Azərbaycanlı alimin kitabı Daşkənddə

post-img

Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Özbək Dilinin İnkişafı Fon­dunun (ÖDİF) və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin təşkilatçılığı, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mə­dəniyyət Mərkəzinin (AMM) iştirakı ilə filologiya elmləri doktoru dosent Elçin İbrahimovun “Türk xalqlarının ümumi əlifbası, imlası və əlaqə dili” adlı əsərinin özbək dilində nəşrinin təqdimatı keçirilib.

Tədbiri ÖDİF-in direktoru, filologiya elmləri doktoru Əzizcan Eminov açaraq Öz­bəkistan Respublikasının dil siyasətindən bəhs edib, ölkədə digər qardaş türk dillərinə də böyük marağın olduğunu bildirib.

AMM-nin əməkdaşı, filologiya üzrə fəl­səfə doktoru Kərimulla Məmmədzadə türk dillərinin populyarlaşdırılması, təbliği və təd­risinin vacibliyini qeyd edib, bu sahədə ger­çəkləşdirilən layihələrdən söz açıb. Mərkə­zin təşəbbüsü ilə Özbəkistanın bir neçə ali məktəbində Azərbaycan dilinin tədrisinə başlanıldığını vurğulayan K.Məmmədzadə gələcəkdə bunun daha da genişləndirilməsi istiqamətində işlərin aparıldığını, dil tədris vəsaitlərinin, danışıq kitabları və lüğətlərin çap edildiyini, dil kurslarının təşkil olundu­ğunu qeyd edib.

“Özbəkistan–Azərbaycan” Dostluq Cə­miyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, universitetin yanında Dövlət Di­linin Tədrisi və İxtisaslaşdırma Mərkəzinin direktoru, dosent İnamcan Azimov, Özbəkis­tan Dövlət Sənət və Mədəniyyət Universiteti­nin professoru Marufcan Yoldaşov təqdimatı keçirilən nəşrin Özbəkistanda aktual olan bir problemə toxunduğunu qeyd edərək, bu əsə­rin ana dilinin istifadəsi, imlası və əlifbası məsələləri sahəsində çalışan mütəxəssislər, tədqiqatçılar, tələbələr üçün çox dəyərli bir mənbə olduğunu vurğulayıblar.

Elçin İbrahimov əsərin kitabın Özbə­kistanda çapının ana dilinin istifadəsində mövcud problemlərin aradan qaldırılması istiqamətində lazımlı mənbə olacağına ümid etdiyini söyləyib, nəşrin ərsəyə gəlməsində zəhməti olan hər kəsə minnətdarlığını bildi­rib.

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Daşkənd

Mədəniyyət