Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
“Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 748 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1. 13-cü maddə üzrə:
1.1. 13.1-ci maddədə “və dövlət zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsini” sözləri “, dövlət zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsini və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.13-cü maddəsinə uyğun olaraq verilmiş büdcə ssudalarının geri qaytarılmasını” sözləri ilə əvəz edilsin;
1.2. 13.2.1-1-ci maddədə “19.2-ci və 19.5-ci maddələrinə əsasən vahid xəzinə hesabının sərbəst qalığının Təminat Fonduna köçürülən hissəsi” sözləri “19.2-2-ci və 19.5-1.3-cü maddələrinə əsasən Təminat Fonduna köçürülən vəsait” sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 14-1-ci maddə əlavə edilsin:
“Maddə 14-1. Büdcə ssudalarının geri qaytarılması üzrə öhdəliklərin icrası
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.13-cü maddəsinə uyğun olaraq büdcə ili ərzində dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə verilən büdcə ssudaları həmin şəxslər tərəfindən il ərzində qaytarıla bilmədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) verilən büdcə ssudalarının bağlanılması (ödənilməsi) üçün Təminat Fondunun vəsaitindən istifadə edə bilər.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul 2025-ci il