Hindistanın ən iri dövlət neft şirkətlərindən biri olan Indian Oil Corporation (IOC) Rusiyadan neft idxalını kəskin şəkildə azaltmaqla yanaşı, yeni mənbələrdən enerji təchizatını gücləndirib. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, IOC son partiya çərçivəsində 4,5 milyon barrel ABŞ mənşəli xam neft, 500 min barrel Kanada istehsalı olan Western Canadian Select (WCS) və 2 milyon barrel Birləşmiş Ərəb Əmirliklərinin Das nefti alıb. Bu, şirkət üçün son dövrlərdə qeydə alınan ən iri alternativ neft alışlarından biri sayılır.
Agentlik qeyd edir ki, bu alışlar Rusiya neftinin əvəzlənməsi siyasəti çərçivəsində həyata keçirilir. Xüsusilə ABŞ və Qərb ölkələrinin təzyiqləri fonunda Hindistanın bəzi dövlət müəssisələri Rusiya ilə enerji əməkdaşlığını diversifikasiya etməyə başlayıb. Hazırda Hindistan neft bazarında tədarük marşrutlarını və qiymət sabitliyini qorumaq üçün alternativ mənbələr axtarır.
Ekspertlər bildirirlər ki, Hindistanın enerji təhlükəsizliyini təmin etmək üçün fərqli regionlardan neft idxalı vacibdir. ABŞ və Kanada nefti keyfiyyət baxımından yüksək, qiymət baxımından isə stabil sayılır. Eyni zamanda, BƏƏ-dən alınan neft Yaxın Şərq bazarlarının strateji əhəmiyyətini göstərir.
S.ELAY
XQ