sənədi fonda verməlidir. 

Məhz bu səbəbdən Yaşıl İqlim Fondu dünyada ən az inkişaf etmiş 37 ölkədən cəmi 16-na ötən illərdə vəsait ayırıb. Ən ehtiyaclı olan Eritreya, Somali, Yəmən kimi ölkələrdə maliyyə potensialı, layihə yazmaq bacarığı və s. digər məsələlərə görə, bu dəstəkdən faydalanılmayıb. Halbuki qazıntı yanacağına malik olmayan bu dövlətlər iqlim dəyişikli­yinə ən az məsul ölkə olsalar da, onun fəsad­larından (daşqın, tufan, istiləşmə, su qıtlığı, ərzaq çatışmazlığı) ən çox təsirləniblər. 

OECD qiymətləndirməsinə görə, döv­lətlər tərəfindən ayrılan vəsaitin 70 faizdən çoxu qrant mexanizmi şəklində deyil, kredit formasında verilir. Əlbəttə, kreditə əsaslanan maliyyə mexanizmlərinin istifadəsinin artı­rılması bir çox inkişaf etməkdə olan ölkələrin borclarının yüksəlməsinə və iqlim ədalətsiz­liyinə gətirib çıxarır. 

Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ,
Elşən AĞALAR (foto)
XQ











Sosial həyat