“Karvan”ın rənglər aləmi

post-img

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda “KARVAN” art qrupunun təşkilatçılığı ilə “Portal 13” adlı sərginin açılışı olub. 

Mərasimdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa və sədr müavini, Əməkdar rəssam Ülviyyə Həm­zəyeva, Tacikistan Rəssamlar İttifaqının sədri Nərgiz Həmidova və başqaları işti­rak ediblər. 

Tacikistan Rəssamlar İttifaqının sədri Nərgiz Həmidova burada çoxsaylı sənət­sevərləri görməkdən məmnunluğunu bil­dirib. Azərbaycan və Tacikistan arasında mədəni əməkdaşlığın bundan sonra da yüksək səviyyədə inkişaf edəcəyinə ina­mını bildirib. 

Qeyd edək ki, sərgi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, Mə­dəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə təşkil olunub. Mayın 25-nə qə­dər nümayiş olunacaq ekspozisiya “Por­tal 13” adlanır. “Qapı”, “giriş” mənasını verən bu ad elə ilk andan seyrçilərini san­ki başqa aləmə aparır. Sərginin kuratoru sənətşünas Xanım Rzayevadır. 

2022-ci ildə rəssam Cavid Məmmə­dovun təşəbbüsü ilə yaradılan “KAR­VAN” art qrupunun əsas məqsədi, sər­gidən də göründüyü kimi, incəsənət sahəsində fərqli yaradıcılıq tərzində iş­ləyən, insanların bədii zövqünə təsir et­məklə cəmiyyətə pozitiv enerji impulsları ötürmək niyyətində olan düşüncə sahib­lərini bir araya gətirməkdir. “KARVAN” art qrupu hazırda Azərbaycanda və xaricdə tanınan, özünəməxsus texnikası, üslu­bu, gözəllik idealları ilə sənət əsərlərini ortaya qoyan 13 yaradıcı şəxsi bir araya gətirib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev XQ-yə açıqlamasında bildirdi:

– Mən “KARVAN”çıların ilk sərgilə­rində də iştirak etmişəm. Burada da rəssamların çəkdikləri əsərlərdə kifayət qədər yenilik müşahidə olunur. Müxtəlif janrlarda işlənilən əsərlər maraq doğurur. Düzünü desəm, ilk sərgidən fərqli ola­raq, bu dəfə daha çox düşündürücü ele­mentlərə rast gəldim. Tablo ilə tamaşaçı arasında ünsiyyət yaradan bu əsərlər in­sanların sənət zövqünün və dünyagörü­şünün xeyli zənginləşməsinə kömək edir. 

Fidan HÜQUQQIZI,
Elşən AĞALAROV (foto)
XQ



















Mədəniyyət