Yeni Kaledoniyada vəziyyət gərgin olaraq qalır. Fransa hərbçiləri Parisdən Fransanın bu dənizkənarı ərazisinin taleyi ilə bağlı qərarlarda iştirak etmək hüququna malik olmasını tələb edərək, yerli əhalinin etirazlarını vəhşicəsinə darmadağın edir. Qarşıdurmada 6 nəfərin öldüyü və 200-dən çoxunun yaralandığı bildirilir. Təxminən 240 etirazçının həbs olunması barədə məlumat var. Fransa hərbçilərinin cəza tədbirlərini davam etdirdikləri vaxtda prezident Emmanuel Makron Yeni Kaledoniyaya getməyə hazırlaşır.
Fransanın mərkəzi hakimiyyət orqanları bazar ertəsi bildiriblər ki, təhlükəsizlik qüvvələri hava limanı ilə paytaxt Numea arasındakı yolu açıblar. Yeni Kaledoniyanın Ali Komissiyası jandarmların 40 kilometrlik yol boyu 76 barrikada və dağıntıları təmizlədiyini və yaxın günlərdə yolun yanmış avtomobillər də daxil olmaqla tamamilə təmizlənəcəyini bildirib. Səlahiyyətlilər hələlik hava limanının kommersiya reysləri üçün nə vaxt açılacağını açıqlamayıb. Bununla belə, fransızlar iğtişaşların tamamilə yatırılmadığını da etiraf ediblər. Paytaxt Numea şəhərinin meri Sonia Lagarde həftə sonu jurnalistlərə bildirib ki, Yeni Kaledoniya “mühasirə vəziyyətindədir”. Onun sözlərinə görə, arxipelaqda bir çox ictimai bina yandırılıb və Fransadan hərbi qüvvə göndərilməsinə baxmayaraq adada vəziyyət qeyri-sabit olaraq qalır. Son məlumatlara görə, adadakı 1700 polisdən əlavə, Fransa hakimiyyəti Yeni Kaledoniyaya daha 1000-ə yaxın jandarm göndərib.
Xatırladaq ki, Yeni Kaledoniyada iğtişaşlar Fransa parlamentinin yerli qanunvericilik məclisinə seçkilərin prosedurunu dəyişdirən qanun layihəsini qəbul etməsindən sonra başlayıb. Çərşənbə günü təsdiqlənən düzəlişlərə görə, Fransadan 10 ildir Yeni Kaledoniyaya köçənlər də səsvermə hüququna malik olacaqlar. Təbii ki, bu, Yeni Kaledoniyanın yerli əhalisi olan kanakların narazılığına səbəb oldu. Kanaklar haqlı olaraq narazıqlarını bildirirlər ki, bu qanun onların maraqlarına cavab vermir. Ona görə ki, 270 min əhalisi olan ada sakinlərinin 40 faizini aborigen əhali təşkil edir və gəlmələrin sayının artması fonunda sözügedən qanunun qəbul edilməsi Kanak icmasının siyasi çəkisini azaldacaq. Yerli əhali hesab edir ki, yeni qanun onların seçki çəkisini azaldacaq, xalqı marginallaşdıracaq və beləliklə də kanakları adanın taleyini təyin etmək imkanından məhrum edəcək.
Yeni Kaledoniyadakı böhran Fransada müxalifət düşərgəsinin prezident Emmanuel Makron və onun hökumətini tənqid etməsinə səbəb olub. Sol düşərgədə belə bir fikir üstünlük təşkil edir ki, konstitusiya islahatından imtina etmək lazımdır, asayiş nümayəndələrinin zor tətbiq etməsi yolverilməzdir. Sosialist deputatlar müstəmləkəçilik vərdişləri, repressiya, avtoritarizm və xalqın iradəsi haqqında danışırlar. Qanun layihəsinə səs verən sağ düşərgənin nümayəndələri isə əksinə, hökumətin bu tədbirlə bağlı qərarından əvvəl güc nümayiş etdirməyi və fövqəladə vəziyyət tətbiq etməyi istəyirlər.
Bu fonda Milli Birlik partiyasının rəhbəri Marin Le Penin bəyanatı maraq doğurur. “Le Monde” qəzetinə müsahibəsində o, qırx ildən sonra yeni referendumun keçirilməsini nəzərdə tutan yeni hərtərəfli iqtisadi sazişin bağlanmasının zəruriliyindən danışıb. Siyasətçi vurğulayıb ki, atası Jan-Mari Le Pen tərəfindən yaradılan Milli Cəbhə partiyası həmişə radikal baxışı müdafiə edib və Yeni Kaledoniyanın müstəqilliyinə qarşı olub. Marin Le Pen bu məsələdə özünü “daha az doqmatik” hesab edir. O, 2027-ci il prezident seçkilərində qalib gələrsə, kanakların istək və ənənələrini və onların torpaqlarına bağlılığını nəzərə alan məğlubiyyətsiz kompromis vəd edir.
Əlbəttə, Fransanın siyasi elitasında prezidentə qarşı tənqidlərin artması onsuz da reytinqi aşağı olan Makronu təxirəsalınmaz qərarlar qəbul etməyə vadar edir. Son məlumatlara görə, Yeni Kaledoniyadakı iğtişaşlar Fransa prezidentini iş qrafikində düzəlişlər etməyə məcbur edib. Makron Normandiyaya planlaşdırdığı səfər əvəzinə dənizaşırı ərazisinə yollanacaq. Məsələ ondadır ki, Avropa Parlamentinə seçkilər ərəfəsində Makronun partiyası müxalifətə uduzur. Siyasi şərhçilərin sözlərinə görə, seçkilərdə məğlubiyyət Makronun siyasətinə və onun vəzifədə qalmasına böyük zərbə olacaq. Çünki o, parlamentin aşağı palatası olan Milli Assambleyada mütləq çoxluqdan məhrumdur. İndi konstitusiya islahatı aparmaq onun üçün çətindir, Milli Birlik partiyası Avropa seçkilərindən nəzərəçarpacaq müvəffəqiyyətlə keçərsə, bunu etmək daha da çətinləşəcək.
Göründüyü kimi, Makron üçün çətin vəziyyət yaranıb və o, Yeni Kaledoniyada tez bir zamanda kompromis tapmağa çalışacaq. Amma bir çox mütəxəssis bunun qısa zamanda əldə ediləcəyinə inanmır. Ona görə ki, kanaklar mərkəzin onların istəyinə laqeyd yanaşmasının şahidi oldu. Paris aborigen xalqın tələblərini dinləmək və problemləri həll etmək əvəzinə, adaya qoşun göndərdi. Belə etimadsızlıq şəraitində də Yeni Kaledoniyada Makronun arzuladığı sabitliyi əldə etmək çətin olacaq.
S.ELAY
XQ