İlham Əliyev: postmüharibə dövrünün memarı

post-img

III MƏQALƏ

Güclü zəkalar ideyalar yaradırlar.

Sokrat

Liderin strateji yol xəritəsi

XXI əsrdə müstəqil dövlətin başçısı və xalqın liderinin strateji yol xəritəsinin olması mütləq şərtdir. Dünya miqyasın­da geosiyasi vəziyyət o dərəcədə həssas və sürətli dəyişmə dinamikasına malikdir ki, milli və regional səviyyələrdə mən­zərənin qlobal miqyasla daimi fəlsəfi və siyasi-nəzəri müqayisələri aparılmalıdır. Bu əsasda qısa və uzunmüddətli proq­nozlar verilməlidir. Lakin buna realpoliti­ka çərçivəsində nail olmaq üçün başlıca hədəf – strateji məqsəd dəqiq müəyyən edilməlidir. Əks halda ən yaxşı elmi əsa­sı olan təhlil və proqnozlaşdırma üsulu belə ola biləcəkləri adekvat müəyyən et­məyə yetərli olmayacaq. Bu tezisin fəlsə­fi, konseptual və siyasi-nəzəri analizi ayrı məsələdir. 

Qısa onu deyə bilərik ki, dünya­nı mürəkkəb şəbəkə və ya qeyri-xətti mürəkkəb sistem kimi təsəvvür etsək, hər bir təkamül mərhələsində proseslərin rəngarəngiliyi fonunda həmişə ortaq inki­şaf istiqamətinin mövcud olduğunu görə­rik. Məsələ ondan ibarətdir ki, belə bir qeyri-müəyyən şəraitdə konkret məqsəd aydın olmayanda, sistem müxtəlif vari­antlar arasında manevrlər edir. Bunun nəticəsi inkişaf da ola bilər, deqradasiya da. Bu da riskdir. 

Lakin xoşbəxtlikdən başqa bir özəl­lik də vardır. İnsanla bağlı olan istənilən mürəkkəb qeyri-xətti sistemi və ya şə­bəkəni idarə etmək mümkündür. Bunun üçün əsas məqsəd müəyyən olunur, idarəetmə və nizamlama parametrləri ilə sistem (və ya şəbəkə) bütövlükdə hə­min strateji məqsədin “cazibə sahəsinə” istiqamətləndirilir. Məhz həmin ümumi anlayış olan “cazibə sahəsi”nə toplumu və dövləti istiqamətləndirmək liderlik mə­harətini tələb edir! 

Azərbaycan üçün bu strateji “cazibə sahəsi”nin məzmununu Ulu öndər siyasi aspektdə dəqiq müəyyən etmişdir. Onun ümumi ifadəsi müstəqil, demokratik, hüquqi dövlət və güclü vətəndaş cəmiy­yətidir. 

Strateji məqsədə çatmaq üçün, an­ladığım qədəri ilə, milli güclü dövlətdən regional güclü lider dövlətə keçid və son­rakı mərhələdə türk dövlətlərinin təşkilat­lanması çərçivəsində aparıcı rola sahib olmaq və, nəhayət, digər beynəlxalq təş­kilatlardakı fəaliyyətdən də maksimum yararlanmaqla Azərbaycan Respublika­sının dünya dövlətləri sistemində “nizam­layıcı güc”lərdən biri səviyyəsinə yüksəlt­mək kimi vəzifələr müəyyən edilmişdir. Buna nail olmaq mexanizmləri də dəqiq müəyyənləşdirilmişdir və onları biz daim müşahidə edirik. 

Bununla yanaşı, zaman kontekstində məsələnin liderlik aspektinin böyük mə­nası vardır. Burada istiqamətverici rolu Heydər Əliyevin yuxarıda vurğuladığımız liderlik təcrübəsinin özünəinam, cəmiy­yətin daxili birlik və həmrəylik fəlsəfəsini yeniləşdirmə və milli dövlət quruculuğu kontekstində milli-regional-qlobal sinte­zin təmini kimi əlamətlər ön plana çıxır. Eyni zamanda, liderliyin bu əlamətlərinin konkret mərhələdə necə məzmunlaşma­sı məsələsi aktuallaşır. Ona görə də han­sı mərhələdən bəhs edilirsə, strateji yol xəritəsinin “cizgiləri”ni həmin kontekstdə müəyyən etmək zəruriyyəti dərk edilmə­lidir. Bizi “postmüharibə dövrü” adlan­dırılan tarixi dönəmdə liderin strateji yol xəritəsinin məzmunu və funksional özəl­likləri maraqlandırır. 

Beləliklə, təhlili davam etdirmək üçün “Postmüharibə dövrü nədir?”– sualına fəlsəfi cavab tapılmalıdır.

Postmüharibə dövrü

Bu terminin iki aspektdə anlamı var­dır. Birinci, “postmüharibə” sözü müha­ribədən sonrakı zamanı ifadə edir. Yəni xronoloji olaraq müharibədən sonrakı vaxt başa düşülür: “Dövr” (və ya mər­hələ) isə müharibədən sonra konkret proseslərə bütöv obyekt, vahid dinamika və bir neçə illik zaman kontekstində bax­mağı ifadə edir. Məsələn, müharibədən sonra müəyyən illər çərçivəsində geo­siyasi, siyasi, mədəni, iqtisadi, təhlükə­sizlik və başqa proseslərə aid məntiqi çərçivədə özünüyaradan sistem və ya şəbəkə kimi baxmaq nəzərdə tutula bilər. Bu, artıq subyektin seçimindən, baxış özəlliyindən və qarşıya qoyulan məqsəd­dən asılıdır. Ancaq burada fəlsəfi və siya­si-nəzəri baxımdan çox əhəmiyyətli olan bir məqam mövcuddur. O, “postmüharibə dövrü” termininin ikinci – sırf fəlsəfi anla­mına aiddir. 

Deməli, ikinci, müəyyən hadisədən sonrakı zaman sürəcini “dövr” kimi məna­landırmaq üçün yeni keyfiyyətlər komp­leksi müəyyən edilərək, onların kon­tekstində hansısa dövrdən bəhs etmək olar. Keyfiyyətlərin müəyyən edilməsi əsas hədəfi müəyyən etməyə əsaslanır. Bununla idraki dairə qapanır – hansısa böyük hadisədən sonra müəyyən dövr­dən danışmaq üçün öncə nəzərdə tutu­lan zaman sürəcində strateji məqsəd və ona uyğun görmək istədiyin keyfiyyətlər kompleksi müəyyən olunmalıdır. Buna politologiyada liderlik strategiyası deyir­lər. Daha doğrusu isə liderin strategiyası əsasında konkret mərhələnin “yaradılma­sı”ndan söhbət gedir. Məhz bu mənada dünyanın məşhur filosofları, politoloqları, sosioloqları, psixoloqları, kulturoloqları Ümummilli liderdən, “bayraqdar lider”­dən, “super liderdən” bəhs edirlər. Hen­ri Kissincer də vurğuladığımız əsərində “postmüharibə dövrünü yaradan liderlər və onların qlobal düzənə təsiri”ndən ya­zırdı! 

Bizcə, bu qısa izahlar və anlamların təsviri Heydər Əliyev–İlham Əliyev xətti­nin Azərbaycan müstəqil dövlətçiliyi baxı­mından nə dərəcədə əhəmiyyətli olduğu­nu göstərir. Həm də bizə tam əsas verir ki, “postmüharibə dövrü” anlayışı prizma­sında İlham Əliyevin liderliyinin çox vacib bir özəlliyini fəlsəfi və siyasi-nəzəri təhlil edək. Nəyi nəzərdə tuturuq?

Geosiyasi və siyasi memarlar

“Geosiyasi memar” və ya “arxitektor”, “siyasi arxitektor” və ya “dövlət arxitekto­ru” kimi ifadələr məcazdır (metaforadır). “Arxitektor” sözü qədim yunancadan tər­cümədə “baş inşaatçı (və ya qurucu)” an­lamını verir. Bu terminlə yunanlar müxtə­lif obyektləri inşa edənlərin başçısına status verirdilər. Yəni, kimsə bütün qu­ruculuq işlərini ideyadan tutmuş layihə­dən keçərək konkret reallaşmaya qədər olan mərhələdə aparıcı rol oynamalı idi. Burada yaradılan yeni maddi strukturun (məsələn, bunanın, körpününü və ya yolun) layihələşdirilməsi və sistemin təş­kilinə məsul olan mütəxəssisdən söhbət gedir. Təbii ki, burada arxitektorun peşə­kar olması əsas şərtdir. 

Müasir dövrdə politoloqlar və filo­soflar “axitektor” (memar) anlayışını metaforik mənada dövlət qurucularına, yeni milli, regional və qlobal geosiyasi struktur-funksional sistem (və ya mühit) yaradanlara və bütövlükdə, müxtəlif as­pektləri özündə ehtiva edən şəbəkə for­malaşdıran kreativlik keyfiyyətinə malik olan liderlərə aid edirlər. Təbii ki, burada da struktur formalaşdırma ilə yeni siste­min yaranmasının təşkilini həyata ke­çirən funksiyalar vəhdətdə olmalıdır. 

Bu ümumi anlamın işığında “postmü­haribə dövrünün arxitektoru” ifadəsini si­yasi liderlik konktestində təhlil etmək olar. Onun semantik və funksional aspektləri­nin fəlsəfi və siyasi-nəzəri izahını vermək mümkündür.

Yeni dövrün qurucu lideri

Cənubi Qafqazın geosiyasi mənzərə­si və dinamikası kontesktində postmüha­ribə dövrü məsələsi son dərəcə dərin və çox sayda faktorlara bağlıdır. Çünki əsr­lərlə bu regionda formalaşmış geosiyasi arxitekturanı dağıdıb, əvəzində müa­sir tələblərə uyğun olan yeni geosiyasi struktur-funksional şəbəkə yaratmaqdan söhbət gedir. Əlbəttə, bu cür çoxşaxəli yenidənqurmanı yalnız böyük liderlər re­allaşdıra bilərlər. 

Böyük dövlətlərin Cənubi Qafqazda maraqlarının nəinki azalmadığını, hətta, yeni vüsət və məzmunda daha da art­dığını nəzərə alsaq, vəziyyətin qəlizliyi daha aydın olar. Yəni postmüharibə döv­ründə yeni geosiyasi dinamika yaratmaq istəyən lider müxtəlif istiqamətlərdən cid­di maneələrlə rastlaşacaq. Onları aşma­dan nə yaxşı ideyanı və konstruktuv qu­ruculuq proqramını belə həyata keçirmək imkansızdır. 

II Qarabağ savaşından sonra ötən illər göstərir ki, Azərbaycan Preziden­ti İlham Əliyev yeni dövrün arxitektoru kimi çox uğurla fəaliyyət göstərir. Bütün maneələrə baxmayaraq, Azərbaycanın dövlət başçıcı “yeni region” formalaşdırır. Həmin kontesktdə fəlsəfə və politologi­ya üçün çox aktual olan məsələ İlham Əliyevin “postmüharibə dövrü”nü necə məzmunlaşdırmağa çalışdığının əsas əlamətlərini izah etməkdən ibarətdir. Öncə, Azərbaycan Prezidentinin vurğula­nan kontekstdə strateji məqsədinə aydın­lıq gətirməyə çalışaq.

Yeni strateji məqsədlər 

Strateji məqsəd postmüharibə döv­rünün məzmununu müəyyələşdirməkdə­dir. Məhz bu əlamətlərdən çıxış edərək Azərbaycan Prezidentinin postmüharibə dövrünü necə qurması haqqında danışa bilərik. Aydın görünür ki, Prezident İlham Əliyev postmüharibə dövründə Azərbay­canın yalnız sülh, barış, əməkdaşlıq və təhlükəsizliyi birgə təmin etmək kimi fak­torları fəaliyyətinin mərkəzinə gətirmişdir. Bunlar müasir mərhələdə müstəqil Azər­baycan dövlətçiliyinin təkamülü aspektin­də çox vacib məsələlərdir. 

Belə ki, Prezident İlham Əliyev müstəqil Azərbaycan Respublikasının dövlət kimi əsas keyfiyyətini belə müəy­yən etmişdir: regionda müharibə vari­antını istisna edən, sülh, əməkdaşlıq və təhlükəsizliyi qalıcı regional faktorlar statusuna yüksəldən güclü, suveren və müstəqil dövlət! 

Eyni zamanda, İlham Əliyevin vurğu­lanan istiqamətdə göstərdiyi siyasi-dip­lomatik fəaliyyət sülhün, əməkdaşlığın və təhlükəsizliyin sıx qarşılıqlı əlaqədə reallaşdırıldığına dəlalət edir. Yəni vur­ğulanan əlamətlər ayrı-ayrılıqda deyil, diplomatik məharət və real siyasi liderlik vasitəsi ilə məzmunlaşdırılır. Bu aspekt çox vacibdir. 

Məsələ ondan ibarətdir ki, yuxarıda dövrün müəyyən geosiyasi özəllikləri prizmasında Cənubi Qafqazda səmərəli və real dəyişiklik etmək üçün qeyd etdi­yimiz sistemüstü şəbəkə diplomatiyasını formalaşdırmaq lazımdır. Sistemüstü şə­bəkə diplomatiyası geosiyasi arxitektura baxımından son dərəcə vacib olan sülh və əməkdaşlığı milli təhlükəsizliklə re­gional miqyasda əlaqələndirməyi tələb edir. Postmüharibə dövrünün geosiya­si arxitekturası bu “geosiyasi üçbucaq” daxilində struktur-funksional şəbəkəyə çevrilə bilər.

Real olaraq, sülh, əməkdaşlıq və təhlükəsizliyin vəhdətinə nail olmaq çox çətin məsələdir. Burada siyasi-diplomatik müstəvidə həmin faktorlar arasında nis­bəti elə saxlamaq gərəkdir ki, regional miqyasda geosiyasi ahəngdarlıq pozul­masın. Geosiyasi ahəngdarlıq isə mütləq surətdə konseptual səviyyə ilə yanaşı, real fəaliyyət sahəsində ziddiyyətsiz hərəkəti tələb edir.

Öz növbəsində ziddiyyətsiz fəaliy­yət praktikada çox sayda əməkdaşlıq formatları arasında elə əlaqələr qurmaq deməkdir ki, onlar bütöv halda regionun tərəqqisinə xidmət etsin. Məsələnin bu tərəfi praktiki siyasi liderlikdə çox mürək­kəb situasiyada aydın və sadə addımlar­la ümumi mənzərəni mümkün ziddiyyət­lərdən və qeyri-müəyyənliklərdən xilas etməyi nəzərdə tutur. Buradan postmü­haribə dövründə sistemüstü şəbəkə dip­lomatiyasının çox aktual bir məqamına keçid etmək lazım gəlir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət